Oleq Kuznetsov: “Erməni terroru transmilli terrora qədər yüksəlib”

0
99

Mingəçevirdəki H.Əliyev mərkəzində  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü, rusiyalı politoloq və hüquqşünas alim Oleq Kuznetsov ”Erməni millətçiliyi və alman nasizmi arasında ideoloji bağlantı”mövzusunda mühazirə oxuyub.

Tədbiri giriş sözü ilə açan Mingəçevir İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev  erməni terrorizmini, xalqımıza qarşı törədilən cinayətləri tarixi faktlar əsasında daha dolğun və həqiqətlərə uyğun açıb göstərdiyinə görə Oleq Kuznetsova təşəkkürünü bildirib.

Oleq Kuznetsov çıxışında əvvəcə qeyd edib ki,  ermənilərin Azərbaycana torpaq iddiaları tarixin bütün dönəmlərində olub. Əslində məsələ tək bununla bitməyib. Erməni terroru transmilli terrora qədər yüksəlib. Tarixçi alim gənclərə beynəlxalq terrorizm və erməni terrorizmi haqqında apardığı araşdırmalar barədə danışıb. Professor bildirib ki, o, uzun müddət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlama səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri tədqiq edib, bu barədə həm Rusiyanın, həm də respublikamızın arxiv və məhkəmə materiallarından istifadə edərək hadisələrin real təsvirini yaratmağa nail olub.

 

O.Kuznetsov qeyd edib ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin üzərindən məxfilik qrifi götürülmüş arxiv materialları sovet dövlət təhlükəsizliyi orqanlarında Ermənistanda nasizm ideologiyasının mövcudluğunu təsdiq edən sənədlərin olduğunu üzə çıxarıb:

“Erməni millətçiliyi və onun daşıyıcısı “Daşnaksütun” partiyası 1930-cu illərin ortalarınadək SSRİ dövlət təhlükəsizliyi orqanları tərəfindən ideoloji düşmən kimi qəbul edilib. Hələ o zaman daşnaklar nəzarət altında saxlanılırdı, daha fəal üzvlər isə hətta sürgün edilirdi”.

Tarixçi vurğulayıb ki, Rusiya Dövlət Arxivinin SSRİ Daxili İşlər Xalq Komissarlığı fondunda Almaniya ordusunun əsir əsgərlərinin erməni millətçilərinin Üçüncü reyxə xidmət üçün cəlb olunması ilə bağlı dindirilməsi materialları yer alıb: “Onlardan biri nasist Almaniyasının baş təhlükəsizlik idarəsinin agenti, əslən Şamaxıdan olan və müharibəyə qədər Avstriyada yaşamış Peter Kamsarakyan olub. Sovet xüsusi xidmətləri üçün Kamsarakyan informasiya mənbəyi kimi vacib əhəmiyyət daşıyırdı, ona görə də onun işinə SSRİ daxili işlər naziri, general-polkovnik Kruqlov bilavasitə nəzarət edirdi. 1948-ci ilin noyabrında “tam məxfi” qrifi altında onun imzası ilə cəmi altı nüsxədə Stalin, Molotov, Beriya, Malenkov və digər rəsmilərin adına arayış tərtib olunmuşdu”.

Mühazirədən sonra ünvanlanan suallar ətrafında geniş diskusiya şəkilində müzakirələr aparılıb.

Qeyd edək ki, tədbir Bilik fondunun və Mingəçevir İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə müəllimlər, tələbələr və şagirdlər iştirak ediblər.

Esmira Hidayətova, Mingəçevir