Mingəçevirdə avtoxuliqanlar saxlanılıb

0
6

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində idarə etdikləri avtomobillərlə avtoxuliqanlıq hərəkətləri edən Zaur İsmayılzadə və Müslüm Hüseynov  saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,  noyabrın 16-da gecə saatlarında onlar idarə etdikləri 10 DP 123 və 10 GB 123 dövlət qeydiyyat nişanlı   “Niva”  markalı avtomobillərlə mərkəzi küçələrdə davamlı olaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik göstəriblər. Başqa sözlə desək, onlar yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq ediblər. Digər hərəkət iştirakçılarının da həyatına ciddi təhlükə yaradan sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılıb, barələrində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.

Esmira Hidayətova, Mingəçevir