İlk Milli Turizm Sammitindən xoş təəssüratlarla qayıtdılar

0
156

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutan Milli Turizm Sammintində dövlət rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən diplomatik qurumların, turizm sənayesinin, yerli və xarici tərəfdaş şirkətlərin, həmçinin ictimaiyyət təmsilçiləri olmaqla 1500–dən çox nümayəndə iştirak edib.  Tədbir iştirakçıları arasında turizm sənayesi üçün ixtisaslı kadr hazlığı həyata keçirən Mingəçevir Turizm Kollecinin geniş tərkibli nümayəndə heyəti də yer alıb. Pedaqoq və tələbələrdən ibarət 12 nəfərlik nümayəndə heyətinə kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov rəhbərlik edib. Onun sözlərinə görə rəhbərlik etdiyi kollektivin sammit iştirakçısı olmuş üzvləri mötəbər tədbirdən zəngin təəssüratlar alıb. Əyyub Əyyubov birinci Milli Turizm Sammitinin bir çox səbəbdən onlar üçün əlamətdar olduğunu bildirib: “Əvvəla ona görə ki, tədbirdə Azərbaycan turizminin bugünkü durumu və perspektivləri müzakirə olunub. Azərbaycanın yeni turizm brendinin təqdimatı, “Azərbaycan turizm strategiyası 2023”lə yaxın tanışlıq turizm təhsil müəssisəsi olaraq kollektiv üzvləri arasında xüsusi maraqla qarşılanıb. Digər tərəfdən isə müzakirə olunan məsələlər arasında turizm təhsilinin müasir durumu və perspektivləri barədə əhəmiyyətli mülahizələr açıqlanıb ki, bu da bilavasitə Mingəçevir Turizm Kollecinin kollektivi üçün bundan sonra prioritet vəzifələrin  təməlini təşkil edəcək”.

Esmira Hidayətova, Mingəçevir