Tolerantlıq görmək istəyən Azərbaycana gəlsin

0
12

Hər il noyabrın 16-sı dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Fuad Nurullayev “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESCO-nun 50 illiyi münasibətilə təsis edilib: “Məqsəd qurumun nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu mənada ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Yəni Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti respublikamızda yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradıb. Hətta deyərdim ki, ölkəmizdə tək bir gün deyil, hər gün tolerantlıq günü kimi qeyd olunur. Halbuki dünyanın ən demokratik hesab edilən dövlətlərində tolerantlıq məsələsində müəyyən problemlər mövcuddur. Ancaq Azərbaycan öz tolerant yaşam tərzi ilə artıq dünyaya nümunədir. Bu mənada ölkəmiz “tolerant ölkədən tolerant dünyaya doğru” şüarının reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirib. Şübhəsiz, bu, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düzgün strateji xəttin Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin göstəricisidir”.

Ölkəmizdə bütün dinlərin nümayəndələrinə eyni münasibət olduğunu qeyd edən hacı Fuad Nurullayev vurğuladı ki, ölkəmizdə azsaylı xalqların etnosların və müxtəlif dinlərin nümayəndələrinin birlikdə yaşamasına baxmayaraq, dini etiqada hörmət hökm sürür, dinlərarası heç bir ziddiyyət yoxdur. Ümummilli lider Heydər Əliyev xalqımızın bu xüsusiyyətini çox gözəl ifadə edərək belə demişdir: “… Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var”.

Uzun illərdir dağ yəhudilərinin Quba rayonundakı Qırmızı qəsəbədə azərbaycanlılarla birlikdə əmin-amanlıq şəraitində yaşadıqlarını bildirən  İsak Xanukov adına 1 saylı tam orta məktəbin direktoru Yavuşva Simanduyev “İki sahil” qəzetinə açıqlamasında dedi ki, Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin kompakt formada yaşadığı nadir məkandır: “Bu gün Azərbaycanda müxtəlif millətlərə, dinlərə məxsus vətəndaşlar üçün hər cür şərait yaradılıb. Bu ölkədə yaşayan müxtəlif milllətlər müqəddəs saydıqları ocaqlarda dini ayinlərini sərbəst şəkildə yerinə yetirirlər, öz ana dillərində təhsil alırlar. Onları həmişə xeyir məclislərində bir yerdə görmək mümkündür. Hətta bizim din xadimləri azərbaycanlıların, azərbaycanlı din xadimləri də yəhudilərin yas mərasimlərində iştirak edirlər. Halbuki dünyanın heç bir yerində belə bir mənzərə ilə qarşılaşmaq mümkün deyil. Bu, yalnız Azərbaycana xas bir mədəniyyədir. Biz bu mədəniyyətlə fəxr edirik”.

Müsahibimiz çalışdığı təhsil ocağının timsalında da tolerantlıqdan söz açdı: “Məktəbimizdə azərbaycanlılar, yəhudilər, ləzgilər, ruslar və başqa millətlərin nümayəndələri birlikdə təhsil alırlar. Burada da müxtəlif dinlərə məxsus tədbirlərin keçirilməsində heç bir məhdudiyyət yoxdur. Belə ki,  məktəbimizdə müxtəlif dinlərə məxsus – Milad, Novruz və Roş-a-şana bayramları təntənə ilə qeyd olunur. Onu da deyim ki, burada yaşayan hər bir yəhudi Azərbaycan dilini öz ana dili kimi bilir. Fikrimcə, bu da Azərbaycandakı tolerant mühitin göstəricisidir”.

Tolerantlığı Azərbaycanın qiymətli mənəvi-ideoloji sərvətlərindən biri kimi dəyərləndirən Y.Simanduyev bildirdi ki, xaricdən qəsəbəyə gələn qonaqlar sinaqoqları, məktəbi ziyarət edirlər. Onlar buradakı tolerantlığı görəndə heyrətlərini gizlətmirlər. Çünki belə bir mənzərəyə başqa ölkələrdə təsadüf olunmur.

Yeri gəlmişkən, qeyd edim ki, hazırda dünyanın nüfuzlu ali məktəblərində təhsil alan, eləcə də işləyən və hər yerdə fəxrlə “biz Azərbaycandanıq” deyən məzunlarımız Azərbaycan həqiqətlərini dünyaya bəyan edirlər. Bu günlərdə onlardan biri ilə görüşdüm. O bildirdi ki,  tolerantlıqdan söz düşəndə bir qayda olaraq, belə deyir: “Tolerantlıq görmək istəyən Azərbaycana gəlsin”. Fikrimcə, bütün bunlara görə ulu öndər Heydər Əliyevə və onun kursunun layiqli davamçısı Prezident İlham Əliyevə minnətdar olmalıyıq. Yeri gəlmişkən, möhtərəm Prezidentimizin azsaylı millətlərin nümayəndələri ilə mütəmadi görüşləri, söhbətləri, əlamətdar günlərdə  ünvanladığı teleqramları hər birimizi sevindirir”.

Qvami Məhəbbətoğlu,“İki sahil”