“Sosial bağlar” – yeni iş yeri, gəlir mənbəyi…

0
16

Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarda bir qayda olaraq, əhalinin sosial müdafiəsinin təminatı əsas hədəf kimi götürülür. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu hədəfə çatmaqda özünüməşğulluq proqramının xüsusilə bölgələrdə işsizliyin, yoxsulluğun aradan qaldırılmasında çox önəmli vasitə, alət olduğunu bildirib. Mütəxəssislərin fikrincə, özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan “Sosial bağlar” layihəsi də əhalinin rifahının yaxşılaşdırılmasına öz töhfəsini verməkdədir.

Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair imzalanan memoranduma əsasən icra olunur. Cari ilin sonunadək reallaşacaq həmin layihə çərçivəsində 41 rayon (Tərtər, Ağdam, Bərdə, Füzuli, Quba, Xaçmaz, Qusar, Siyəzən, Şabran, Ağdaş, Kürdəmir, Yevlax, Beyləqan, Ucar, Salyan, Sabirabad, Qobustan, Ağsu, İsmayıllı, Şəmkir, Daşkəsən, Samux, Ağstafa, Qazax və s.) üzrə 125 ailə üçün təsərrüfatlar təşkil edilir. Daha doğrusu, sosial cəhətdən həssas qruplar üçün meyvə bağları salınır, tərəvəz və bostan məhsulları istehsalı üçün şərait yaradılır. “Sosial bağlar” layihəsi iştirakçılarından 30 nəfər şəhid ailəsi üzvləri, 28 nəfər əlilliyi olanlar, qalanları aztəminatlı ailələrin üzvləridir.

Qeyd edək ki, Quba, Xaçmaz, Qusar, Siyəzən, Şabran rayonlarında 17 nəfər üçün bu layihə çərçivəsində bağ sahələrinin salınması nəzərdə tutulub. Bu layihədən faydalananlardan biri Quba rayonunun Alpan kənd sakini Ziya Zahir oğlu Kamilovdur. O, “İki sahil”ə açıqlmasında bildirdi ki, bu pilot layihə ona gəlir əldə etmək və maddi rifahını yaxşılaşdırmaq imkanı verəcək: “Layihənin sosial-iqtisadi əhəmiyyəti həm də ondan ibarətdir ki, bu, qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına dəstək olacaq, həm də ölkəmizin kənd təsərrüfatı məhsullarının idxalından asılılığının azalmasına müəyyən töhfə verəcək. “Sosial bağlar” layihəsi eyni zamanda mənim kimi şəxslərin ailə bizneslərinin qurulmasına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artmasına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.

Yeri gəlmişkən, mənim qardaşım Fuad Kamilov Xocalı faciəsindən sonra  ordu sıralarına yazılıb və  Füzuli, Laçın, Goranboy rayonlarında, həmçinin  Şuşada erməni qəsbkarlarına qarşı vuruşub. Bu döyüşlərdə o, ayağından və qolundan yaralanıb. Qardaşım Fuad müalicədən sonra yenidən ön cəbhəyə yollanıb. Kəşfiyyat bölümünün komandiri kimi 1994-cü ildə Füzuli rayonunun Qorqan kəndi uğrunda gedən döyüşdə ağır yaralanıb və yanvarın 29-da şəhid olub”.

Ailə tərkibi 5 nəfərdən ibarət olan Ziya Kamilov vurğuladı ki, artıq ona məxsus 60 sotluq ərazi bar verməyən, qurumuş ağaclardan, o cümlədən kötüklərdən, kollardan təmizlənərək, şumlanıb, həm də çəpərlənib. Bütün bu işlər həmin layihəni icra edənlər tərəfindən həyata keçirilib: “Bu ildən etibarən Qubanın iqtisadiyyatına daha bir sahə daxil olub – fındıqçılıq. Yeri gəlmişkən, möhtərəm Prezidentimizin tapşırığına əsasən, ixrac potensialı yüksək sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi məqsədilə Quba rayonunda da məqsədyönlü işlər aparılır. Odur ki, mən də fındıq bağının salınmasına üstünlük verdim. Bildiyiniz kimi, fındıq strateji məhsul sayılır. Belə ki, bu məhsula həm ölkəmizdə, həm də xaricdə tələbat var. Yaxın günlərdə fındıq tingləri gətiriləcək və əkiləcək. İnşallah, iki ildən sonra buradan ilk meyvə yığılacaq. Onu da deyim ki, sahəyə aqrotexniki qulluq, suvarma, təlimləndirmə, logistika və hazır məhsulun marketinqinin təşkilində, eləcə də digər sahələrdə  bizə dəstək göstəriləcək”.

Ziya Kamilov əmindir ki, yeni salınacaq bağ gələcəkdə onun həm yeni iş yeri, həm də gəlir mənbəyi olacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”