Bu gün kənd təsərrüfatı işçilərinin peşə bayramıdır

0
6

Qədim əkinçilik mədəniyyətinə malik olan Azərbaycanın aqrar-sənaye sektoru ötən illərdə  kompleks islahatlar nəticəsində əsaslı inkişaf yolu keçib. Peşə bayramlarını qeyd edən kənd təsərrüfatı işçiləri aqrar islahatların dolğun reallaşması və  respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylərini əsirgəmirlər…

Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində MDB məkanında aqrar-sənaye kompleksində  ən cəsarətli islahatlara ilkin olaraq Azərbaycanda başlandı. Əksər MDB ölkələrinin də dərindən maraqlandıqları, nümunəvi  model xarakter alan həmin proses tezliklə haqlı olaraq “Heydər Əliyev aqrar islahatı” kimi tarixə düşdü. 1997-ci ildən  aqrar islahat prosesi sürətləndi. 2003-cü ildən isə Prezident İlham Əliyev respublikamızın aqrar-sənaye kompleksinin inkişafında əsaslı irəliləyişə təkan verdi. Dövlət aqrar bölmədə çalışan sahibkarlara yeni texnikaların əldə olunmasına, yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, toxum və ting istehsalına, gübrə satışına və digər silsilə məqsədlərə görə yardım və subsidiyalar ayırdı, həmçinin, olduqca güzəştli şərtlərlə kreditlər verdi. Fermerlər torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edildi.

2015-ci ildə ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olundu və müvafiq tədbirlər planı müəyyənləşdirildi. 5 istiqaməti əhatə edən 50-dən çox tədbirin icrasına başlanması aqrar islahatların sürətləndirilməsinə təkan verdi. Dünyada maliyyə və iqtisadi böhranın hökm sürməsinə baxmayaraq ötən illərdə respublikamızda kənd təsərrüfatına dövlət dəstəyi əsaslı şəkildə gücləndirildi. Ən başlıcası, Prezident İlham Əliyevin tapşırığına əsasən kənd təsərrüfatına ayrılan dövlət yardımları sahəsində şəffaflığın artırılması istiqamətində də kompleks tədbirlər həyata keçirilir. Ən mühüm tədbirlərdən biri də Azərbaycanda son məhsula görə subsidiyaların verilməsi mexanizminin tətbiqinə başlanmasıdır. Süni mayalanma yolu ilə əldə edilmiş hər bir buzova görə subsidiya da bu mexanizm əsasında verilir. “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması üçün ötən qısa müddətdə Avropa İttifaqı təcrübəsi nəzərə alınmaqla və beynəlxalq ekspertlərin də cəlb olunması ilə geniş miqyaslı işlər görülüb. Kənd Təsərrüfatı Nazirliyinin institusional potensialının gücləndirilməsi məqsədilə köklü struktur dəyişiklikləri də ara vermir. Ötən müddətdə nazirliyin rayon və şəhər idarələri yaradıldı, onlar üçün ən müasir standartlara cavab verən inzibati binalar inşa olundu. Bundan başqa idarəetmənin təkmilləşdirilməsi üçün digər müvafiq qurumlar formalaşdırıldı. Nazirliyin tabeliyindəki laboratoriyaların fəaliyyətinin təkmilləşdirlməsi və yenidən qurulması da diqqət mərkəzindədir. Kənd Təsərrüfatı Nazirliyinin yeni “Baytarlıq şəhərciyi” yaradılarkən beynəlxalq təcrübədən geniş istifadə olunub, laboratoriyaların beynəlxalq akkreditasiyadan keçirilməsi üçün bütün tələblər nəzərə alınıb, tullantıların ekoloji normalara uyğun saxlanması və utilizasiyası məsələləri yüksək səviyyədə həllini tapıb. Ötən illərdə respublikada 12 bayatarlıq laboratoriyasından 5-i beynəlxalq standartlar səviyyəsində yenidən qurulub, digər laboratoriyaların tikinti-quraşdırma işləri başa çatmaq üzrədir. 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Respublika Süni Mayalanma Mərkəzi də aqrar islahatlara mühüm töhfədir. Hazırda ölkəmizdə quş qripinə və digər xüsusilə təhlükəli xəstəliklərə görə epizootik vəziyyət sabitdir.

Azərbaycanda 21-ci əsrin müasir biznes texnologiyası sayılan aqroparkların yaradılması da vüsət götürür. Ölkəmizdə hazırda 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1,4 milyard manatdan çox olan 45 aqropark və iri fermer təsərrüfatlarının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Aqroparkların təşkili üçün dövlət vəsaiti hesabına infrastrukturun yaradılmasına ümumilikdə 219 milyon manat investisiya qoyulub. İndiyədək investisiya dəyəri 469 milyon manatdan çox olan 17 aqroparkın yaradılmasına 111 milyon manat güzəştli kredit ayrılıb və 15 aqropark üzrə dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. Aqroparklarla bağlı müvafiq dövlət proqramı çərçivəsində 2018-ci ilin sonunadək daha 13 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulur…

Son illlərdə keçirilən ümumrespublika müşavirələri və digər mötəbər tədbirlərdə dövlət başçısı taxıl, pambıq, üzüm, barama, tütün, fındıq, çay, çəltik, sitrus meyvələri və digər məhsulların istehsalında köklü dəyişikliklərə nail olunması, heyvandarlığın inkişafında  beynəlxalq standartlara uyğun kompleks yenidənqurma işlərinin həyata keçirilməsi barədə silsilə tapşırıqlar verib. Mövcud əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni əkin sahələrinin su təminatı da başlıca hədəflərdəndir. Ümumilikdə, 2003-cü ildən bəri 4,1 min kilometr uzunluğunda  suvarma kanalları, 2,7 min kilometrlik kollektor-drenaj şəbəkələri tikildi və bərpa edildi. 390 min hektar sahədə torpaqların su təminatı, 261 min hektar sahədə isə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırıldı.    146 min hektar sahədə yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edildi. Ötən 15 ildə 2 234 subartezian quyusunun qazılması da aqrar bölməyə mühüm töhfədir. Ən başlıcası,  ərzaq təhlükəsizliyi istiqamətində ardıcıl tədbirlərin reallaşdırılması və kənd təsərrüfatının intensiv metodlarla inkişafı hesabına son illərdə bu sahədə əsaslı artım dinamikası müşahidə olunur…

Hazırda kənd təsərrüfatının ekstensiv inkişafı, əkin sahələrindən səmərəli istifadə olunması, torpaqların münbitliyinin artırılması, irriqasiya və meliorasiya tədbirlərinin ilbəil genişləndirilməsi və digər komples tədbirlər diqqət mərkəzindədir. Başlıca məqsəd aqrar bölmədə daxili tələbatın dolğun ödənilməsi, məhsuldarlığın əsaslı şəkildə artırılması, elmi yanaşmanın geniş tətbiqi və ixrac imkanlarının mütamadi genişləndirilməsidir. Ümumilikdə, Prezident İlham Əliyevin əsaslı səyləri hesabına son illərdə aqrar sahədə reallaşdırılan islahatların yeni mərhələsinin dinamikası ona dəlalət edir ki, tezliklə ölkəmizdə daha mükəmməl kənd təsərrüfatı kompleksi formalaşacaq, ərzaq təhlükəzisliyi tam həllini tapacaq və Azərbacanın rəqabətədavamlı aqrar-sənaye məhsullarının ixracı ilbəil artacaq.