“Birinci dəstədə “kasıbların kasıbıyıq” deyə bilərik”

0
339

I Divizionun iki klubu “Neftçala” və “MKT-Araz”ın hazırkı durumu ilə bağlı sizi məlumatlandırdıq. Bu dəfə isə bu liqada iştirak edən 3 komandanın – “Şuşa”, “Lokomotiv” və “Zirə”nin hazırlıq səviyyəsi və maliyyə durumunu araşdırdıq.

 

“Oyunlar ən böyük məşqlərdir”

Novruz Əzimov (“Lokomotiv”in baş məşqçisi): “Şuşa” ilə (0:0) ilk turun oyunu haqda nəsə demək çətindir. Biz cəmi 5 günlük məşqdən sonra bu matça çıxdıq. Bu qədər az vaxt məşqdən sonra oyundan nəsə gözləmək ədalətli deyil. Bunu şikayət olaraq demirəm. Gərək bir neçə oyun keçirək, daha sonra nəsə demək rahat olar. Biz heç yoxlama görüşü də keçirmədik. İlk turun nəticələri həmişə aldadıcı ola bilər. Keçən il yadınızdadırsa, “Kəpəz” ilk turda 5:0 hesabı ilə “Ağsu”nu məğlub etmişdi. Açığı, 1-ci divizionu izləmirdim, ancaq “Kəpəz”in qalibiyyəti yadımdadır. Çempionatın gedişatında daha yaxşı olacaq. Oyunlar ən böyük məşqlərdir. Bizə daha çox məşq etmək lazımdır. Məşqlərdən sonra matçlara çıxmasaq, kimin nəyə qadir olduğunu görə bilmərik. Bizim də hədəfimiz odur ki, layiqli futbolçular yetişdirək və Azərbaycan futboluna xidmət edək. Bu sahədə əlimizdən gələni edərək, yuxarı pillələrdə olmaq istəyirik”.

 

“Bir şuşalıdan başqa, heç kim bizə dəstək olmayıb”

Nadir Qasımov (“Şuşa”nın baş məşqçisi): “İlk oyunumuz idi, mənə elə gəlir ki, çox maraqlı matç oldu. Yeni dəvət etdiyim futbolçuları daha yaxından tanıyaraq, nəyə qadir olduqlarını gördüm. Mən bu komandanın gələcəyini görürəm, yəni ümid vəd edir. Bu yaxınlarda komandanı daha yaxşı görəcəksiniz. Dəvət etdiyim 2 futbolçu özünü çox yaxşı göstərdi. Bu, təkcə mənim fikrim deyil, oyunu izləyən mütəxəssislər də eyni fikrdə idilər. Çempionata uzun müddət deyil hazırlaşırıq, çünki bunun üçün həm maliyyə vəsaiti lazımdır. Maddi vəziyyətimiz ürəkaçan deyil. Ona görə də həmişə Bakıda oluruq. Cəmi iki həftəlik yaxın dostlarımızın köməkliyi sayəsində Bakıda dəniz kənarında məşqlərimizi keçirdik. Komandadan 6 futbolçu ayrıldı. Onların yerini doldurmağa çalışırdıq. İşimizi elə qurduq ki, çempionata başlayana qədər klub tam püxtələşsin. Təlim-məşq toplanışlarımızın hamsı “İnter Arena”nın meydançasında keçdi. Əlbəttə istərdik ki, normal klub kimi, problemimiz olmadan məşqlərimizi keçək. Əfsuslar olsun ki, çətinliyimiz var. Səfərlərə oyun günü getmək bizi çox yorur. İmkan olsa, bir gün əvvəlcədən getsək, futbolçular dincələr və daha yaxşı olar. Ümid edirəm ki, şuşalılar bizi eşidərək, şəhərimizn adına olan kluba köməklik edərlər. Təəssüf ki, bir şuşalıdan başqa, bu vaxta qədər heç kim əlini çırmalayıb hansısa bir işdə bizə dəstək olmayıb. “Azərtaxıl”ın rəhbəri Zeynal müəllim bizə ötən il xeyli köməklik etdi. Lakin tək əldən səs çıxmır. Bu müəssisə də həmişə köməklik edə biləcək gücdə deyil. Sizin vasitənizlə Zeynal müəllimə öz təşəkkürümü bildirirəm. Bizə dəstək olunsa, inanılsa, Azərbaycan futboluna layiqincə xidmət edərik. Bizə çox maliyyə lazım deyil, nəqliyyat vasitəmiz, yol xərclərimiz və digər ehtiyaclar qarşılansa, komanda daha yaxşı çıxış edə bilər. Bunlar olandan sonra həm də U-19 və U-21-ə futbolçu verə bilərik. Şükür Allaha, zəif komanda deyilik. Birinci dəstədə “kasıbların kasıbıyıq” deyə bilərik. Ona görə də, bəzi şeylər çox çətin olur. Cavan futbolçular vitaminli qidalanmalıdır, maddi ehtiyacları qarşılanmalıdır. Lakin aldıqları 250-300 manatla bunu edə bilmirlər. Futbolçunun bu ehtiyacları həll olunandan sonra yaxşı məşq edir və nəticə əldə olunur. Peşəkar klub hər gün səhər və axşam olmaqla, iki dəfə məşq etməlidir. Futbolçu itirdiyi enerjinin əvəzinə vitamini qəbul etməyə imkanı çatmırsa, o qədər məşq edə bilmir. Buna baxmayaraq, biz futbolçu yetişdirərək Azərbaycan futboluna xidmətimizə davam edirik. AZAL və “Rəvan”a bu il 19 yaşlı iki futbolçu vermişik. Bundan əlavə, birinci divizionun güclü komandalarından olan “Neftçala”ya da futbolçu vermişik. Bu klub da gələn il üçün Premyer Liqaya hazırlaşır. Biz özümüz belə güclü futbolçulardan uzun müddət bəhrələnə bilmirik. Çünki gənc uşaqlardır, bunlar da pul qazanmaq, daha yaxşı məşq edərək, lazımi səviyyədə olmaq istəyirlər. Dediklərimi səhv başa düşməyin. Bu, Azərbaycan klubudur, özü də Şuşamızın adını daşıyır. İmkanı olanlar dəstək verməlidirlər. Onu da qeyd edim ki, AFFA bizə kömək olmasaydı, heç bu səviyyədə də ola bilməzdik. Buna görə də, AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm”.

 

“Maliyyə durumumuz yaxşıdır”

Bəhram Şahquliyev (“Zirə”nin baş məşqçisi): “MOİK-lə (1:0) qarşılaşma ilk oyun olduğundan, həyəcan var idi. Ümumilikdə pis oynamadılar, futbolçularımdan razı qaldım. Bəzi qol vəziyyətlərimiz oldu, dəyərləndirə bilmədik. Qələbə ilə başlamağımız bizi çox sevindirdi. Baxmayaraq ki, az vaxt ərzində hazırlıqlar keçmişik. Bunun da səbəbi odur ki, komanda sıfırdan başlayıb. Futbolçular yox idi, yavaş-yavaş oyunçular dəvət etdik, komandanı qurduq. İstənilən səviyyədə məşqlərimiz olmayıb, get-gedə oyunçular bir-birlərinə alışacaqlar, daha a yaxşı oyun nümayiş etdirəcəyik. Nə problemlərimiz varsa, oyunlar olduqca daha yaxşı görəcəyik. Bunu futbolçular oynayadan sonra daha yaxşı görə biləcəyik. Hələlik yaxşı komanda formalaşdırmaq, güclü futbolçu yetişdirmək istəyirik. Yaxşı təlim-tərbiyəli futbolçu yetişdirə bilsək, nəticə özü gələcək. Maliyyə durumumuz yaxşıdır, rəhbərliyimizə təşəkkürümü bildirirəm. Zirə Olimpiya Kompleksində məşq edirik, şəraitimiz yaxşıdır. Öz avtobusumuz var, bunun da bizə çox faydası olur, istədiyimiz yerə rahat gedib-gələ bilirik”.

RASİM MƏMMƏDLİ

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here