Vaqif Sadıqov: “Çempionat hələ başlamayıb”

0

Ölkəmizdə işsiz məşqçilərin sayı kifayət qədərdir. Onlar arasında tanınmışları da az deyil ki, bu siyahıda ilk pillələrdə yer alan mütəxəssislərdən biri də Vaqif Sadıqovdur. AZAL-dan ayrıldıqdan bəri işsiz qalan təcrübəli mütəxəssisin hazırkı durumu və gələcək perspektivlərini öyrənmək üçün onun özü ilə əlaqə saxladıq. Sadıqov müsahibəsində Premyer Liqanın ilk 4 turunu da dəyərləndirdi.

 

 

– Səhhətinizlə bağlı yaranmış problemdən sonra özünüzü necə hiss edirsiniz?

– Artıq hər şey yaxşıdır. Sonuncu dəfə Türkiyədə müayinədən də keçdim, hər şey qaydasındadır.

– Bu problem nədən qaynaqlanırdı? Futbolla bir bağlılığı var idimi?

– Bu, sinirlə bağlı narahatlıq idi. Sinirlərin narahatlığı gözlərimə vurmuşdu. Bir ay ev şəraitində müalicə olundum, 2 dəfə Türkiyədə müayinədən keçdim. İndi Allaha şükür, hər şey yaxşıdır. Həyatdır, insanın başına hər şey gələ bilər. Gərgin iş qrafiki ilə çalışandan sonra belə hallar istər-istəməz olmalı idi.

– Bir ara həkimlərin televizordan, şüadan uzaq olmağı məsləhət gördüyünü demişdiniz. Həmin ərəfədə TV-də futbol gedə-gedə baxa bilməmək sizi darıxdırmırdı?

– Bəli, televizor və şüa beyinə, sinirə təsir edir. Həkimlər demişdi ki, uzaq dur, çünki baxıb həm də əsəbləşə bilərdim. Bunlardan bir az uzaq durmaq lazım idi, durdum. Bir az qapalı şəraitdə dincəlmək lazım idi. İstər-istəməz futbola baxmamaq darıxdırıcı idi, lakin mən səhhətimi daha çox düşünürdüm. Çünki əsas sağlamlıqdır, vaxtında səhhətimizi qorumalıyıq.

– Artıq çalışmağınızda bir maneə yoxdur ki?

– Heç bir maneə yoxdur. Biz həmişə Azərbaycan futboluna qulluq etmişik, bundan sonra da etməyə hazırıq.

– Məşqçilik təklifi alırsınızmı?

– Vallah, iş ondadır ki, belə bir təklif olanda, siz bizdən əvvəl bilirsiniz. Ona görə də hazırda hansısa təklifdən danışmaq olmaz. Planda işləmək var, çünki bizim işimiz budur. Peşəkar məşqçiyik, həmişə Azərbaycan futboluna xidmət etmişik, bundan sonra da əlimizdən gələni edəcəyik. Biz həmişə iş başında olmalıyıq.

-U-21-də baş məşqçi postu boşalır, təklif gəlsə, qərarınız necə olar?

– Hələ ki, təklif yoxdur, belə bir şey olandan sonra bu suala cavab verə bilərəm. İndi bu barədə nə sizə, nə də özümə məsləhət görürəm ki, ajiotaj yaradaq. U-21-in baş məşqçisi hələ də öz vəzifəsindədir. Onun istefası hələ qəbul olunmayıb, o, yığmanı tərk etməyib. Komandaya rəhbərlik edir. Baş məşqçi tərk edəndən sonra və hansısa təklif olarsa, bunu dəyərləndirmək mümkündür. Yoxsa indi bu barədə danışmağa ehtiyac yoxdur. Çünki bu, həm də etik cəhətdən yaxşı olmaz. Baş məşqçi hazırda millini Portuqaliya ilə oyuna hazırlayır (müsahibə U-21-in Portuqaliya ilə dünənki matçından öncə alınıb – red.). Bu vəziyyətdə belə söhbətlər xoş deyil. Hazırda mənim üçün əhəmiyyətli olan əsas millimizin və 21 yaşlılarımızın uğurlu çıxış etməsidir. Vacib olan budur. Biz Azərbaycan futboluna həmişə xidmət etməyə hazırıq, nə vaxt təklif gəlsə, hamı biləcək.

– Bir az da Premyer Liqa barədə danışaq. İlk 4 tura əsasən düşüncələriniz nələrdir?

– Mənə elə gəlir ki, çempionat hələ başlamayıb. Bəlkə bundan sonra başlayacaq. Bu aralar Avrokubok və milli oyunları olduğuna görə, tam uyğunlaşma hələ başlamayıb. Komandaların əksəriyyəti istənilən səviyyədə deyil. Çempionat hələ indi start götürəcək. Biz gərgin oyunları bundan sonra izləyəcəyik.

– “Sumqayıt”ın ilk pillədə olması qanunauyğunluqdurmu?

– “Sumqayıt” birinci yerə uyğun xal qazanıbsa, niyə də düzgün olmasın? Bu komandanı heç kim ilk pilləyə yerləşdirməyib. Sırf öz oyunları ilə, 9 xal toplayaraq bu pillədə qərarlaşıblar. Lakin əsas məsələ odur ki, gərək bu nəticəni qoruyub saxlayasan. O vaxt biz də AZAL-la 5 turdan sonra ilk pillədə idik. Həmin vaxt da deyirdim ki, bizim potensialımız birinciliyə yetmir. Birinci yerə yüksəlmək ilk turlarda mümkündür, amma bunu qoruyub saxlamaq çətindir. Məncə, bundan sonra “Sumqayıt”a zirvədə qalmaq çox çətin olacaq.

– “Xəzər Lənkəran”ın uğursuz startını nə ilə əlaqələndirmək olar?

– Hesab edirəm ki, “Xəzər Lənkəran” getdikcə oyunlarında öz yolunu tutacaq, çünki bu komandada potensial var. Ümumiyyətlə, məğlub olduqları oyunlarda da pis çıxış etməyiblər. Sırf nəticə baxımdan heç kimi qane etməyib. Ancaq bu klubda olan potensial onu göstərir ki, ən azı avrokuboklarda iştirak edəcək komanda olacaq.

– “Qarabağ” Avrokubok oyunlarında uğurlu çıxışını davam etdirir. Ancaq Premyer Liqaya zəif start götürdü. Sizcə, indi itirilən xallar mövsümün sonunda problem yaratmaz?

– Məncə, iki cəbhədə vuruşanda, birində zəiflik olmalıdır. İstər-istəməz çempionatımıza təsir edir. Lakin istərdim ki, həm Avrokubokda, həm də milli çempionatımızda tam heyət olaraq “Qarabağ”ın gücünü görüm. Çünki çempionluğa oynayan komanda bu yolda çətinlik çəkməmək üçün xal qazanmalıdır.

RASİM MƏMMƏDLİ

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here