Hər kəs bu məsələyə daha məsuliyyətlə yanaşacaq

0
10

Dilimizin saflığının qorunması ilə bağlı ekspertlər hansı fikirdədirlər?

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev noyabrın 1-də “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanda dilimizin saflığının qorunması mühüm vəzifə kimi qarşıya qoyulub və bununla bağlı bir sıra tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub. Tanınmış ziyalılar bu sənədin televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulmasının qarşısını almaqda mühüm rol oynayacağını vurğulayırlar.

“Hər şeydən əvvəl, qeyd etmək istəyirəm ki, bu Fərman ədəbi dilimizin saflığının qorunması və inkişafına dövlətimizin başçısının göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsidir”. Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq artisti Vamiq Məmmədəliyev söylədi. Bildirdi ki, bu gün həqiqətən də dilimizin zəngin imkanlarından düzgün istifadə edilməməsi, məişət danışığından istifadə olunması  hallarına çox rast gəlirik. Bu isə ədəbi dilimizi, əgər belə demək mümkündürsə, öz məcrasından çıxarır. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının aradan qaldırılmasına və yaxud təsirli tədbirlər görməyə imkan vermirdi. Şübhə etmirəm ki, həmin  sənəd bu kimi neqativ halların aradan qaldırılmasında mühüm rol oynayacaq”.

Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan müsahibimiz, həmçinin bildirdi ki, Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında dövlətimizin əsas atributlarından biri sayılan ana dilimizin başlıca amillərdən olduğunu dəfələrlə qeyd edərək deyib ki, bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, milli adət-ənənələrimizdir.

Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı da “İki sahil”ə açıqlamasında belə bir fərmana ehtiyac duyulduğunu  qeyd etdi:  “Həmin fərman əsasında Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsi yaradılacaq ki, bu da çox təqdirəlayiqdir. Güman edirəm ki, bu  qurumun müvafiq pozuntuların qarşısını almaq üçün müəyyən səlahiyyətləri də olacaq. Şübhə etmirəm ki, təşkil ediləcək mərkəz elə bir mexanizmlə işləyəcək ki, qarşıya qoyulan hədəflərə tez bir zamanda çatmaq mümkün olacaq. Yəni  çoxsaylı qəzet və jurnallar, radio-televiziyalar, saytlar, eləcə də reklam şirkətləri ədəbi dilimizdən necə gəldi yararlana bilməyəcəklər. Kimliyindən asılı olmayaraq hər kəs bu məsələyə daha məsuliyyətlə yanaşacaq və bununla da dilimizin saflığını qorumağa çalışacaqlar. Onu da deyim ki, bu prosesdə ziyalılarımızın üzərinə daha böyük məsuliyyət düşür”.

Nəriman müəllim daha sonra dünyanın bir sıra ölkələrinin bu məsələ ilə bağlı təcrübələrindən yararlanmağın vacibliyini vurğulamaqla yanaşı, digər təklifini də verdi: “Düşünürəm ki, Monitorinq Mərkəzi öz işini dilimizin taleyində mühüm rol oynayan digər dövlət və ictimai qurumlarla sıx əməkdaşlıq şəraitində quracaq”.

Müasir uşaq ədəbiyyatının tanınmış simalarından sayılan Qəşəm İsabəyli “İki sahil” açıqlamasında bildirdi ki, bu sənəd dilimizə kənardan daxil olan yad kəlmələrə, dilimizin qrammatikasına uyğun olmayan sözlərə də həssas münasibət bəsləməyi tələb edir: “Dilimizin daha çox özünün daxili zənginlikləri hesabına inkişaf etdirilməsi vəzifələrini qarşıya qoyur. Amma etiraf edək ki, son vaxtlar ədəbi dilimizdə həqiqətən əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Mən bu yerdə Əli Nəzminin bu sözlərini xatırlamaq istərdim. O yazırdı:

“Dil” var ikən gəlin “lisan” deməyək,

Döndərib farscaya “zəban” deməyək,

Hər kəsin var ikən dili, ağızı,

“Ağız”a and içək, “dəhan” deməyək”.

Qəşəm İsabəylinin fikrincə, müstəqilliyimizin ilk illərində televiziya və radio kanallarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında sanki  bir “sərbəstlik” yarandı: “Heç bir jurnalist təhsili almayanlar, ədəbi qabiliyyəti olmayanlar qəzetlər açdılar, radio-televiziyalarda verilişlər apardılar. Bununla da öz bilik dairələri çərçivəsində dilin qızıl qanunlarını ayaqlayıb keçdilər. Nəticədə, məhəlli sözlər, bayağı ibarələr, şit deyimlər ədəbi dilimizə yol açmağa başladı. Şübhəsiz, möhtərəm Prezidentimizin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”  Fərmanı əsasında həyata keçiriləcək tədbirlər ədəbi dilimizdə yaranmış bu kimi narahatlıqları aradan qaldıracaq”.

Müsahibimiz qeyd etdi: “Azərbaycan Milli Elmlər Akademiyası bir ay ərzində “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlayıb Nazirlər Kabinetinə təhvil verməlidir. Artıq Akademiyada, Dilçilik İnstitutunda uyğun mütəxəssislərdən ibarət işçi qrupu formalaşdırılıb və tədbirlər planı üzərində iş aparılır.  “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs isə Azərbaycan Dövlət Dil Komissiyasının tərkibində yaradılacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”