“20 minlik stadionda təhlükəsizliyi təmin edə bilmiriksə, 40 min azarkeş olanda nə edəcəyik?”

0
222

Azərbaycanda futbola ən çox marağın olduğu bölgələrdən biri də, sözsüz ki, Lənkərandır. Ümumiyyətlə, bizdə ən önəmli çempionat oyunlarında belə, azarkeş dəstəyi çox zəif olur. Ancaq bir qarşılaşma istisnadır. Bu, “Neftçi” – “Xəzər Lənkəran” matçlarıdır. Bu iki komanda arasındakı münasibətdən və gərginlikdən söhbət açmaq artıq olar. Təkcə bu iki klubun azarkeşləri yox, bütün ölkəmizdə futbolsevərlər bu komandaların oyunlarına böyük maraq göstərir. Ancaq AFFA-nın qəbul etdiyi qərara əsasən, cari mövsümdə də bu komandaların görüşləri zamanı qonaqlar azarkeş dəstəyindən məhrum olacaqlar. Bu isə istər-istəməz ajiotajı, atmosferi “öldürür”. Bəs görəsən, klub nümayəndələri bu haqda nə düşünürlər. Biz də “Neftçi” – “Xəzər Lənkəran” görüşü öncəsi həm hər iki komanda, həm də Peşəkar Futbol Liqasının rəsmisinin verilən qərara münasibətini öyrəndik.

 

“Bu məsələdə “Neftçi”nin edə biləcəyi heç bir şey yoxdur”

Elnur Əşrəfoğlu (“Neftçi”də prezidentin müşaviri): “Bu, AFFA tərəfindən verilmiş bir qərardır. Bilirsiniz, məlum hadisələrdən sonra (kubokun final oyunu) verilən qərardır. Biz sadəcə olaraq, bu qərara hörmətlə yanaşırıq. Bu məsələdə “Neftçi”nin edə biləcəyi heç bir şey yoxdur. Bu qərar “Xəzər Lənkəran”la yanaşı, həm də “Neftçi”nin əleyhinədir. Çünki bizim azarkeşlər də bunun əziyyətini çəkirlər. Bu məsələnin alternativ yolu odur ki, həm biz, həm də “Xəzər Lənkəran” nümayəndələri AFFA rəsmiləri ilə birlikdə masa arxasına keçərək danışıqlar aparaq və bunun həlli yolunu tapaq. Hələlik isə bu qərara riayət etmək lazımdır. Təbii ki, belə qərarın verilməsinin səbəbi hər hansı bir insidentin baş verməsidir. Bu, bir növ cəza tədbiridir, amma daimi ola bilməz. Düşünürəm ki, azarkeşlər də nəticə çıxararaq, bundan sonrakı oyunlarda komandalarını dəstəkləmək üçün nizam-intizam qaydalarına əməl edərlər. Belə qərarları təkcə bizim futbol federasiyası vermir. Bu, digər ölkələrdə də yaşanmış problemdir. Məsələn, qardaş Türkiyə derbilərində də belə qərarlar verilir. Hətta Türkiyədə, ümumiyyətlə, tamaşaçısız oyun qərarı verilir. Futbol federasiyamız da bir xeyri olması üçün bu qərarı verib”.

 

“İtirən “Xəzər Lənkəran” olur”

Hüseyn Cəbrayıloğlu (“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri): “Əvvəlki illərlə müqayisədə azarkeşlərin çılğınlığı nisbətən azalmışdı. Ona görə də, futboldan kənar bir hadisənin baş verəcəyinə inanmıram. Bu qadağa bu il ləğv olunsaydı, daha doğru olardı. Derbilərdə istər-istəməz həyəcan olur, bu da çox normal hadisədir. Bunun qarşısını almağa çalışmaq lazımdır. İstənilən halda itirən “Xəzər Lənkəran” olur. Lənkərandakı oyuna “Neftçi”nin ən yaxşı halda 200-ə yaxın azarkeşi gəlirsə, bizim Bakıdakı matça ən azı 4000-5000 azarkeş gəlir. Bu azarkeş dəstəyi bizim üçün çox önəmlidir. İndiyə qədər Lənkəranda heç bir “Neftçi” azarkeşinin burnu qanamayıb. Gələn azarkeş qrupu çox güclü polis mühafizəsində olur. Bu qorunma ilə də Lənkərandan gedirlər. İstər daxili qoşunların əsgərləri, istərsə də polis mühafizə xidmətinin əməkdaşları ola biləcək hadisələrin qarşısını alırlar. Bu qərar veriləndən sonra müzakirə etməyə də əslində ehtiyac yoxdur. Sadəcə olaraq, bundan sonra nə etmək olar, onu düşünmək lazımdır. Sonuncu dəfə “Neftçi” Lənkərana gələndə hətta öz klubumuzun mühafizəçilərini də göndərmişdik ki, qonaqları qorusunlar. Biz təhlükəsizliyə həmişə riayət etmişik, bundan sonra da hazırıq. Bundan əlavə, düşünmək lazımdır ki, Azərbaycan derbilərində ən çox halda 15-20 min azarkeş olur. Əgər biz 20 minlik azarkeşin təhlükəsizliyini təmin etməkdə çətinlik çəkiriksə, 40 min azarkeş olduğu zaman nə edəcəyik? Onda oyun keçirməmək lazımdır? Bu, mənim şəxsi düşüncələrimdir. Bunun başqa bir həll yolu tapılmalıdır. Çünki bizdə olan əcnəbi futbolçular derbilər haqda məlumat almaq istəyəndə görsələr ki oyunlarda az sayda azarkeş olur, derbiyə və oyunlara olan maraqları azalacaq”.

 

“Bunun azarkeşlərin özlərinə də faydası var”

Aslan Şahgəldiyev (PFL-in mətbuat xidmətinin rəhbəri): “Bilirsiniz ki, İntizam Komitəsi tərəfindən artıq bu qərar qəbul olunub. Qərar qəbul olunandan sonra da icra etməyə məcburuq. Bu məsələyə hər hansı bir fikir bildirməyə ehtiyac yoxdur. Təbii ki, bu qərar verilibsə, nə isə düşünülüb. Hər hansı iğtişaşın və qarışıqlığın qarşısının alınması üçün belə bir qərar verilib. Bu oyunlarda qonaq komanda azarkeşi olmayacaq. Buna hörmətlə yanaşıb, yerinə yetirməliyik. Bu qərar bilirsiniz ki, son hadisələrdən sonra qəbul olundu. Bunun azarkeşlərin özlərinə də faydası var. Çünki burada tərəfdarlardan başqa heç kim əziyyət çəkmir. Bu qərarı qəbul edən insanlar da peşakar mütəxəssislərdir və araşdırma nəticəsində hələlik belə məsləhət görüblər”.

RAMİZ MƏMMƏDLİ

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here