Müalicəvi turizm: real vəziyyət və perspektivlər

0
77

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə yönələn strategiyanın mühüm istiqamətlərindən biri də turizmin inkişafıdır. Son illərdə ölkəmizin turizm potensialının inkişaf etdirilməsi, beynəlxalq aləmdə tanıdılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, ildən-ilə respublikamıza gələn turistlərin sayında artım müşahidə olunur.

Şübhəsiz, nəqliyyat infrastrukturumuz, tarixi abidələrimiz, mətbəximiz, qonaqpərvərliyimiz, iqtisadi nailiyyətlərimiz, ən əsası ölkəmizdə hökm sürən sabitlik iqtisadiyyatın gəlirli sahələrindən sayılan turizmin inkişafını şərtləndirən amillərdəndir. Prezident İlham Əliyev demişdir ki, əgər Azərbaycan inkişafda olan ölkə olmasaydı, əlbəttə, ictimai sabitlik, təhlükəsizlik olmasaydı, turistlər də gəlməzdi: “Bu gün dünyada baş verən hadisələr göz qabağındadır, risklər, təhlükələr artır və turistlər daha əmniyyətli yerləri seçirlər, ona görə təsadüfi deyil ki, məhz Azərbaycana üz tuturlar. Bütün bu amillərin vəhdəti turizmin inkişafını şərtləndirir”. Bütün bunlara rəğmən, Prezident bildirib ki, biz gərək indi dünyada çox ciddi təbliğat aparaq və bu təbliğat nəticəsində xaricdə yaşayan insanlar bizi daha da çox tanısınlar.

Bu gün ölkəmizdə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi diqqət mərkəzindədir. Məsələn, “Şahdağ” və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksləri artıq dünya səviyyəli dağ-xizək mərkəzlərinə çevriliblər. Naftalanda oynaq, Qalaaltıda böyrək, Naxçıvanda isə ağciyər xəstəlikləri üzrə ixtisaslaşmış müalicəvi turizm mərkəzləri fəaliyyət göstərir. Oktyabrın 15-də ölkə başçısının Lənkərana səfəri çərçivəsində onların sırasına daha biri – Haftoni qəsəbəsində inşa olunmuş Lənkəran İstisu və Sağlamlıq Mərkəzi də əlavə olundu. Bu mərkəzdə qan dövranı, sinir, sümük-əzələ sistemlərinin, birləşdirici toxumanın, tənəffüs orqanlarının, həzm sisteminin və digər xəstəliklərin müalicəsi nəzərdə tutulub. Onu da bildirək ki, belə müalicəvi turizm məkanlarına böyük maraq var. Məsələn, bu gün Naftalan həm nadir müalicəvi neftinə, həm də müalicə və istirahət üçün yeni yaradılan müasir infrastrukturuna görə turistlər üçün cəlbedici məkana çevrilib. Məhz bunun nəticəsidir ki, ildən-ilə burada dincələn və müalicə olunan turistlərin sayı artır. Cari ilin 6 ayında Naftalan şəhərinin müalicə və istirahət mərkəzləri 5381 nəfər xarici turisti qəbul edib. Bu da ötən ilin  6 ayı ilə müqayisədə 34 faiz artım deməkdir.

Şübhəsiz, ölkə vətəndaşlarının və xarici qonaqların xidmətinə verilən Lənkəran İstisu və Sağlamlıq Mərkəzi respublikamızın turizm infrastrukturunda, xüsusilə də müalicəvi turizm sektorunda özünəməxsus yer tutmaqla yanaşı, bu sahənin inkişafına da mühüm töhfə verəcək. Belə ki, ötən il Lənkərana gələn turistlərin sayı 25 min nəfər olub. Növbəti illərdə isə bu göstəricinin daha çox olacağı gözlənilir.

Göründüyü kimi, müasir standartlara cavab verən belə obyektlər bir qayda olaraq əsasən bölgələrimizdə təşkil olunur. Prezident İlham Əliyev Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin açılış mərasimində bu məqamı xüsusi vurğulayaraq bildirib ki, bu gözəl turizm obyektinin açılışı bir daha onu göstərir ki, bütün regionlar sürətlə inkişaf edir və bölgələrdə dünya səviyyəli çox gözəl obyektlər, o cümlədən turizm obyektləri yaradılır.

Ümumiyyətlə, son illər bölgələrdə müasir sağlamlıq komplekslərinin istifadəyə verilməsi həm ölkəmizin iqtisadi potensialını nümayiş etdirir, həm də regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Yeri gəlmişkən, qeyd edək ki, bu bölgənin turizm imkanlarını genişləndirmək məqsədilə bir sıra addımların atılması da nəzərdə tutulub. Belə ki, Şimal-Cənub nəqliyyat dəhlizi bu bölgədən keçəcək. Bakı-Lənkəran dəmir yolunun istiqaməti də dəyişdiriləcək, sahilboyu ilə gedən dəmir yolu xətti köçürüləcək. Bütün bunlar, şübhəsiz, müalicəvi turizmin inkişafı üçün yeni perspektivlər açacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”