“Bizim siyasətimiz burada öz əksini tapır”

0
3

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışında iştirak ediblər.

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq aqroparkların yaradılması geniş vüsət alıb. “Ulu Aqro” MMC-nin Qax Aqroparkının yaradılması da bunun bariz nümunəsidir. Aqroparklar aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq etmək və bununla da nəinki yerləşdikləri bölgələrin, ümumilikdə, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixracyönümlü məhsulların sayının çoxaldılması ilə ixrac potensialımızın artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında əhəmiyyətli rol oynayır. Aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistikası və satışı bütünlükdə bu zənciri özündə birləşdirir. Bu zəncir kənd təsərrüfatı məhsullarının tarladan istehlakçının süfrəsinədək bütün mərhələlərini özündə əks etdirir. Bu isə kənd təsərrüfatı məhsullarının istehsalına çəkilən xərclərin, eləcə də onların maya dəyərinin aşağı düşməsinə və keyfiyyətin yüksəlməsinə imkan verir. Nəticədə istehlakçıya yüksək keyfiyyətli və daha ucuz qiymətə kənd təsərrüfatı məhsulu çatdırmaq mümkün olur. Bu cür layihələrin icrası daha bir mühüm məqamı özündə ehtiva edir: Aqroparkların məşğulluğun artırılmasına, yeni iş yerlərinin yaradılmasına töhfəsi böyükdür.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Qax Aqroparkında görülən meliorativ tədbirlər, həmçinin Əyriçay su anbarı magistral kanallarının planı barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, Qax rayonunun “Ağyazı” qışlaq otlağının ərazisində yerləşən aqroparkın yaradılması üçün meliorativ tədbirlərə 9 milyon manat, elektrik təminatına 4,7 milyon manat olmaqla, ümumilikdə 13,7 milyon manat dövlət əsaslı investisiya qoyulub. Aqroparkın ümumi ərazisi 2094 hektardır. Suvarılan sahə 1268 hektarı əhatə edir. Ərazinin 863 hektarında 28 pivot qurğusu qurulub, 405 hektarında isə “damcılama” sistemi yaradılıb. Əkin sahələrinin davamlı və keyfiyyətli su təminatı üçün Aqroparka dövlət investisiyaları hesabına 4,6 kilometr uzunluğunda su xətti çəkilib, tutumu 50 min kubmetr olan beton su hovuzu tikilib, bütün zəruri meliorativ tədbirlər görülüb. Buraya 15 kilometr məsafədən 10 kV-luq elektrik xətti çəkilib, transformatorlar quraşdırılıb. Aqroparka yaxın ərazidən keçən Qax-Qıpçaq-Ağyazı avtomobil yolunda əsaslı təmir işləri aparılıb.

Qeyd edək ki, ölkəmizdə hazırda 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1,4 milyard manatdan çox olan 45 aqropark və iri fermer təsərrüfatlarının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Aqroparkların təşkili üçün dövlət vəsaiti hesabına infrastrukturun yaradılmasına, ümumilikdə 219 milyon manat investisiya qoyulub. İndiyədək investisiya dəyəri 469 milyon manatdan çox olan 17 aqroparkın yaradılmasına 111 milyon manat güzəştli kredit ayrılıb və 15 aqropark üzrə dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. İlin sonunadək daha 13 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulur.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına və birinci xanıma İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə Şəki-Zaqatala iqtisadi rayonunda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr, həmçinin tütün, fındıq, bal, quru meyvə istehsalı üzrə respublika, o cümlədən bu iqtisadi rayondakı ötən ilin statistik göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən Şəki-Zaqatala iqtisadi rayonu üzrə 2400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 109 milyon manat güzəştli kredit verilib və bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 mindən çox yeni iş yerinin açılmasına imkan yaradıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən Şəki-Zaqatala iqtisadi rayonu üzrə ümumi dəyəri 74 milyon manat olan 20 sahibkarlıq subyektinə 24 investisiya təşviqi sənədi verilib və bu sənədlər əsasında 6 milyon manat vəsaitə qənaət olunub. Bu iqtisadi rayon üzrə müasir texnologiyaların tətbiqi ilə güzəştli kreditlərdən istifadə etməklə Şəki və Qax rayonlarında 1400 hektar ərazidə yeni fındıq bağları salınır. Həmçinin Şəki rayonunda 30 tütünqurutma kamerası, “Made in Azerbaijan” brendi ilə xarici bazara məhsulun çıxarılmasına imkan verən, Qax rayonunda balın sənaye üsulu ilə emalı və qablaşdırılması, Balakən rayonunda meyvəqurutma, sərinləşdirici içkilərin istehsalı və qablaşdırması müəssisələri qurulur.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

– Qax rayonunda aqroparkın yaradılması çox gözəl hadisədir. Çox şadam ki, bu torpaqlarda gözəl bağlar salınıb, işlər görülüb. Mənə verilən məlumata görə, burada, ilk növbədə, dövlət öz dəstəyini göstərib və özəl sektor sərmayə qoyub.

Aqroparkların yaradılması artıq ölkəmizdə dövlət proqramıdır və bu proses geniş vüsət alıb. Bu ilin sonuna qədər 13 aqroparkın fəaliyyətə başlaması nəzərdə tutulur. Onlardan biri də Qax aqroparkıdır. Ümumiyyətlə, 45 aqroparkın yaradılması nəzərdə tutulur və bu aqroparklarda işləyən insanların sayı minlərlə, on minlərlə olacaqdır. Təkcə Qax aqroparkında 100 daimi və 100 mövsümi iş yeri yaradılır. 45 aqroparkın ümumi sahəsi 192 min hektardır və onlardan 28-i bitkiçilik, 17-si isə heyvandarlıq aqroparklarıdır. Beləliklə, bu dövlət proqramlarının icrası nəticəsində ölkə iqtisadiyyatına böyük xeyir gələcək, məşğulluq artacaq, insanlar işlə təmin olunacaqlar, yaxşı əməkhaqqı alacaqlar və ölkəmiz idxaldan asılılığı aradan qaldıracaqdır.

Qax aqroparkının yaradılmasına dövlət xətti ilə 13 milyon manat investisiya qoyulub. Bütün infrastruktur dövlət xətti ilə yaradılıb. Bundan əlavə, yeni açdığım kənd yolu da bu aqroparkın fəaliyyətinə əlavə dəstək olacaq. Bu kənd yolunun uzunluğu 44 kilometrdir və bölgələrdə salınan ən uzun kənd yollarından biridir. Ümumiyyətlə, Qax rayonunun inkişafı üçün bu yolun böyük əhəmiyyəti var. Dövlət, eyni zamanda, aqroparkın yaradılmasına güzəştli şərtlərlə kredit şəklində 2 milyon manat pul ayırıb və qalan işləri özəl sektor görüb. Dövlət-özəl sektor tərəfdaşlığı Qax aqroparkının timsalında əyani şəkildə özünü göstərir. Beləliklə, bizim siyasətimiz burada öz əksini tapır.

Azərbaycanın, xüsusilə bu ərazinin çox gözəl təbii şəraiti, gözəl iqlimi, münbit torpağı var. Sadəcə olaraq, biz bu imkanlardan böyük səmərə ilə istifadə etməliyik. Burada müasir suvarma sistemlərinin, ilk növbədə, pivot, damcılama sistemlərinin quraşdırılması, əlbəttə ki, məhsuldarlığın artırılmasına xidmət göstərəcək. İki min hektar ərazisi olan aqroparkın böyük hissəsi müasir suvarma sistemləri altındadır və burada salınan gözəl meyvə bağları – badam bağları artıq reallıqdır. Hələ bir il bundan əvvəl buralar boş torpaq idi, heç nə bitmirdi, heç bir iş görülmürdü. İndi baxanda göz oxşayır. Qarlı dağlar və gözəl meşə zolağı, o meşə zolağı ki, bar gətirəcək və Azərbaycan vətəndaşları bundan istifadə edəcəklər.

Kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi addımlar atılır. Bu addımlar göstəricilərdə də özünü büruzə verir. Bu ilin doqquz ayında kənd təsərrüfatında 4,3 faiz artım var. Kənd təsərrüfatının bütün istiqamətləri üzrə planlı şəkildə iş aparılır və beləliklə, ənənəvi kənd təsərrüfatı sahələri – pambıqçılıq, üzümçülük, tütünçülük, fındıqçılıq, baramaçılıq, tərəvəzçilik və digər sahələr bərpa edilir. Biz elə etməliyik ki, Azərbaycan bütün ərzaq məhsulları ilə öz tələbatını özü ödəsin. Biz bu hədəfə yaxınlaşırıq.

Əminəm ki, kənd təsərrüfatının sürətli inkişafı, subsidiyaların verilməsi, fermerlərin texnika ilə təchiz edilməsi, yanacağın, gübrənin güzəştli şərtlərlə verilməsi, kompleks tədbirlər, üstəgəl ciddi islahatlar yaxın gələcəkdə çox gözəl nəticələrə gətirib çıxaracaq. Artıq biz nəticələri görürük. Hazırda pambıq yığımı mövsümü gedir və biz böyük məhsul gözləyirik, məhsuldarlıq da artacaq. Taxılçılıqda yaxşı nəticələr var. Biz tərəvəz istehsalı və ixracı ilə bağlı çox böyük işlər görmüşük. Dövlət hər zaman fermerlərin yanındadır. Azərbaycanda kənd təsərrüfatının inkişafına göstərilən diqqət və dəstək, hesab edirəm ki, dünya miqyasında ən yüksək səviyyədədir və təqdirəlayiqdir. Təsadüfi deyil ki, biz bu gözəl nəticələri görürük. İnsanların məşğulluğu artır, rifah halı yaxşılaşır, bütün ölkədə böyük infrastruktur layihələri icra edilir. Bu gün açdığım 44 kilometr uzunluğunda kənd yolu 13 yaşayış məntəqəsinin sakinlərinə xidmət göstərəcək. Əvvəlki səfərimdə biz Şəki-Qax avtomobil yolunu açdıq. Bu da bilirsiniz, Şəki ilə Qax arasındakı məsafəni böyük dərəcədə qısaltdı, yeni bir yol salındı. Bu gün mənim göstərişimlə icra edilən Şəki-Balakən-Gürcüstan sərhədi avtomobil yolu da artıq tam hazırdır. Bu infrastruktur layihəsi həm insanlara rahatlıq gətirir, eyni zamanda, kənd təsərrüfatının inkişafına da xidmət göstərir.

Məşğulluğun artırılması ilə bağlı özünüməşğulluq proqramı icra edilir və hər il ən azı 6-7 min insan dövlətin dəstəyi ilə özü iş quracaq və öz güzəranını yaxşılaşdıracaqdır.

İnfrastruktur layihələri Qax rayonunda da icra edilir, əvvəlki illərdə icra edilib, bundan sonrakı illərdə də icra ediləcək. Qeyd etdiyim kimi, kənd yolları salınır. Qax rayonunda qazlaşdırmanın səviyyəsi təxminən 70 faizə yaxındır. Biz 5 il bundan əvvəl içməli su, kanalizasiya layihəsini istifadəyə verdik. Qax şəhəri və bir neçə kənd indi 24 saat ərzində təmiz içməli su ilə təmin edilir. Böyük xəstəxana yenidən qurulub, Olimpiya İdman Kompleksi, turizm infrastrukturu yaradılıb və Qaxa gələn turistlərin sayı getdikcə artmaqdadır.

O ki qaldı, ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalına, keçən il Qax rayonunda tütünçülük, baramaçılıq, fındıqçılıq üzrə respublika müşavirəsi keçirilmişdir və bu sahələrə verilən dəstək öz nəticəsini göstərir. Mənə verilən məlumata görə, fındıq bağlarının sahəsi təxminən 30 faiz genişləndirilib, 900 min hektara çatıb.

Tütünçülüklə bağlı. Əgər üç il bundan əvvəl cəmi 300 hektarda tütün əkilmişdisə, hazırda 600 hektarda tütün əkilir və qurutma kameraları gətirilib quraşdırılır. Baramaçılığa gəlincə isə, Qax artıq bütün ölkəyə bu sahədə xidmətlər göstərəcək. Çünki bu gün açdığım Qax Damazlıq İpəkçilik Stansiyasının fəaliyyəti bütün ölkəmizi əhatə edəcək. Əgər üç il bundan əvvəl cəmi 200 kiloqram barama tədarük olunmuşdusa, bu il 500 ton barama tədarük edilib və daha da artacaq.

Qax rayonunun inkişafı bundan sonra da diqqət mərkəzində olacaq. Bu aqroparkın yaradılması dediyim sözlərə əyani sübutdur. Burada işləyən vətəndaşlara uğurlar arzulayıram. Arzu edirəm ki, Qax aqroparkı ölkəmizin ən qabaqcıl aqroparklarından birinə çevrilsin.

Sizi bir daha təbrik edirəm və sizə uğurlar arzulayıram.

X X X

Sonra Prezident İlham Əliyev aqroparkın suvarma sisteminin işə salınmasını bildirən düyməni basdı və əkin sahəsinə baxdı.

Məlumat verildi ki, aqroparkda 1200 hektar sahədə buğda, 169 hektarda qarğıdalı və 65 hektarda soya əkilib. Bundan başqa, 217 hektar badam, 50 hektar qoz, 32 hektar şaftalı, 30 hektar alma, 23 hektar gavalı, 12 hektar ərik və 11 hektar gilas bağları salınıb. Bu aqroparkın yaradılmasına dövlət tərəfindən 2 milyon manat güzəştli kredit verilib. Buraya verilən investisiya təşviqi sənədi sayəsində 183 min manat vəsaitə qənaət olunub. “Ulu Aqro” MMC-nin Qax Aqroparkının illik istehsal gücü 3 min ton meyvə, o cümlədən alma, armud, gilas, ərik, şaftalı və gavalıdır. Bundan başqa, burada il ərzində 0,5 min ton badam, 0,4 min ton qoz, 5,2 min ton taxıl, 2,4 min ton qarğıdalının istehsalı nəzərdə tutulub. Ümumilikdə, burada illik 15,2 milyon manatlıq məhsulun istehsalı gözlənilir. Bu aqropark kənd təsərrüfatının inkişafına təkan verməklə yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı, ölkəmizdə rəqabətqabiliyyətli məhsulların sayının və çeşidinin artırılması, ixrac potensialımızın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Aqropark yeni iş yerlərinin yaradılmasına da töhfəsini verir. Belə ki, burada 90 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Aqroparkın müasir logistika mərkəzi də var. Burada yaradılan idarəetmə mərkəzində iclas və brifinq zalları, kənd təsərrüfatı mütəxəssislərinin qalması üçün on nəfərlik yataq otaqları yaradılıb. Layihənin icrası zamanı aqroparkın logistika mərkəzində informasiya-kommunikasiya texnologiyalarının son yenilikləri tətbiq edilib. Tutumu 4,5 min ton olan taxıl anbarı, sahəsi 5,4 min kvadratmetr olan bina tipli 4 anbar, ofis və yardımçı binalar tikilib. Logistik mərkəzdə, eyni zamanda, 7 yataqxana binası, maşınyuma məntəqəsi inşa olunub, elektron tərəzi, transformator yarımstansiyası, generator quraşdırılıb. Aqroparkda istifadə üçün 13-dən çox adda 54 ədəd texnika və aqreqat alınıb. Gələcəkdə aqroparkın fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur.

Logistik mərkəzdən aqroparkın bütün ərazisindəki fəaliyyətə nəzarət olunur. Burada xüsusi meteoroloji stansiyalar da quraşdırılıb. Bu stansiyalar aqroparkın hava durumu, torpağın hərarəti, rütubət kimi amillər barədə logistik mərkəzə məlumatlar ötürür. azərtac