Arif Quliyev: “Elə hamı məndən soruşur ki, ora hara idi?”

0
175

Dünən Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubleyi münasibəti ilə teatra qonaq gəlmiş Xalq artisti Arif Quliyevlə görüşüb onunla həmsöhbət olduq.

Arif Quliyev: “Bu teatr mənim doğma evimdir”, –  sözləri ilə söhbətinə başladı: ”Gəncliyim bu şəhərdə keçib. İlk addımlarımı da bu teatrda atmışam. Hərbi xidmətə də bu şəhərdən getmişəm. Məni hərbi hissəyə də bu teatrın kollektivi yola salıb. Mənim heç bir doğmam yox idi ki, məni yola salmağa gəlsin. Nə isə… o illər arxada qaldı. Yaxşı xatirimdədir: 1968- ci ildə 3 yerdə (Sumqayıt, Mingəçevir və Ağdamda)teatrın açılması ilə bağlı fərman verildi. O zaman Rəşid Behbudov adına Mahnı teatrı da açıldı. Onda mən ilk dəfə getdim Rəşid Behbudovun yanına. Ddedim, Rəşid müəllim mən istəyirəm sizin teatrda işləyim. O da mənə dedi ki, mən sırf musiqiçiləri götürürəm. Onda Rafiq Babayev keçdi piano arxasına. Mən də “Üzüyümün qaşı”mahnısını oxudum. Rəşid müəllim  dedi ki, bir az oxşadırsan, amma gərək öz üslubun olsun. İndi mən profesionalları yığıram, sonra gələrsən səni götürərəm. Onda mən gənclik şəhərinə – Mingəçevirə üz tutmaq qərarına gəldim. Mən o vaxtkı Krupskaya adına Bakı kitabxanaçılıq texnikumunun  aktyor və xalq teatr rejissoru fakultəsini bitirmişdim. Bəli, 1968-ci ildə gəldim Mingəçevirə. Mirbaba Xəlilov da gəlmişdi. Burada təcrübəli aktyorlar var idi. Mənim  dəqiq  yadımda deyil, 1968-ci, ya da 1969-cu ildə bura  Bakıdan xeyi qonaqlar gəlmişdi. Mən ilk dəfə bu teatrda onda çıxış etdim. Özü də tək çıxış etdim. Daha sonra “Mingəçevir teatrı qonağımızdır” verlişində çıxış etdim. Tamaşadan sonra qaldığım fəhlə yataqxanasına getdim. Bir də gördüm Hüseyn müəllim gəldi ki, tez ol, geyin səni görmək istəyən var. Mən də birindən pencək, birindən ayaqqabı almışdım geyinməyə elə onları sahiblərinə qaytarırdım. Qaytarası olmadım geyinib yenə getdim. Onda burada birinci katib Boris Mamedoviç idi. İspolkomun sədri isə Züleyxa Həsənova idi. Onlar məni təbrik edib dedilər ki, bala, hansı bölgədənsən və harda qalırsan? Dedim, mən internat uşağıyam və yataqxanada qalıram. Birinci katib onda dedi ki, bu oğlana mənim adımdan ev verilsin. Bu hadisələr teatırın açılışında olub. Və mənə Mingəçevirin Fuçik küçəsində birotaqlı mənzil bağışladılar.

Sonralar teatrda mən ilk dəfə “Almaz” əsərində Barat rolunda çıxış etmişəm. İsa Alimov, Nisə Rzayeva, Qasım Qasımov, Bilqeyis xanım kimi sənətkarlarla çalışmışam.

Mingəçevirdə olduğum müddətdə “Mingəçevir işıqları” qəzetinin baş redaktoru məni qəzetə ştatdankənar müxbir kimi  işə də götürmüşdü. Mən onda  şəhərin mədəni kütləvi tədbirləri haqqında qəzet üçün məlumatlar hazırlayırdım.Aktyorlar haqqında məqalələr yazırdım. Üstəlik, işdən sonra Toxuculuq kombinatında çalışırdım”.

“Arif müəllim, siz bu teatrın ilk  açılışında iştirak etmisiniz, bu gün isə teatr sizinlə birgə  50 illik yubleyini qeyd edir. Hansı hissləri keçirirsiniz?” sualına isə müsahibimiz belə cavab verdi: “Yarım əsrdən sonra mən yenə öz doğmalarımla birlikdəyəm. Bu mənim üçün böyük qürur və xöşbəxtlikdir. Mingəçevirin özü dəyişib, yeni binalar inşa olunub, parklar salınıb, teatrın binası yenidən əsaslı təmir olunub. Bunlar məni çox sevindirdi. Mən bu gün bura “Bəyin oğurlanması” filmindəki “sevgilimlə”, yəni Naibə Əlibəyova ilə (Gülbadam) gəlmişəm”.

 

Söhbətin bu yerində ona: “Arif müəllim, siz filmdə sevgilinizə elə hey deyirdiz ki, ora gələrsən. Ora hara idi?” sualını ünvanladıq. Arif müəllim bu sualımıza yumoru ilə cavab verdi: “Elə hamı məndən soruşur ki, ora hara idi?  Mən də deyirəm ki, xeyirdimi, mən oranın yerini deyim siz məndən qabaq gedəsiniz (gülür).

“Gülbadam xanımı yenə sevirsizmi?” sualına onların  ikisi də zarafatyana: “Özümüz bilərik”, – dedilər. Daha sonra Naibə xanım teatrın kollektivinə yeni-yeni uğurlar dilədi.

Arif müəllim yenə zarafatlarından qalmadı. Dedi ki, bu yaxınlarda səhhətində problem vardı: “Həkimə getdim, dedim, həkim, yatanda yuxuya gedirəm, yeriyəndə elə bilirəm gəzirəm, nə  danışırsız eşidirəm, danışmayanda eşitmirəm, ürəyinizdə danışanda heç eşitmirəm. Həkim mənə dedi ki, ölənə kimi yaşayacaqsan. Bu da mənə bəsdir. Hər şey yaxşıdı, dolanışığım da yaxşıdı. Allah Prezidentimizin canını sağ eləsin. Ad verdi, təqaüd alıram, daha sənətkar üçün nə etməlidir ki…”

Esmira Hidayətova, Mingəçevir.