419,9 min nəfərə aylıq sosial müavinət ödənilir

0
1

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda 419,9 min nəfərə aylıq sosial müavinət ödənilir. “Sosial müavinətlər haqqında” Qanuna əsasən, əlilliyə, yaşa və ailə başçısını itirməyə görə aylıq sosial müavinət verilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmçinin, qanunvericiliyə uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqlar, beşdən çox uşağı olan qadınların hər bir uşağı və müharibə veteranları bu sosial təminat növü ilə təmin edilirlər.

Müharibə əlillərinin və şəhid ailələrinin, I və II qrup Çernobıl əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqlarına, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqlara və qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə də hər ay sosial müavinət verilir.

Uşağın doğulmasına görə ailələr, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olanlar isə birdəfəlik müavinətlə təmin olunurlar. Dəfn xərci kimi birdəfəlik müavinət, radiasiya qəzasının nəticəsində zərər çəkərək əlil olanlara hər il birdəfəlik müavinət də ödənilir.

Bu ilin doqquz ayında nazirlik tərəfindən birdəfəlik müavinətlə təmin edilənlərin sayı 69,8 min nəfər olub.