Tur-aksiyada iştirak edəcək şagirdlərlə görüş olub

0
11

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Mingəçevir məktəbliləri Lənkaran, Masallı, Astara rayonlarını daha yaxından tanıyacaqlar.

 

Tur-aksiyada iştirak edəcək şagirdlər əvvəlcə Mingəçevir  Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Məktəblilərlə keçirilən görüşdə Mingəçevir İcra Hakimiyyəti səlahiyyətlərini icra edən İlham İsmayılov  çıxış edərək, gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən və dövlət başçısının tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin bilikli, dünyagörüşlü formalaşması, Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir.

 

Mingəçevir şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov çıxışında Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə ətraflı məlumat verərək, məktəblilərə getdikləri bölgə haqqında geniş bilgilər əldə etməyi, yeni dostlar tapmağı, aksiya zamanı keçiriləcək intellektual oyunlarda fəal iştirak etməyi tövsiyə edib və mənalı istirahət arzulayıb.

 

Tur-aksiyada ilk dəfə övladı iştirak edəcək valideyn Vüsalə Səfərəliyeva bir valideyn övladının bu aksiyada iştirakından məmun olduğunu dilə gətirib: ”İnanıram ki, bu aksiyada övladım həm mənalı istirahət edəcək, həm də cənub bölgəsi ilə bağlı kifayət qədər məlumat toplayacaq”.

Tədbirdə Mingəçevir Uşaq Gənclər İnkişaf  Mərkəzinin dram dərnəyinin üzvüləri şeirlər, şən rəqslər nümayiş etdiriblər.

Qeyd edək ki, 40 nəfər Mingəçevir məktəblisi noyabr ayının 18-də ölkəmizin cənub bölgəsi olan Lənkaran, Astara və Masallıya yola düşəcəklər.

Esmira Hidayətova, Mingəçevir