Ən çox deputatlıq stajına malik olan kimlərdir?

0
4

Millət vəkilləri arasında ən çox deputat seçilən, ən çox deputatlıq stajına malik olan kimlərdir?

Onlar neçə çağırışdır parlamentdə təmsil olunurlar?

Həmçinin, ən az seçilən, ən az staja malik olan millət vəkilləri hansılardır?

Oxu.Az-ın apardığı araşdırmaya görə, millət vəkilləri arasında ən çox və ardıcıl şəkildə seçilən, ən stajlı deputatlar korifey sənətkar, SSRİ Xalq artisti Zeynəb Xanlarova və sabiq birinci vitse-spiker, Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadədir.

Onlar nə az-nə çox, düz 33 ildir millət vəkilidir. Yeddi dəfə dalbadal parlamentə üzv seçiliblər və bu məsələdə liderlik hələlik onlara məxsusdur. Həm Z. Xanlarova, həm də A. Rəhimzadə iki dəfə sovetlər dövründə 1985-cı ildə və 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin 11 və 12-cı çağırışlarının deputatı seçiliblər.

Eyni zamanda, 1995-ci ildən bu yana beş çağırışdır ki, millət vəkili mandatını daşıyırlar.

Altı dəfə millət vəkili olan deputatlar sırasında Milli Məclisin (MM) komitə sədrləri, professorlar Eldar İbrahimovla Hadi Rəcəbli, həmçinin, “Azərbaycan Rus İcması”nın sədri Mixail Zabelin və Hacı Madər Musayev var.

E. İbrahimov, M. Zabelin və M. Musayev ardıcıl olaraq parlamentə altı dəfə üzv seçiliblər. Belə ki, onların hər üçü sonuncu çağırış Azərbaycan SSR Ali Sovetinin (1990-cı il) deputatı olmaqla yanaşı, 1995-ci ildən bu yana 5-ci çağırışdır parlamentdə təmsil olunurlar. H. Rəcəbli isə arada fasilə ilə altı dəfə millət vəkili olmaq şansını əldə edib.

1985-ci ildə raykom katibi işləyərkən deputat seçilən H. Rəcəbli bir də 1995-ci ildə, ilk Milli Məclisə seçkilərdə hakim partiyanın namizədi olaraq millət vəkili mandatına sahiblənib və o vaxtdan bu günə kimi də Lənkəran rayonun parlamentdə təmsil edir. Həm də 5 çağırışdır ki, parlamentin Əmək və sosil siyasət komitəsinə rəhbərlik edir.

Beş dəfə millət vəkili seçilən deputatlara gəlincə, onlar Fəttah Heydərov, birinci vitse-spiker Ziyafət Əsgərov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov,  İmamverdi İsmayılov, Fəzail Ağamalı və Hacı Xanhüseyn Kazımlıdır.

F. Heydərov, İ. İsmayılov, F. Ağamalı, V. Talıbov 1995-ci ildən,  Z. Əsgərov 1996-cı ildən,   X. Kazımlı isə 1999-cu ildən (mərhum millət vəkili Səfiyar Musayevin yerinə seçilmişdi ilk dəfə) parlamentdə əyləşir.

Dörd dəfə millət vəkili seçilən parlamentarilər isə bunlardır: Bahar Murarova, Vahid Əhmədov, Ziyad Səmədzadə, Aydın Mirzəzadə,  Musa Quliyev, Rafael Hüseynov, Səməd Seyidov, Siyavuş Novruzov, Elman Məmmədov, Əli Hüseynli, Zahid Oruc, Asim Mollazadə, Məlahət İbrahimqızı, Səttar Möhbalıyev, Fəzail İbrahimli, Tahir Süleymanov, Oqtay Əsədov, Nizami Cəfərov, Yaqub Mahmudov, Eldar Quliyev, Tahir Rzayev, Gövhər Baxşəliyeva, Bəxtiyar Əliyev, Bəxtiyar Sadıqov, Qüdrət Həsənquliyev, Mirkazım Kazımov və Azər Kərimli.

21 millət vəkili üçüncü dəfə, 27 millət vəkili ikinci dəfə, 20 millət vəkili isə ilk dəfədir parlamentdə təmsil olunurlar.