“Qarabağ” liderliyi ələ keçirə biləcəkmi?

0

source url Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha iki oyunu keçiriləcək.

Əvvəlcə “Bayıl Arena”da “Səbail” və “Keşlə” komandaları üz-üzə gələcək.

Bu mövsüm hər iki komanda qeyri-sabit çıxışı ilə seçilir. “Səbail” “Zirə” və “Qarabağ” üzərində texniki qələbələrdən başqa daha 2 oyunda sevinməyi bacarıb. Aftandil Hacıyevin baş məşqçisi olduğu kollektiv hazırda 13 xalla 4-cü pillədə qərarlaşıb. İlk qələbəsini ötən tur autsayder “Zirə” üzərində əldə edən “Keşlə” isə hazırda 5 xalla 7-ci pillədədir.

go to link Bu komandalar indiyədək 5 dəfə üz-üzə gəliblər. Hərəyə 2 qələbə qazanan rəqiblər daha 1 görüşdə heç-heçə ediblər. Topların nisbəti 4:4-dür. “Keşlə” son üç görüşdə meydanı qolsuz tərk etməyib. “Səbail”in hər iki ev oyununda 1 qol vurulub.

Turun son matçında “Neftçi” və “Qarabağ” qarşılaşacaq. Bu komandalar II dövrəyə məğlubiyyətlə başlayıblar. Flaqman səfərdə “Qəbələ”yə 1:3 hesabı ilə uduzub. Ağdam təmsilçisi isə evdə “Səbail”i məğlub etsə də, meydana adı protokolda göstərilməyən oyunçunun çıxması səbəbindən texniki məğlubiyyətlə üzləşib – 0:3. Hazırda “Neftçi” 8 oyundan 19 xalla liderdir. Ehtiyatda bir görüşü qalan “Qarabağ” isə 16 xalla 2-ci pillədə yer alıb. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv liderliyi ələ keçirmək üçün mütləq qələbə qazanmalıdır.

Bu komandalar indiyədək 73 dəfə qarşılaşıblar. Bunların 19-da “Neftçi” qalib gəlibsə, 27 matçda “Qarabağ” qələbəyə sevinib. Daha 27 oyunda qalib müəyyənləşməyib. Topların nisbətində də Ağdam təmsilçisi üstündür – 77:65. “Qarabağ” 3 oyundur rəqibinə qalib gələ bilmir. “Neftçi” ardıcıl 5 ev matçında qələbə qazanmayıb.

Azərbaycan Premyer Liqası, IX tur

28 oktyabr (bazar)

15:00. “Səbail” – “Keşlə”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov

Hakim-inspektor: Məhəmməd Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“Bayıl Arena”

17:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Füzuli Nəcəfov

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Bakcell Arena”

İlk oyun günündə “Sabah” “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib. “Sumqayıt” – “Qəbələ” matçında isə heç-heçə qeydə alınıb.
(report)