Aqroparklar iqtisadiyyatımıza yeni töhfələr verəcək

0
4

“Son illər aqrar sektorda aparılan dərin və elmi əsaslandırılmış islahatlar, ənənəvi sahələrin bərpa edilməsi, həmçinin müasir standartlara cavab verən müəssisələrin sistemli şəkildə təşkili bu sahədə ciddi dönüş yaradıb və nəticədə qısa  zaman kəsiyində böyük uğurlara imza atılıb. Bu uğurlarda regionlarda yaradılmış aqroparkların özünəməxsus çəkisi var”. Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söylədi.

Müsahibimiz daha sonra bildirdi ki, elə bu səbəbdən də daha çox intensiv kənd təsərrüfatının inkişafına nail olmaq məqsədi daşıyan aqroparkların  sayının davamlı şəkildə artırılmasına böyük əhəmiyyət verilir: “Artıq həmin aqroparklardan  5-də (Xaçmaz, Şəmkir, Cəlilabad, Goranboy və İsmayıllı rayonlarında) birinci mərhələ üzrə işlər başa çatdırılıb və istifadəyə verilib. Hazırda fəaliyyət göstərən bu aqroparklarda müasir texnologiyaların tətbiqi sayəsində əldə edilən orta məhsuldarlıq ölkə üzrə müvafiq göstəricilərdən 2 dəfədən çoxdur. Yeri gəlmişkən, Prezident İlham Əliyev həmin aqroparkların hər birinin açılışında iştirak edib, fermerlərə öz tövsiyələrini verib. Bu isə ölkə başçısının  müasir tələblərə cavab verən belə aqromüəssisələrə çox böyük önəm verməsi anlamına gəlir. İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, Qaxda 2100,  Tovuzda 562, Salyanda 3000,  Hacıqabul və Şamaxı rayonlarında 4300,  Samuxda 5000, Hacıqabulda 29 000 Füzulidə 2500, Kürdəmirdə 2000,  Ucarda 2100, Ağcabədidə 5000,  Qazaxda 1000  hektarda heyvandarlıq, əkinçilik, bağçılıq olmaqla, ilin sonunadək 13 aqropark da fəaliyyətə başlayacaq. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində təqribən 600 milyon manat dəyərində kənd təsərrüfatı məhsulunun istehsal və emal olunması proqnozlaşdırılır”.

Aqroparkları müasir iqtisadiyyatın tələblərindən biri kimi xarakterizə edən və onların Prezident İlham Əliyevin təşübbüsü ilə yaradıldığını vurğulayan həmsöhbətimiz bildirdi ki,  kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistikası və satışını bütünlükdə bir zəncir kimi  özündə birləşdirən, ən müasir texnologiyalarla təchiz olunan bu aqroparklar həm də regionlarda yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayır: “Məsələn, Xaçmazdakı “Yalama Aqropark”ının ikinci mərhələsi üzrə planlaşdırılan işlərin icrası nəticəsində burada iş yerlərinin sayı 300-ü keçəcək. Hazırda “Şəmkir Aqropark”ında isə 179 nəfər çalışır. Məlumata görə, yeni yaradılacaq aqropraklarda ümumilikdə 10 minədək iş yerinin olması nəzərdə tutulub”.

Milli Məclisin deputatı qeyd etdi ki, aqroparklar həm də uzun müddət istifadəsiz qalmış və yararsız hala düşmüş torpaqları yenidən dövriyyəyə qaytarır: “Məsələn, Goranboy rayonunda “Region Agropark”ın ərazisi 4700 hektardır və bu torpaqlardan istifadə olunmurdu. İndi isə həmin ərazilərdə, belə demək mümkündürsə, yeni büsat qurulub. Bu sözləri fəaliyyətdə olan digər aqroparklar barədə də demək olar. Yeri gəlmişkən, bu günlərdə İmişlidə istifadəyə verilən Araz çayının yeni qol-kanalı Saatlı, İmişli və Biləsuvar rayonlarında 53 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etməyə imkan verəcək.  Şübhəsiz, qısa zaman kəsiyində bu rayonlar da iqtisadiyyatımıza öz töhfələrini verəcəklər. Artıq cənab Prezidentin göstərişi ilə Ələt-Astara yolunun sağında, solunda olan torpaqların da vəziyyəti araşdırılır. İlkin proqnozlara görə,  həmin ərazidə 30 min hektar yeni suvarılan sahəni əkin dövriyyəsinə vermək mümkün olacaq.

Bir məsələyə də toxunmaq istərdim. Bu aqroparklar həm də bizim ərzaq təhlükəsizliyimizin qarantı olacaq. Yəni kifayət qədər maliyyə resurslarına malik ölkəmizdə aqrar sahənin modernləşdirməsi sayəsində ərzaq təhlükəsizliyi ilə bağlı olan əsas məsələlər həll olunacaq,  bununla da xaricdən asılılıq tamamilə aradan qaldırılacaq. Onu da söyləmək istəyirəm ki, yürüdülən uğurlu aqrar siyasət, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarına uyğun olaraq yaradılan infrastruktur, suvarma və irriqasiya sistemləri, maliyyə dəstəyi və subsidiyalar, aqrar sektora vergi güzəştləri də son illərdə bol məhsul yetişdirmək üçün geniş imkanlar yaradıb.

Bir sözlə, dövlət başçısının 2014-cü ildə imzaladığı “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanla yaradılan aqroparklar  ölkəmizin iqtisadi potensialını daha da gücləndirəcək, özəl sektoru inkişaf etdirəcək, əhalinin həyat səviyyəsini yüksəldəcək, məhsullarımızın “Made in Azerbaijan” brendi ilə xarici bazarlara sabit və etibarlı çıxışını təmin etməyə, həmçinin ixrac coğrafiyasını genişləndirməyə müsbət təsir göstərəcək. Ən əsası işsizlik problemini həll edəcək. Bütün bunlar isə o deməkdir ki, qeyri-neft sektorunun inkişafında müasir innovativ layihələr sırasında özünü daha çox doğruldan aqroparklar iqtisadiyyatımıza yeni töhfələr verməklə yanaşı, faydalılıq əmsalı baxımından bizə daha xoş gələcək vəd edir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”