Avropa çempionatına bu oyunla gedəcəyik?

0
364

Azərbaycan – Bolqarıstan 1:2

Qollar: D. Nazarov, 54 – İ. Miçanski, 14; V. Xristov, 87

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Mahir Şükürov, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov (22. Tərlan Quliyev, 73), 20. Ufuk Budak (17. Vüqar Nadirov, 90), 13. Dmitri Nazarov, 7. Vaqif Cavadov (21. Araz Abdullayev, 46), 10. Rüfət Dadaşov, 11. Rauf Əliyev

Ehtiyat oyunçular: 23. Səlahət Ağayev, 12. Emil Balayev, 5. Elvin Yunuszadə, 8. Ruslan Əmircanov, 18. İlkin Qırtımov, 3. Rasim Ramaldanov, 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 9. Cihan Özkara

Baş məşqçi: Berti Foqts

Bolqarıstan: 12. Vladislav Stoyanov, 4. Apostol Popov, 5. Nikolay Bodurov (k), 11. Stanislav Manolev, 14. Veselin Minev, 17. Georgi Milanov, 18. Vladimir Qadjev, 21. Svyatoslav Dyakov, 22. Georgi İliyev (8. Tofor Nedelev, 74), 7. Mixail Aleksandrov (15. Ventsislav Xrisov, 83), 19. İlian Miçanski (9. Andrey Qlabinov, 58)

Ehtiyat oyunçular: 1. İvan Çvoriç, 13. Bojidar Mitrev, 2. Strahil Popov, 3. Aleksandr Aleksandrov, 16. İlia Milanov, 6. Yordan Xristov, 10. Xristo Zlatinski, 20. Simeon Slavçev, 23. Emil Qarqorov

Baş məşqçi: Lyuboslav Penev

Sarı vərəqələr: R. Abışov, 23; V. Cavadov, 35; A. Abdullayev, 90 – V. Qadjev, 63

Hakimlər: Alon Yefet, Danni Krasikov, David Elias Bitton, Nissan Davidi

Əlavə köməkçi hakimlər: Liran Liani, Roy Reynşreyber (hamısı İsrail)

Hakim-inspektor: Krister Fallström (İsveç)

UEFA nümayəndəsi: Yevgeni Milevski (Latviya)

9 sentyabr 2014. Bakı, “Baksell Arena” stadionu

Avropanın digər milli komandaları kimi, Azərbaycan yığması da dünən qitə birinciliyinin seçmə mərhələsinə start götürdü. Avro-2016-ya final mərhələsinə vəsiqə qazanmaq hədəfi ilə başlayan millimizin yer aldığı qrupdakı ilk rəqibi Bolqarıstan idi. O Bolqarıstan ki, qrup 3-cülüyü uğrunda əsas rəqiblərimizdən biri hesab etmək olar.

Yığmamızın baş məşqçisi Berti Foqtsun deyəsən, qarşıya qoyulan hədəfdən xəbəri yoxdur. Belə olmasaydı, alman məşqçi yenə heyətdə eksperimentlər aparmazdı. Foqtsun ilk müəmmalı addımı müdafiənin sol cinahında Ufuk Budaka şans verməsi idi. Halbuki Ufukdan qat-qat yaxşı futbolçu olan Ruslan Əmircanov bu mövqedə daha yaxşı çıxış edərdi. Baş məşqçi digər milliləşən futbolçu Dmitri Nazarovu da ilk dəqiqələrdən meydana buraxmışdı. Nazarovun çiyninə bu matçda böyük yük düşmüşdü. Çünki Foqts komandanı iki hissəyə bölmüşdü: müdafiəyəmeyilli və hücumameyilli futbolçular. Orta sahədə yer alan Ruslan Abışov və Qara Qarayev hücuma, cinahlardakı və irəlidəki Vaqif Cavadov, Rüfət Dadaşov və Rauf Əliyev isə yarımmüdafiəyə kömək etmək fikrindən uzaq görünürdülər. Belədə isə Nazarov müdafiə ilə hücum arasında təkbaşına körpü rolunu oynamalı idi. Lakin yeni-yeni yığmaya çağırılan bir futbolçudan birdən-birə komandanı arxasında daşımağı gözləmək doğru olmazdı. Düzdür, Nazarov elə də pis təsir bağışlamırdı. O, topu ələ keçirdikdən sonra bir qədər məsafə qət etməli olurdu ki, hücumdakı yoldaşlarına yaxınlaşa və ötürmə verə bilsin. Bolqarlar isə kiçik foullarla buna mane olurdular.

Düzdür, komandamız qarşılaşmaya qol vəziyyətləri yaratmaqla başladı. Ancaq ilk 13 dəqiqə ərzində nə Rauf, nə də Rüfət yüz faizlik qol şansını dəyərləndirə bildilər. Əvəzində isə müdafiədə ani bir diqqətsizlik qol buraxmaqla nəticələndi. Sol cinahda özünü unutdurmağı bacaran Miçanski komanda yoldaşından ara pası alaraq, qapıçı ilə təkbətək çıxdı və Kamrana heç bir şans vermədi. Hesabda olduğu kimi, göstərilən oyuna görə də bolqarlar üstün idilər. Rəqib komanda oyuna istədiyi kimi nəzarət edir, özünü qonaq yox, ev sahibi kimi aparırdı. Bolqarıstan yığması bu üstün oyunla da fasiləyə hesabda öndə yollanmağı bacardı.

Heyət seçimindəki səhvini başa düşən Foqts fasilədən dərhal sonra Vaqif Cavadovu həm cinahlarda, həm də mərkəzdə oynamağı bacaran Araz Abdullayevlə əvəzlədi ki, orta sahədə rəqibə uduzmayaq. Məhz bunun sayəsində topa nəzarət komandamızın əlinə keçdi və tezliklə bərabərlik qolu gəldi. Oyunu yüksək səviyyədə keçirən Nazarovun təxminən 30 metrlik məsafədən qüvvətli zərbəsindən sonra yerə də dəyən top tora düşdü. Bərabərlik qolundan sonra qarşılaşmada temp xeyli aşağı düşdü. Hər iki komanda böyük qüvvə ilə hücuma atılmağa cürət etmirdi. Yalnız bolqarlar ara-sıra uzaq məsafədən şanslarını yoxlayırdılar. Artıq hər kəs qarşılaşmanın bu hesabla bitəcəyini gözlədiyi bir vaxtda müdafiədə növbəti kobud anlaşılmazlıq məğlubiyyətimizə gətirib çıxardı. Kornerdən ötürmə zamanı heç kim topa toxuna bilmədi, nəticədə uzaq küncdə nəzarətsiz qalan Xristov başla toru silkələdi. Beləliklə, Avro-2016-nın final mərhələsini hədəfləyən Azərbaycan yığması elə ilk oyunundaca, üstəlik, öz meydanında məğlubiyyətə düçar oldu.

Lyuboslav Penev: “Nəticə yoxdursa, baş məşqçi istefa verməlidir. Mən hələ dünən sizə demişdim ki, Azərbaycan millisinin necə oynadığını bilirik. Bu gün şanslarımızdan yararlandıq. Azərbaycan millisindən belə zəif oyun gözləyirdim. Biz oyuna 1 aydan çox hazırlaşmışdıq və taktiki cəhətdən komandanızı yaxşı təhlil etmişdik. Bu gün 1 xal qazansaydıq da, mən hesabla razı olardım”.

Berti Foqts: “İki kobud səhvə yol verdik. Rəqib də bundan yararlandı. Hesabı bərabərlışdirsək də, təəssüf ki, qol buraxdıq. 70 dəqiqə rəqiblə bərabər səviyyədə oynadıq. Sonra güc qalmadı və səhvlərə yol verdik. Müdafiədə çətinliklər var idi. Vladimir Levin, Elnur Allahverdiyev kimi təcrübəli futbolçu yox idi. 10 gün ərzində futbolçularda fiziki hazırlığı yüksək səviyyəyə gətirə bilmərəm. Avrokuboklarda klubların oyunları təxirə salınır. Ona görə də bu qısa müddətə mən onların səviyyəsini qaldıra bilmərəm. Bu matçdan sonra işimiz çətinləşdi. Mən qələbə düşünmüşdüm. Amma belə olmadı. Əlimizdə olan futbolçulardan istifadə etməliyəm. 4 braziliyalı futbolçudan yararlana bilmərəm. İşimiz çoxdur. Mən gənclərə inanıram”.

Ruslan Sadıqov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here