İstanbul derbisində 40-cı heç-heçə

0
59

Noyabrın 2-də futbol üzrə Türkiyə Superliqasının XI turunda “Qalatasaray” komandası İstanbul derbisində əzəli rəqibi “Fənərbağça”nı qəbul edib. “Türk Telekom Arena”da keçirilən matçda hesabı 31-ci dəqiqədə “Qalatasaray”ın futbolçusu Rayan Donkun vurduğu qolla meydan sahibləri açıblar – 1:0. Fasilədən dərhal sonra – görüşün 49-cu dəqiqəsində Martin Linnes ikinci topu qonaqların qapısından keçirib. Lakin “Fənərbaxça” futbolçuları hesabı bərabərləşdirməyə nail olublar. Əvvəlcə 66-cı dəqiqədə Matyö Valbuenanın 11 metrlik cərimə zərbəsindən vurduğu qolla hesab arasındakı fərq azalıb. Bundan altı dəqiqə sonra isə M.Valbuenanın məhsuldar ötürməsini braziliyalı Jailson qola çevirib – 2:2. Oyunun sonlarında hər iki komandanın real qol vəziyyətləri yaratmasına baxmayaraq, hesab dəyişməyib. Beləliklə, gərgin idman mübarizəsi şəraitində keçən oyun heç-heçə yekunlaşıb.

Oyunun baş hakimi Fırat Aydınus komandaların futbolçularına beş sarı kart göstərib.

Qeyd edək ki, Fatih Terimin çalışdırdığı “Qalatasaray” xalını 20-ə çatdıraraq 2-ci pilləyə yüksəlib. Ağır günlərini yaşayan “Fənərbaxça” isə 10 xalla 15-ci sırada qalıb.  Turnir cədvəlinə 21 xalla (10 oyuna) “Başakşəhər” başçılıq edir. “Kasımpaşa” 19 xalla (10 oyuna) 3-cüdür.

Xatırladaq ki, ötən mövsüm bu komandalar arasında “Türk Telekom Arena”da oynanılan görüşdə hesab açılmamışdı.

“Qalatasaray” və “Fənərbağça” indiyədək Superliqada 122 dəfə qarşılaşıb. Bunlardan 50 oyunda “Qalatasaray”, 33-də isə “Fənərbağça” üstün olub. 39 matçda qalib müəyyənləşməyib.