Meliorasiya tədbirlərinə xüsusi yer ayrılacaq

0
2

Ölkəmizdə əkin sahələrinin əksəriyyəti suvarılan torpaqlardır. Mütəxəssislərin hesablamalarına görə, respublikamızda il ərzində suyun 60-70 faizi kənd təsərrüfatının – aqrar bölmənin su tələbatının ödənilməsinə sərf olunur. Bu isə o deməkdir ki, kənd təsərrüfatının inkişafında meliorasiya və su təsərrüfatı xüsusi önəm daşıyır. Odur ki, cənab İlham Əliyev  hər zaman meliorasiya və su təsərrüfatı sahəsinə xüsusi diqqət və qayğı göstərir.

Dövlət başçısı regionların 2014-2018-ci illərə dair sosial-iqtisadi inkişafı Dövlət Proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda demişdir: “Bu il ən azı 100 min hektar suvarılmayan torpaqlara su verilməlidir. Beləliklə, biz 2017-2018-ci illərdə 200 mindən çox hektara suyun təminatını təşkil edəcəyik. Bir neçə önəmli kanal layihələri icra ediləcəkdir”.

Oktyabrın 22-də son illərdə həyata keçirilən mühüm infrastruktur layihələrdən biri – İmişlidə Araz çayının yeni qol-kanalı Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verildi. Uzunluğu 54 kilometr olan bu yeni qol – yeni beton su kanalı 53 min hektar torpağı su ilə təmin edəcək. Biləsuvar, İmişli, Saatlı rayonlarının fermerləri, zəhmətkeşləri bu imkandan yararlanacaqlar. Növbəti mərhələdə daha 10 min hektar torpağa su verilməsi nəzərdə tutulur ki, bu da Sabirabad rayonunun torpaqlarına yeni həyat bəxş edəcək.

Qeyd edək ki, daxili maliyyə imkanlarımız hesabına belə bir layihənin reallaşması həm ölkəmizin güclü iqtisadi imkanlarını, həm də istənilən infrastruktur layihəni uğurla icra edə bilməsini göstərir. Prezident İlham Əliyevin İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində bildirdiyi kimi, digər tərəfdən, bu kanalın tikintisi bizim niyyətimizi, siyasətimizi göstərir: “Çünki bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Hər bir yerdə, hər bir rayonda, hər bir kənddə yaşayan vətəndaşlar işlə təmin olunsunlar, onların rifah halı yaxşılaşsın və dövlət bu istiqamətdə öz tədbirlərini görür”. Yeri gəlmişkən, həyata keçirilən bu kimi tədirlərin nəticəsində  hazırda kəndlərdə işləmək çox asanlaşıb. Belə ki, dövlət kəndlinin torpağını, suyunu verir, onun üçün lazım olan infrastrukturu da yaradır. Bir sözlə, hər şey edir ki, kəndli əksin, becərsin, pul qazansın, daha yaxşı yaşasın.

Prezident İlham Əliyev bundan sonra da  meliorasiya və suvarma təchizatının yaxşılaşdırılması üzrə tədbirlərin davam etdiriləcəyini, daha doğrusu,  meliorativ tədbirlərin həyata keçirilməsinin əsas prioritet məsələ olacağını vurğulayıb. Xüsusilə, gələn ilin əvvəlində qəbul ediləcək regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramında meliorasiya tədbirlərinə xüsusi yer ayrılacaq. Şübhəsiz, bu da kənd təsərrüfatında intensiv bağçılıq, bostançılıq tədbirlərinin həyata keçirilməsindən, əkin sahələrinin damcı və yağdırma üsulu ilə suvarılmasının tətbiqindən və bu şəbəkənin genişləndirilməsinin hədəf kimi götürülməsindən irəli gəlir. Üstəlik, ölkəmizdə 30 rayon üzrə 192 min hektar ərazidə investisiya dəyəri 1,4 milyard manat olan 45 aqroparkın yaradılması nəzərdə tutulub ki, bu da suya olan tələbatın artacağından xəbər verir.

Amma bütün bunlar o demək deyil ki, digər məsələlər  bir kənara qoyulacaq: “Biz əlbəttə ki, növbəti illərdə də yolların çəkilişi, qazlaşdırma, içməli su layihələrinin icrası ilə məşğul olacağıq. Ancaq meliorativ tədbirlərin həyata keçirilməsi, hesab edirəm ki, əsas prioritet məsələ olacaqdır”.

Son 15 ildə ölkəmizdə bu sahə üzrə çox böyük işlər görülüb. Belə ki, 4 min kilometrə yaxın yeni suvarma kanalları, 2700 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələri çəkilib. Təkcə üç su anbarının – yəni Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarlarının hesabına 390 min hektar ərazinin su təchizatı, 261 min hektar sahənin meliorasiya vəziyyəti yaxşılaşdırılıb, 150 min hektara yaxın su dəyməyən torpaqlara su verilib, yeni suvarma sahələri dövriyyəyə daxil olub və sair.

Görülən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Belə ki, son 9 ayda kənd təsərrüfatı məhsullarının istehsalında 4,3 faiz artım qeydə alınıb. Bu mənada su olan yerdə məhsuldarlığın artımı, kənd təsərrüfatının inkişafı labüddür. Başqa sözlə desək,  aqrar sahədə yüksək məhsuldarlıq modern su təchizatı sisteminin yaradılmasından keçir.

Qvami Məhəbbətoğlu, “İki sahil