İŞİD-in məhvi Suriya və İraqa sülh gətirəcəkmi?

0
128
ABŞ və Qərbdəki müttəfiqlərinin İraq Şam İslam Dövlətinə ( İŞİD) qarşı apardıqları mübarizə tədricən yeni mərhələyə qədəm qoymaqdadır.
 Bu baxımdan başda ABŞ olmaqla Qərb ölkələrinin İŞİD-ə qarşı mübarizələrini yeni müstəviyə keçirməkdə olduqları diqqəti cəlb etməkdədir. Bunu senytyabr ayının 4-5-də Uelsdə keçirilən NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının sammitində İŞİD-ə qarşı birgə mübarizə barədə razılığa gəlmələri və bununla bağlı müvafiq sənədi imzalamaları bir daha sübut etdi.  Sentyabrın-10-da isə axşam ABŞ prezidenti Barak Obama İŞİD-ə qarşı son həftlərdə səbrsizliklə gözlənilən yeni mübarizə strategiyasını  açıqladı. Obama  açıqlamasında qətiyyətli şəkildə bildirdi ki, əsas məqsəd İŞİD-in məhv edilməsidir. Obama: “Hədəfimiz aydındır. Terrorla mübarizə strategiyası ilə İŞİD-in gücünü azaldacağıq və onu tamamilə yox edəcəyik”,-deyərək  Amerikanın strtaji maraqlarını təhlükə altına alan hər hansı bir qruplaşma və ya dövlətə münasibətdə güzəştə getməyəcəklərini bir daha bəyan etdi.  Obamanın yeni strategiyasında əsas diqqət  İŞİD-ə hava zərbələri endirilməsi və bu yolla onların məhv edilməsinə yönəlib. Bu müstəvidə də yeni strategiyaya əsasən ABŞ İŞİD-ə hava zərbələri endirməkdə davam edəcək. Təsadüfi deyil ki, Obama İŞİD-in harada olmasından asılı olmayaraq onunla mübarizə aparılacağını bildirib. Obama buna paralel olaraq İraqa hərbi mütəxəssislər də göndərəcək. Hərbi mütəxəssislər yerli hərbçilərin hazırlanması və terrorçulara qarşı hərbi əməliyyatların əlaqələndirilməsində kömək edəcək, onları kəşfiyyat məlumatları ilə təmin edəcəklər. Həmçinin ABŞ İraq əhalisinə humanitar yardım göstərəcək. Obama İŞİD-ə qarşı koalisiyanın yaradılmasından bəhs edərək onun sıralarına NATO-dakı tərəfdaşlarının daxil olacağını qeyd edib.Bu arada isə ABŞ prezidenti Barak Obama İraq hökumətinə 25 milyon dollar məbləğində hərbi yardım ayırıb. Vəsait İŞİD qruplaşması ilə mübarizə üçün verilir. Obamanın yeni strategiyasında İŞİD-in islamla heç bir əlaqəsinin olmadığı da öz əksini tapıb. Obama: “ İŞİD-in islamla heç bir əlaqəsi yoxdur”,- deməklə müsəlman dövlətlərini bir qədər sakitləşdirə bilib. Nəhayət, ABŞ lideri İŞİD-lə mübarizədə Suriya hakimiyyəti ilə müttəfiqlik etməyəcəklərini də vurğulayıb:

“Biz Bəşər Əsəd rejiminə güvənə bilmərik. Buna görə də öz müttəfiqlərimizin köməyindən yararalanacağıq. İlk olaraq bu terroçulara qarşı sistemli şəkildə hava zərbələri endirəcəyik”.

 

Hava zərbələri effektli olmaya bilər

Əslində Obamanın İŞİD-ə münasibətində açıqladığı yeni strategiyasında ciddi dəyişiklik də yoxdur. Belə ki, Obamanın əmri ilə son günlər ABŞ hərbi aviasiyası İŞİD-şn mövqelərinə raket-bomba zərbələri endirməkdə davam edirdi. ABŞ prezidenti İŞİD-ə qarşı yeni mübarizə strategiyasını açıqlayana kimi Amerika hərbi aviasiyası  İŞİD-in mövqelərinə 150-dən artıq raket-bomba zərbələri endirərək onların böyük itkilər verməsinə nail olmıuşdu. Bu da eyni zamanda İraq kürdlərinin silahlı dəstələrinə və İraq ordusuna cəbhədə hücuma keçərək bir çox əraziləri İŞİD-dən geri almağa imkan vermişdi. Amma hadisələrin gedişi göstərir ki, İŞİD hələ kifayət qədər güclüdür və onları raket-bomba zərbələri endirməklə  məğlub etmək heç də asan olmayacaq. Bunun üçün quruda da hərbi əməliyyatlara başladılmasına ehtiyac var. Yeri gəlmişkən xatırladaq ki, vaxtı ilə ABŞ İraqda və Əfqanıstanda silahlı qruplaşmaların mövqelərinə güclü hava zərbələri endirdi. Lakin bu yolla Əfqanıstanda və İraqda ABŞ istədiyinə çata bilmədi. Yalnız bundan sonra ABŞ adı çəkilən hər iki ölkədə quruda hərbi əməliyyatlara başlamağa məcbur oldu. Buna baxmayaraq ABŞ-ın yeni İŞİD strategiyasında bu silahlı qruplaşmaya qarşı quru əməliyyatının başladılması nəzərdə tutulmayıb. Obama  bununla əlaqədar qəti şəkildə bəyan edib ki, ABŞ İraqda İŞİD-ə qarşı quruda hərbi əməliyyatlara başlamayacaq. Obama bunun əvəzində İraq ordusunun və kürd silahlı dəstələrinin quru əməliyyatlarının uğurla başa çatdırılmasına ümid edir.

Fransa İŞİD-ə qarşı mübarizəyə qoşulur

Obamanın açıqlamasında diqqəti cəlb edən bir maraqlı məqam də onun İŞİD-ə qarşı hərbi kolasiyaya ABŞ-ın rəhbərlik edəcəyini bəyan etməsi oldu. Bu isə o deməkdir ki, vaxtı ilə Əfqanıstanda və İraqda olduğu kimi İŞİD-ə qarşı həyata keçiriləcək əməliyyatlar planı əvvəlcə ABŞ müdafiə nazirliyində hazırlanacaq, sonra isə müttəfiqlərlə birgə onun reallaşdırılmasına başlanılacaq. Bu müstəvidə ABŞ-ın hələlik əsas müttəfiqi rolunda Fransa çıxış edir. Fransa İraqda İŞİD-ə qarşı hərb əməliyyatlarda yüksək səviyyədə iştirak etməyə hazır olduğunu bildirib. Bu müstəvidə də ötən gün ABŞ və Fransa müdafiə nazirləri Çak Hagellə onun fransalı həmkarı Han-İv le Drianla arasında  İŞİD-ə qarşı birgə mübarizə məsələləri müzakirə edilib. Tərəflər İŞİD-i qarşı birgə mübarizə planı barədə razılığa gəliblər. Buna paralel olaraq Fransa prezidenti Fransua Olland İraqa səfər edərək burada keçirdiiy yüksək səviyyəli görüşərdə İŞİD-ə qarşı mübarizədə Fransa hərbçilərinin iştirakı məsləsi barədə fikir mübadiləsi edib. Bu isə o deməkdir ki, Afrikanın müxtəlif dövlətlərində baş verən hadisələrə münasibətdə olduğu kimi Fransa İraqda da İŞİD-ə qarşı canlı hərbi qüvvədən istifadə etmək niyyətindədir. Fransanın məqsədi isə daha çox İŞİD-ə qarşı mübarizə pərdəsi altında İraqda möhkəmlənmək, ABŞ və İngiltərə ilə birgə gələcəkdə bu ölkənin neftindən öz payını almaqdır.

 

Rusiya narahatdır

Obamanın İŞİD strategiyasında adı çəkilən silahlı qruplaşmanın Suriyadakı mövqelərinə də hərbi aviasiyanın yardımı ilə raket-bomba zərbələri endirilməsi nəzərdə tutulub. Bu isə Rusiya tərəfindən narahatlıqlqa qarşılanmaqdadır. Bunu Rusiyanın məsələ ilə bağlı verdiyi sərt açıqlama da sübut etməkdədir. Belə ki, dünən Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç ABŞ-ı Suriya hökumətiniin rəsmi razılığı olmadan bu ölkədəki İŞİD mövqelərinə zərbələr endirməməyə çapırıb. Lukaşeviç  deyib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının qərarı olmadan “İŞİD-in Suriyadakı mövqelərinə havadan zərbə endirilməsini bu ölkəyə hücum kimi qiymətləndirəcək. Lukaşeviçin fikrincə BMT Təhlükəsizlik Şurasının qərarı olmadan digər ölkənin ərazisinə hücum etmək beynəlxalq hüququn ən kobud şəkildə pozulması deməkdir. Lukaşeviçin son açıqlamasına Rusiya xarici işlər naziri Sergey Lavrovdan da dəstək gəlib.

Sergey Lavrov da İraq və Suriyada İŞİD-ə qarşı əməliyyat həyata keçirən ABŞ hərbi təyyarələrinin Suriya lideri Bəşər Əsədə məxsus hərbi birlikləri vurmasından narahat olduqlarını bildirib: “Bizim Suriya torpaqlarında əməliyyatların yalnız “İslam Dövləti”nə qarşı keçiriləcəyinə dair şübhələrimiz var. Bəşər Əsədin mövqeyini zəiflətmək üçün hökumət qüvvələri də bombalana bilər”.

Bununla bağlı “Nyu York Tayms” qəzeti yazıb ki, ABŞ Suriyadakı İŞİD mövqelərinə elə zərbələr endirməlidir ki, bu Rusiyanın və Əsədin narahatlığına səbəb olmasın. Bununla belə Rusiyanın son narahatlığına ABŞ-ın hansı cavab verəcəyini, Suriyadakı İŞİD mövqelərinə zərbələr endirib-endirməyəcəyini  gələcək göstərəcək.

 

Türkiyə və Səudiyyə Ərəbistanı narahatdır

Türkiyə İŞİD-lə mübarizədə ABŞ-ı dəstəkləsə də, İraqa hərbi qüvvə göndərmək niyyətində deyil. Bununla bağlı ötən gün Türkiyə Baş naziri  Əhməd Davudoğlu bildirib ki, ölkəsi İŞİD-ə qarşı mübaizə məqsədi ilə İraqa hərbi qüvvə göndərməyəcək.

Türkiyə ilə yanaşı Səudiyyə Ərəbistanın da ABŞ-ın İŞİD-in məhvi planına münasibəti

birmənalı deyil. Belə ki, Səudiyyə Ərəbistanı İŞİD-in məhv edilməsinin bölgədə sünnilərin mövqelərinin  zəifləməsinə və  bunun İran yönümlü şiələrin işinə yaraya biləcəyindən narahatdır. Ona görə də Obama dərhal müdafiə naziri Hageli Türkiyəyə, dövlət katibi Con Kerrini isə Səudiyyə Ərəbistanına, İordaniya və İraqa göndərib. ,

Amma İŞİD-ə qarşı mübarizə və onun məhvi bölgəyə, daha dəqiq desək Suriya və İraqa sülh və sabitlik gətirəcəkmi? Buna inanmaq isə çox çətindir…

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here