Əməkdar artist: “Efirlər toyxanaya çevrilib”

0
32
Efir estetikanı, peşəkarlığı, rəngarəngliyi sevir. Təəssüf ki, bu kimi amilləri diqqətdən qaçırmağa başlamışıq. İndi istənilən insanın pulu, tanışı varsa, efirdə görünə bilir. Bu da efirlərimizə qeyri-peşəkarlıq, məsuliyyətsizlik, bayağılıq gətirib. Bir də efirdə xarizması, səhnə mədəniyyəti, yüksək musiqi zövqü ilə seçilən sənətçilər var ki, onların siyahısı azalıb. Bu keyfiyyətlərə malik sənətçilər az olsa da, öz sənətləri ilə seçilməyi bacaranlar da var. Əməkdar artist, lirik musiqiləri ilə könüllərə yol tapan İlqar Muradovun məhz o sənətkarlar sırasında adı çəkilir ki, səhnə mədəniyyəti, musiqi zövqü ilə seçilir. İfa etdiyi hər bir musiqi ciddi sənətdən xəbər verir. Repertuarında olan hər bir mahnı, musiqi parçası Azərbaycan musiqisinin ladlarına köklənib. Bu dəfə məhz yüksək səhnə mədəniyyəti, intellekti və keyfiyyətli repertuarı ilə seçilən Əməkdar artist İlqar Muradovla həmsöhbət olduq. «Şərq»in qonağı olan Əməkdar artist bu günün bayağı musiqilərindən ürək ağrısı ilə danışdı.
– Sənətə, səhnəyə qarşı hər zaman məsuliyyətli olan İlqar Muradov niyə son dönəmlər efirlərdə görünmür?
– Bilirsiz, biz sənətə gələndə səhnəyə böyük məsuliyyətlə yanaşırdılar. Səhnə o qədər müqəddəs məkan sayılırdı ki, oraya gələn hər bir sənətçi məsuliyyətini dərk edirdi. Biz karifeylərimizdən də bu münasibəti görmüşük, belə öyrənmişik. Sənətə gələn gündən də çalışmışam ki, tamaşaçıma qarşı məsuliyyətimi unutmayım. Səhnədə olan sənətçi nə qədər tanınmış, məşhur olmasından asılı olmayaraq tamaşaçıya qarşı məsuliyyət hissini unutmamalıdır. Bəli, təcrübə səhnədə sənətçi üçün vacib amil sayılır. Bu gün gənclərdə o məsuliyyət hissini görə bilmirik. Təbii ki, bunu bütün gənc sənətçilərə şamil etmək haqsızlıq olardı. Amma böyük mənada gənclərimizdə özgüvən hissi bir az çoxalıb. Yəni sanki bir dəfə səhnəyə, efirə çıxmaqla sənətdə varlıqlarını sübut etməyə çalışırlar. Gənc ifaçılarda özündən razılıq hissi daha qabarıq hiss olunur. İddia gözəl hissdir. Amma iddia ilə potensial imkanlar biri-birini tamamlamalıdır. Təəssüf ki, bizim gənclər iddialı görünsələr də, səhnədə potensial imkanlarını göstərə bilmirlər.
– Səhnəyə, efirlərə bayağı musiqilər o qədər rahat ayaq açdı ki, bu gün ciddi, keyfiyyətli musiqi eşitmək çətinləşib. Hətta peşəkar bəstəkarlara üz tutan qalmayıb…
– Həqiqətən acınacaqlı bir vəziyyət yaranıb. Efirlərə baxmaq olmur. O qədər bayağı verilişlər, bayağı musiqilər təqdim edilir ki, tamaşaçı ilə ünsiyyət üçün səviyyəli veriliş tapıb qonaq gedə bilmirsən. Hansı verilişə gedim? Efirlərimizdə təqdim olunan verilişlərin demək olar 90 faizi qalmaqallarla, şit zarafatlarla, mənasız mövzular ətrafında müzakirələrlə doldurulur. Efirlərdə biabırçılıq baş alıb gedir. Həqiqətən acınacaqlı bir vəziyyət yaranıb. Efirlər toyxanaya çevrilib. Efir estetikası qalmayıb. Biz demirik toy musiqilərini oxumasınlar. Amma toy musiqisi efirə, səhnəyə gəlib çıxmasın. Bu, Azərbaycan musiqisinin məhvinə gətirib çıxaracaq. Musiqilərin mənşəyi bilinmir. Müğənnilərin ifa etdiyi musiqilər, mahnıların janrını müəyyən etmək olmur. Teleməkanlarda elə musiqilər səslənir ki, onlara qulaq asmaq mümkün deyil.
– Bəlkə bu da sizi efirlərdən küskün salıb?
– Bilirsiz, narahatlıq üçün yetərli səbəblər var. Efirlərdə olan çirkinliyi görəndə küskün düşürsən. Bir az tamaşaçı hörməti qazanmışıq, onu qalmaqalların, efirdəki bayağılığın qurbanı etmək istəmirəm. Ona görə də efirlərə gəlməyə imtina edirəm. Demək olar, ancaq dövlət televiziyasında çıxış edirəm.
– Səhv etmiriksə, yeni bir mahnının klip çəkilişlərinə başlanacaq…
– Bəli, «Gecələr» adlı bir yeni mahnı ifa etmişəm. Lirik bir parçadır. Həmin mahnıya klip çəkilir. Rejissor Eminə müraciət etmişəm. Maraqlı bir ekran işi olmalıdır. Klipdə bir az dinamik kadrlara da yer verilir. Çox güman ki, klipin təqdimat mərasimi də gerçəkləşdi.
– Ötən il maraqlı konsert layihəsi ilə tamaşaçı qarşısına çıxdınız. Növbəti solo konsert layihəsi nəzərdə tutulurmu?
– Bəli, ötən il maraqlı konsert proqramı təqdim edə bildik. İnşallah, yeni ilin ilk aylarında, daha dəqiq, fevral ayında Heydər Əliyev adına Sarayda növbəti solo konsert planlaşdırılıb. Sadəcə, budəfəki konsert proqramında maraqlı duetlər nəzərdə tutulub. Hələ ki duet ortaqlarımın adlarını açıqlamayım. Tam bəlli olduqdan sonra bu barədə məlumat verərəm. Bircə onu deyə bilərəm ki, onlar arasında gənclər də olacaq, tanınmışlar da.