MDU-nun tələbələri uşaqları sevindiriblər

0
218

Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin tələbələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs Uşaq Nevroloji Sanatoriyasının sakinlərini ziyarət ediblər. Tələbələr özləri ilə gətirdikləri ərzaq və geyim ləvazimatlarını balaca sakinlərə hədiyyə ediblər. Uşaqlar tələbələri şadyanalıqla qarşılayıblar. Sevinclərinin həddi-hüdudu olmayan uşaqlar tələbələri qucaqlayır, doğmaları kimi qəbul edirdilər. Tələbələr də onları oxşadır, yeni geyimlərini onlara geyindirir, sevinclərinə şərik olur, onlara qulluqlarını əsirgəmirdilər. Nevraloji sanatoriyanın xidməti heyəti tələbələrə kömək edir, uşaqların sevincinə rəng qatmağa çalışırdılar.

Şöbə müdiri Sevinc Abbasovanın verdiyi məlumata görə, sanatoriya 30 ildən çoxdur ki, fəaliyyət göstərir. 2015-ci ildən sanatoriya yeni binaya, hazırda fəaliyyət göstərdiyi ünvana köçürülüb. Burada 22 uşağa xidmət göstərilir. Onlardan 5 nəfəri məktəbə gedir, lakin onların da nevroloji problemləri var. Digərləri hələ həm az yaşlıdır, həm də sağlamlıqları oxumağa imkan vermir. Uşaqlarla 58 nəfərlik heyət məşğul olur. Onlardan 4 nəfəri həkim, 15 nəfəri tibb bacısı, digərləri dayə və xadimələrdir. Sevinc Abbasovanın sözlərinə görə, sanatoriyada tibbi sığorta tətbiq edilən regionlar üzrə, Mingəçevir şəhərindən, Yevlax və Ağdaş rayonundan olan uşaqlar üçün müayinə-müalicə aparılır. Sanatoriya 18 yaşına qədər olan uşaqlar nəzərdə tutulub. Qeyd etdi ki, uşaqların ikisinin valideyni ümumiyyətlə məlum deyil, yəni atılmış uşaqlardı, digərlərinin isə valideynləri var, lakin uşaqlar nevroloji xəstəliklərdən əziyyət çəkdikləri üçün burada müayinə və müalicə olunurlar.

Sevinc Abbasova bildirdi ki, Nevroloji sanatoriyanın ən ağır xəstəsi Qismət Əliyevdir. Uşaq serebral iflicin ağır forması ilə yataq xəstəsidir. Onun sözlərinə görə Nevroloji Sanatoriya Mərkəzi Xəstəxana tərəfindən dərman, geyim və qida ilə yaxşı təchiz olunur. Sanatoriyada gigenik təmizlik, müayinə, müalicə, masaj, fizioterapik xidmət həkim və tibbi personal tərəfindən yüksək səviyyədə göstərilir. Sanatoriyada uşaqlarla əsasən pediator, psixoloq, loqaped, məktəbə gedən uşaqlarla şahmat və ingilis dili müəllimləri məşğul olurlar. Sanatoriya 4 yataq, 2 dərs, 2 həkim, oyun, prosedur, masaj və iynə, mətbəx, anbar, hamam və ayaqyolu otaqları ilə təchiz olunub.

Qeyd edək ki, sanatoriyada istər xidməti heyət, istərsə də şərait yüksək səviyyədə təşkil olunub. Müasir avadanlıqlarla təchiz olunan sanatoriyada uşaqların rahatlığı və müalicəsi üçün əlverişli şərait yaradılıb.

Esmira Hidayətova, Mingəçevir.