Camal Qaşıqçının nişanlısı müsahibə verib

0
6

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülən jurnalist Camal Qaşıqçının nişanlısı Türkiyə vətəndaşı Hatice Cengiz ilk dəfə televiziyaya müsahibə verib.

“Ərəb baharı” zamanı ərəb dilini bildiyi üçün bu dildə danışan ölkələrin mədəniyyətlərini araşdırmağa başladığını deyən Hatice Cengiz müsahibəsində Camal Qaşıqçı ilə tanışlığının tarixindən danışıb.

O, Türkiyə qanunları əsasında rəsmi şəkildə evlənmək istədikləri və bunun üçün Baş Konsulluğa baş çəkməyin vacib olduğunu söyləyib. Bu zaman Camal Qaşıqçı telefonu və komputerini ona verib. Nişanlısı Konsulluğun binasından çıxmayanda narahat olub. Məsələ ilə bağlı dostlarına, KİV-ə və polisə məlumat verib.

H.Cengiz indiyədək Səudiyyə Ərəbistanından heç bir rəsminin onu aramadığını və başsağlığı verilmədiyini söyləyib. O, jurnalistin “Camal Qaşıqçının meyiti tapılarsa, onu ziyarət edəcəkmi” sualına belə cavab verib: “Ziyarət edəcəyimi zənn etmirəm. Bunun həm uyğun olmadığını, həm də reallaşdıra biləcəyimi düşünmürəm”.

Qeyd edək ki, C.Qaşıqçı oktyabrın 2-də Baş Konsullğun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq C.Qaşıqçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış. Lakin oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib yerli “Ekberiye” telekanalına müsahibəsində jurnalistin öldürülməsinin əvvəlcədən planlaşdırıldığını deyib.

Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə Ər-Riyadda keçirilən “Future İnvestment İnitiative” beynəlxalq iqtisadi forumunda çıxışı zamanı bildirib ki, jurnalist Camal Qaşıqçının ölkəsinin İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsi təəssüf doğurur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirib.

Bu arada Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib jurnalistin öldürülməsinə görə oktyabrın 28-də Türkiyəyə səfər edəcək. (Report)