“Arı yağışın yağmasını 30 dəqiqə əvvəl duyur”

0
4

Kəlbəcər rayonunun Ağcakənd kəndinin sakiniyəm, hazırda Bakıda məskunlaşmışıq. Otuz iki ildir ki, arıçılıqla məşğul oluram. Arı ailələrimizi qış aylarında Yevlaxda, yazda İsmayıllıda, yay fəslində isə Daşkəsən rayonunda saxlayırıq. Daşkəsən rayonunun təbii-iqlim şəraiti Kəlbəcər yaylaqlarına bənzəyir, ancaq Kiçik Qafqazın bitki örtüyü daha zəngindir.

Bunu arıçı Sabir Mustafayev bildirib. Vurğulayıb ki, arıların bol məhsul verə bilməsi üçün zəngin yem bazası olmalıdır, məhsuldar ana arıları ilə işləməli, xəstəliklərə qarşı vaxtında mübarizə aparmalı, hava şəraitindən sığortalanmaq üçün arı bir neçə məkanda saxlanmalıdır. “Təcrübə və müşahidələr göstərir ki, bu balaca canlıda çoxlu sayda qeyri-adilik mövcuddur. Arıda ölənə kimi işləmək həvəsi sönmür, analarını yetişdirib bəsləyir, ancaq sağlam anaya üstünlük verirlər. Məsələn, arılar şanı yerin cazibə qüvvəsi istiqamətində hörür. Bu da bir sirr, möcüzədir. Arı şanı yerə perpendikulyar qurar. İstər duman, istərsə də çiskin havada arı dəqiqliklə öz yuvasına qayıdar”, – deyə Sabir Mustafayev bildirib.

Arıçı əlavə edib ki, pətəkdə hər bir arı öz funksiyasını yaxşı bilir. Belə ki, biri nektarı qurudar, biri pətəyi qoruyar, digəri nektar dalınca uçar. Arı beçə verəndə yola çıxmaq üçün bir həftəlik yemini götürər. Arı nektar dalınca uçanda, əgər qaranlıq düşərsə, həmin gecəni çiçəyin üstündə keçirər, səhər tezdən hava istiləşən kimi yuvasına qayıdar. Arı yağışın yağmasını 30 dəqiqə əvvəl duyur, tez də pətəyə qayıdır. Əgər yuvasına sürətlə qayıdırsa, bu, sel gedəcəyinə işarədir.

Həmsöhbətimiz arıçı həmkarlarına halal olmağı tövsiyə edir. Onun fikrincə, arıçı məhsuluna haram qatsa, gec-tez cəzasını çəkəcək. Bu, sınanmış təcrübədir. azərtac