Yeni laboratoriyada hər il 2-3 milyon ting yetişdiriləcək

0
7

Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda artıq biotexnologiya laboratoriyası da fəaliyyətə başlayıb. Bu günlərdə, daha doğrusu, oktyabrın 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Qubaya səfər edərkən həmin laboratoriyanın fəaliyyəti ilə da tanış olublar. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Vahid Əliyev bizimlə söhbətə bu tarixi hadisə ilə başladı: “İnstitutumuzun əməkdaşları həmin gün, sözün həqiqi mənasında, tarixi anlar yaşadılar. Belə ki, 92 yaşlı müəssisəmizə ilk dəfə idi ki, ölkə Prezidenti gəlirdi. Şühbəsiz, bu görüş institutumuz, eləcə də onun hər bir əməkdaşı üçün  bir unudulmaz tarixə cevrildi. Qeyd edim ki, məhz möhtərəm Prezidentimizin Sərəncamına əsasən, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun inzibati-laboratoriya binası əsaslı təmir edilib, həm də yardımçı təsərrüfat binaları tikilib. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki, su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılıb. Laboratoriyalarda mikroklonal üsulla çoxaldılaraq kökləndirilmiş bitkilərin böyüdülməsi və uyğunlaşdırılması məqsədilə xüsusi istixana-tingçilik kompleksi tikilib. Möhtərəm Prezidentimiz İnstitutumuzda olarkən onların yetişdirilməsinə və bəslənilməsinə baxdı və bizə öz tövsiyələrini verdi”.

V. Əliyev daha sonra yeni biotexnologiya laboratoriyasının ölkəmizin iqtisadi həyatında oynayacağı roldan danışdı: “Bu laboratoriya respublikamızda meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, biotexnologiya laboratoriyası tingçiliyin inkişafını sürətləndirməklə yanaşı,  tingə olan tələbatımızı yerinə yetirəcək və yaxın illərdə ting idxalının qarşısını alacaq”.

Müsahibimiz, həmçinin qeyd etdi ki, hazırda ölkəmizdə yetişdirilən klassik tinglər müasir tələblərə tam cavab vermir: “2016-cı ildən başlayaraq Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik təsərrüfatında calaqaltıları xaricidən gətirilməklə ildə 700 minə yaxın modern ting istehsal edilir. Bu tinglərin əsas üstünlüyü ondadır ki, onlar vegetativ üsulla çoxaldılan virussuz törə boylu calaqaltılar üzərində yetişdirildiyinə görə ağacları yığcam çətirə malik olur və köhnə üsulla becərilən tinglərdən daha tez məhsul verməyə başlayır. İnstitutumuzda yeni yaradılan biotexnologiya laboratoriyası bizə imkan verir ki, özümüz bu calaqaltıları yetişdirək, bununla da xarici ölkələrdən asılılığı aradan qaldıraq. Bu da meyvəçiliyin əsası sayılan tingçilikdə mühüm dönüş sayılmalıdır. Daha doğrusu, calaqaltıların yetişdirilməsi ölkəmizdə superintensiv tipli yeni meyvə bağlarının salınmasında istifadə olunan tinglərə tələbatı ödəməyə imkan verəcək. Üstəlik, fermer və sahibkarların xərclərini azaldacaq, onlara daha çox əlavə vəsait qazandıracaq”.

V. Əliyev laboratoriya şəraitində yetişdirilən bitkilərdən də söz açdı: “Mikroklonal üsulla calaqaltılrın yetişdirilməsi bir neçə mərhələdə həyata keçirilir. İlk öncə ana bitkidən nümunə  götürülərək sterilizə olunur və hazırlanmış qidalı mühitə əkilir. İkinci mərhələdə “in vitro” şəraitdə çoxaltma yerinə, bundan sonra isə nümunələr (eksplantlar) kökləndirilmək üçün yeni qida mühitinə əkilir. Kökləndirilmiş bitkilər substrata əkilərək  istixanaya köçürülür, bitkilərin boyu 30-35 sm olana qədər orada bəslənilir. Bitkiləri açıq şəraitə alışdırmaq üçün onlar müvəqqəti olaraq 10-12 gün tor  kölgəlik altında saxlanılır. Ümumilikdə bu proses 4-5 ay çəkir. Bundan sonra onların sahə həyatı başlayır. Bununla da onlara istənilən meyvə bitkisi calaq olunaraq ting yetişdirilir”.

Vahid Əliyev bildirdi ki, hər il ölkəmizdə 5 milyon ədəd tumlu və  çəyirdəkli meyvə tinglərinə ehtiyac var: “Respublikaməzda isə istər özəl, istər də dövlət müəssisələrində az miqdarda ting istehsal olunur. Odur ki, bunun çox hissəsi xaricdən – Türkiyədən və İspaniyadan gətirilir. İnstitutumuzun yeni biotexnologiya laboratoriyası hər il 2-3 milyon ting yetişdirməya imkan verəcək. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq. Bununla yanaşı, məndə olan məlumata görə, hazırda bir sıra fərdi sahibkarlarla özəl biotexnologiya laboratoriyalarının yaradılması istiqamətində də danışıqlar aparılır. Zənnimcə, 3-4 belə mərkəz qurularsa, ting idxalının qarşısını tam almaq mümkün olar”.

Müsahibimiz söhbətinin sonunda institutun xarici ölkələrlə olan əməkdaşlığından da söz açdı: “Elmi-tədqiqat müəssisəmiz Almaniyanın Meyvə və Bitkilərin Seleksiyası Elmi-Tədqiqat İnstitutu, Belarusun Meyvəçilik Elmi-Tədqiqat İnstitutu və Kənd Təsərrüfatı Akademiyası, İngiltərənin “Meosis” Elmi-Tədqiqat Şirkəti, İspaniyanın “Viveros-veron” Tingçilik və Tədqiqat Şirkəti, Çinin “Anxoy” Aqrar Universiteti və Fransanın meyvəçiliklə məşğul olan “Luare” Kənd Təsərrüfatı Palatası ilə əməkdaşlıq edir”.

Qvami Məhəbbətoğlu“İki sahil”