“Ərazi bütövlüyünün toxunulmazlığı bütün ölkələr üçün əsas şərtdir”

0
166

“Bakıda keçirilən “Şərq Tərəfdaşlığı” proqramının xarici işlər nazirlərinin görüşü iştirakçı ölkələrin Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsinə imkan yaradacaq”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən 4-cü qeyri-rəsmi görüşünün açılışında deyib. Nazir bildirib ki, Azərbaycan bu il çox intensiv şəkildə Avropa İttifaqı ilə inteqrasiya məsələlərini müzakirə edib.

Aİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle  isə çıxışında bəyan edib ki, “Şərq Tərəfdaşlığı”na daxil olan 6 ölkə Aİ üçün vacib ölkələrdir: “Biz bu altı ölkənin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”.

Ş. Füle qeyd edib ki, toplantıda regionda baş verənlər müzakirə olunacaq: “Bu görüş Avropa İttifaqını daha yaxından anlamağa, sülh və sabitlik üçün birlikdə nələr edə biləcəyimizi müəyyənləşdirməyə imkan verəcək”. Avropalı komissarın fikrincə, bu görüş tərəflər arasında həmrəyliyi və etimadı gücləndirəcək.

Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Helqa Şmidt isə Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığı gələcəkdə daha da möhkəmləndirmək istədiyini vurğulayıb: “Xüsusilə bizim üçün çox vacib olan enerji və təhlükəsizlik sahələrində”.

 

E. Məmmədyarov Ş.Fülenin Azərbaycanda vətəndaş cəmiyyətinin durumu və QHT-lərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Qeyd edək ki, Ş. Füle Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycanın Avropanın ən nüfuzlu təşkilatlarından biri olan Avropa Şurasına sədrlik etdiyini xatırladaraq ümid etdiyini bildirib ki, Azərbaycan sədrliklə yanaşı, öz ölkəsində həmin dəyərləri və prinsipləri daha dərin bərqərar edəcək.

Azərbaycan XİN rəhbəri qeyd edib ki, Azərbaycan QHT-lərlə bağlı daha çox şəffaflığa nail olmaq istəyir: “QHT-lər Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidirlər. Azərbaycan demokratik və açıq cəmiyyət yaradır. İnsan hüquqlarına gəlincə, qanunun aliliyinin pozulması mümkün deyil. Bəzi beynəlxalq QHT-lər, təşkilatlar Azərbaycanı bu sahədə tənqid edirlər. Amma Azərbaycan bu ölkələr sırasında sonuncu deyil”.

E. Məmmədyarov bildirib ki, ərazi bütövlüyünün toxunulmazlığı bütün ölkələr üçün əsas şərtdir və beynəlxalq səviyyədə tanınan sərhədlər dəyişdirilə bilməz.

Nazir “Şərq tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin Bakı görüşünün maraqlı və səmərəli keçdiyini vurğulayıb. O, tərəflərin enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, viza  rejiminin sadələşdirilməsi prosesi və digər məsələləri müzakirə etdiklərini deyib.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here