Yaş barama istehsalı 6 min tona çatdırılacaq

0
9

“Baramaçılıqda ümumiyyətlə, vəziyyət çox acınacaqlı idi. Ölkə başçısının bildirdiyi kimi, biz demək olar ki, bu sahəni tamamilə itirmək təhlükəsi ilə üzləşmişdik. Belə ki, 2015-ci ildə ölkədə cəmi 236 kiloqram barama istehsal olunmuşdu. 2016-cı ildən ipək istehsalının müasir infrastrukturunun yaradılmasına başlanıldı. Nəticədə 2016-cı ildə 70,7 ton, 2017-ci ildə isə 245,2 ton yaş barama istehsal edildi. Cari ildə isə bu göstərici 514 ton təşkil edib”. Bu fikirləri “İki sahil”ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdir müavini, biologiya elmləri namizədi Fərman Kərimov söylədi.

Həmsöhbətimiz bildirdi ki, məhz Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində bu sahədə irəliləyişə nail olundu: “Mən indi onlardan bəziləri haqqında məlumat vermək istəyirəm. Ölkəmizdə baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə 2016-cı ildə Çindən 1,5 milyon, 2017-ci ildə isə 1 milyon tut (çəkil) tingi tədarük edilib və intensiv tut bağları salınıb. Məsələn, son iki ildə Saatlı rayonunda ayrı-ayrı yaşayış məntəqələrində 60 min tut tingi əkilib, bir neçə yaşayış məntəqəsində müasir kümxana tikilib və digər zəruri tədbirlər görülüb. Bütün bunlar ölkəmizdə barama istehsalının inkişafına xüsusi töhfələr verib. Onu da qeyd edim ki, kənd təsərrüfatına yararlı torpaq sahələrindən səmərəli istifadənin vacibliyi nəzərə alınaraq, tut tinglərinin kənd və tarladaxili yolların kənarlarında və kümçülərə məxsus həyətyanı sahələrdə əkilməsinə üstünlük verilib.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çindən müqavilə əsasında 2016-cı ildə 1750, 2017-ci ildə 6000 qutu yüksək keyfiyyətli ipəkqurdu toxumları gətirilib ki, onlar da Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub, ondan da 99-100 faiz səviyyəsində yüksək keyfiyyətli barama qurdları əldə edilib və bu sahə ilə məşğul olan  şəxslərə, daha doğrusu, kümçü ailələrinə əvəzi ödənilmədən paylanılıb.

Müsahibimiz, həmçinin vurğuladı ki, barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiya da verilir: “Barama istehsalı əməktutumlu sahədir. Belə ki, 30-40 günə o qədər də çox əziyyət çəkmədən yaxşı gəlir əldə etmək mümkündür. Odur ki, hazırda fermerlər, kəndlilər tərəfindən ən çox maraq göstərilən sahə baramaçılıqdır. Digər tərəfdən, dövlət də bu sahə üzrə demək olar ki, hər şeyi öz üzərinə götürüb: bütün lazımi materialları, tingləri verir,  subsidiyalarla təmin edir. Elə bu kimi üstünlüklər insanlar arasında bu sahəyə marağı daha da artırıb. Belə ki, indi baramaçılıqla məşğul olan kümçü ailələrinin  sayı 4 min nəfərə çatıb. Hər kümçü ailəsində də 4-5 nəfərin olduğunu nəzərə alsaq, təxminən 20-25 min nəfər bu işlə məşğuldur. Nəticədə rayonlarda barama istehsalı da artmaqdadır. Məsələn, ən iri aqrar rayonlarından olan Şəkidə  bu il barama istehsalı əvvəlki illə müqayisədə 2,7 dəfə artaraq 48,2 ton təşkil edib. Zərdabda isə builki mövsümdə 1300 qutu (24700 qram) ipəkqurdu toxumundan 53 ton 880 kiloqram barama istehsal olunub. Beləliklə də artıq ikinci ildir ki, respublikada ən yüksək göstərici əldə edilir”.

Fərman Kərimov daha sonra qeyd etdi ki, bu il barama tədarükünün artımında, həmçinin camaatın bu sahəyə marağının daha da artmasında ötən ilin noyabrda təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” mühüm rol oynayıb. Bu Dövlət Proqramında Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur: “Mən əsla şübhə etmirəm ki, buna nail olacağıq. Hətta zənnimcə, bu gün görülən işlər həmin göstəricini üstələməyə də imkan verəcək. Bildiyiniz kimi, baramanın son məhsulu ipəkdir. İpəkçilık də xalqımızın ən qədim və gəlirli məşğuliyyət sahələrindəndir. Bu isə o deməkdir ki, bu sahədə də bir canlanma yaranacaq və idxal olunacaq ipəyin keyfiyyətinə görə ölkəmiz dünya bazarında layiqli yerlərdən birini tutacaq. Bir sözlə, Dövlət Proqramının həyata keçirilməsi, ümumilikdə, ölkədə ipəkçiliyin və ona xidmət edən altsahələrin kompleks inkişafı istiqamətində aparılan işlərin daha da gücləndirilməsinə təkan verəcək”.

Mütəxəssisi, həmçinin bildirdi ki, ölkəmizdə ipəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkili üzrə infrastrukturun yaradılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, toxum zavodlarınının və kümçülərin damazlıq barama toxumları ilə təmin edilməsi funksiyalarını həyata keçirəcək Qax Damazlıq İpəkçilik Stansiyası müasir standartlara uyğun şəkildə yenidən qurulmaqdadır və o bu il istifadəyə veriləcək. Yeri gəlmişkən, Şəkidəki İpək Kombinatının müasriləşdirilməsi, onun gücünün artırılması bu sahədə inqilabi dönüşdən xəbər verir. Peşə-ixtisas və ali təhsil müəssisələrində baramaçılıq və ipəkçilik sahəsində ixtisaslı kadr hazırlığının təşkili, qəbul planının əmək bazarının tələblərinə uyğunlaşdırılması da gündəmdədir.

Qvami Məhəbbətoğlu, “İki sahil”