“Neftçala” yağ-bal içindədir, “Mil-Muğan” avtobus tapa bilmir

0

Premyer Liqadan sonra ötən həftəsonu Birinci Divizionda da yeni mövsümə start verildi. Baş tutan 7 qarşılaşmanın ikisində böyük hesab qeydə alındı. Çempionluğa iddia edən “Neftçala” səfərdə “Ağsu”nu 4:1, İmişli təmsilçisi “Mil-Muğan” isə evdə “Göyəzən”i 6:1 hesabı ilə məğlubiyyətə uğratdı. Biz də böyükhesablı qələbələrin memarları olan baş məşqçilərlə əlaqə saxladıq. Ancaq onlarla söhbət zamanı komandalardakı vəziyyətin fərqli olduğunu gördük. Yaxşısı budur, Kamal Quliyev və Mətləb Məmmədovun fikirlərinə keçid edək.

 

“Üzərimizdə “Ağsu” xofu var idi”

Kamal Quliyev (“Neftçala”nın baş məşqçisi): “Fərqi yoxdur, istər Premyer Liqada, istərsə də 1-ci divizionda ilk oyunlar həmişə ağır olur. Çünki daha çox məsuliyyət olur. Yoldaşlıq görüşləri ilə çempionat oyunlarında çox böyük fərq var. Bundan əvvəl yoxlama oyunlarını rahat keçirmişik. Ancaq çempionat matçları zamanı xal qazanmaq istəyi və xal itirməmək qorxusu olur. Bildiyiniz kimi, komandamızın 3 illik “Ağsu” sindromu var idi. Bu rəqib üzərində uzun müddət idi ki, qələbə qazanılmırdı. Mənim də bu günə qədər gördüyüm iş o oldu ki, oyunçularımı psixoloji cəhətdən bu matça hazırlaya bildim ki, bunun da öhdəsindən gələ bildik. Çünki bu vaxta qədər xof və qorxu hissi qalır, biz bu səddi artıq aşdıq. Kollektivə qalib gəlmək ruhu lazım idi, mən də əlimdən gələni etdim ki, bu qalibiyyət ruhu bizdə yüksək olsun. Hər bir komandaya qarşı oynamaq olar, sadəcə, məşqçinin tapşırıqlarını düzgün yerinə yetirmək və meydançanın hər yerində mübarizə aparmaq lazımdır. Allahın köməkliyi ilə buna nail olaraq “Ağsu”nu 4:1 hesabı ilə məğlub etdik. Mən bu nailiyyətə görə futbolçulara təşəkkür edirəm. Ağsu yaxın məsafədə olmasına baxmayaraq, klub rəhbərliyi bizə yaxşı şərait yaratdı. Oyundan bir gün əvvəl getdik Şamaxıda qaldıq, məşqimizi etdik və layıqli qələbə qazandıq. Bu, həm də baş məşqçi kimi mənim ilk rəsmi oyunum idi. Yəni mənim üçün ikiqat sevinc oldu. Komanda verdiyim tapşırıqları yerinə yetirdi. Oyunu izləyənlər gördülər ki, hansı səviyyədəyik. Təqdimat mərasimində vurğuladığım kimi, Premyer Liqa səviyyəsində bir komanda qurmaq arzum var. Bunu da Allahın izni ilə yavaş-yavaş həyata keçirəcəyik. Biz hazırlıqlarımıza bir az tez başladıq, bunun da faydasını gördük. Mənim 1-ci divizion haqda heç bir məlumatım yox idi. İstər oyunçularla, istərsə də bu çempionatda gedən oyunlarla bağlı tez başlamalı idik. Həm də futbolçuları tanımaq və kimin nəyə qadir olduğunu görmək istəyirdim. Klub rəhbərliyi bizim üçün gözəl şərait yaradıb. Türkiyədəki təlim-məşq toplanışının nəticəsini get-gedə görəcəyik. Türkiyədən gələndən sonra da yoxlama görüşləri keçirdik. “Neftçala” 3 ildir yaranmasına baxmayaraq, hələ çempionluq sevinci yaşamayıb. İlk olaraq bunu dadmaq istəyirik. Qeyd etdiyim kimi, Premyer Liqa səviyyəsində kollektiv qurmağa çalışıram. Elitaya çıxsaq, orada da istənilən rəqiblə oynaya biləcək klub hazırlamaq əsas hədəflərimizdən olacaq. Komandamızda olan futbolçuların 80 faizi gənclərdən ibarətdir. 1992-1994-cü il təvəllüdlü futbolçuların təşkil etdiyi heyətimiz var. Yığma komandalarımızın məşqçiləri ilə də görüşürəm, hazırda U-21 millimiz üçün 4 real nazmizəd futbolçum var. Futbolun içindən gələn bir adam kimi, dərk edirəm ki, milliyə səviyyəli futbolçular getməlidir. İnanıram ki, bu 4 oyunçu bizi yığmada layiqincə təmsil edə bilər. Mən də millinin üzvü olmuşam. Ona görə də, heç vaxt razı olmaram ki, zəif oyunçu millidə oynasın. Ancaq layiqlilərin də üzərində çalışmaq lazımdır”.

 

follow link “Bu futbolçular necə çıxıb oynasınlar?”

facial for whiteheads Mətləb Məmmədov (“Mil-Muğan”ın baş məşqçisi): “İlk oyun həmişə həyəcanlı olur. Bizdə də yeni futbolçulardan qurulmuş heyət var. Birinci hissədə bir az zəif oynadıq, ikinci hissə isə demək olar ki, tam üstünlüyümüzlə keçdi və layiqli qələbə qazandıq. Biz bir aydır birlikdə məşq edirik. Daha yaxşı olması üçün müəyyən vaxt keçməlidir. Bildiyiniz kimi, digər komandalarda da futbolçu qıtlığı var. Çalışırıq əsas yerli oyunçulara üstünlük verək, 4-5 başqa rayondan gələn oyunçu var. Çünki yerli olanda azarkeşlər də gəlirlər. Futbol izlənilir, futbolçu da ona kiminsə baxdığını görüb məsuliyyətlə oynayır. Çoxunu başqa yerdən gətirsək də, yerli azarkeşlər zəif nəticə olsa, qəbul etməyəcəklər. Yerli futbolçular arasında gələcəkdə yaxşıları üzə çıxacaq, görəcəksiniz. Komanda oyunlara yaxşı hazırlaşır. Belə döyüşkən, əzmkar kollektiv qurmuşuq. Futbolçular 20-22 yaş aralıqlarında olan idmançılardan ibarətdir. Az sayda 26-28 yaşlı futbolçumuz var. Düzdür, qələbə qazandıq, amma bu, ilk oyundur, əsas bundan sonra da qələbələrə davam etməkdir. Bizim bir az maddi problemlərimiz var. Oyunlara bir gün əvvəl getmək lazımdır, bu futbolçulara çox təsir edir. Əgər getdiyi gün oyuna çıxırsa, bu, futbolçunun gücünü yarı-yarıya azaldır. Deyək ki, Qazaxa gedirik, 6-7 saatdan sonra çatırıq, sonra meydançaya çıxırıq. Normal sərnişin belə, dincəlmədən özünə gələ bilmir, bu futbolçular necə çıxıb oynasınlar? Məsələn, avtobus problemimiz var, rahat avtobus olmadığı üçün yol bizi yorur. Meydançamız, bazamız yaxşıdır. Maliyyə məsələlərimiz yaxşı olsa, daha güclü oyun nümayiş etdirərik. İmişlidə uzun müddət idi futbol yox idi, bu komandanı sıfırdan yaratmışıq. Futbolçuların əksəriyyəti cavandır, onlarla işləmək də çətindir. Belə vəziyyətdə əlimizdə olanlardan istifadə etməyə məcburuq. Bu komandada 15 yeni futbolçu var. İnanmıram ki, başqa hansısa klubda bu qədər yeni oyunçu olar. Hədəfimiz budur ki, Azərbaycan futbolu üçün yaxşı futbolçu yetişdirək. Cavanları əsas heyətdə oynadıram, demək olar ki, 6 qolun hamısını cavanlar vurub. Bu şərtlərdə əlimizdən gələni edirik”.

RASİM MƏMMƏDLİ

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

follow site