“Fotolar imkan verir ki…”

0
10

Milli Kinomuzun 120 illiyi çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizdə müxtəlif silsilə tədbirlər keçirilir. “Azərbaycan kinosu çəkiliş meydançalarında” adlı fotosərgi də bu qəbildən hesab edilir. Bu sözləri sözügedən sərginin açılışında Mədəniyyət Nazirliyinin sektor müdiri Cəmil Quliyev deyib.

Sərginin Dövlət Film Fondu və Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunduğuna diqqət çəkən C.Quliyev deyib ki, ekspozisiyada Film Fondunda qorunub saxlanılan nadir fotolar nümayiş edilir: “Bu gün biz ötən zamanla qarşılaşırıq. Fotolar imkan verir ki, həyatda olmayan mərhum kino sənətkarlarımızı yad edək. Bu mənada sərgi olduqca əhəmiyyətlidir”.

Azərbaycan kinematoqrafiyasının uzun və zəngin yaradıcılıq yolu keçdiyini xatırladan natiq bildirib ki, bu gün Dövlət Film Fondunda milli kinomuzun müxtəlif məqamlarını əks etdirən minlərlə foto saxlanılır. Vurğulayıb ki, bunların arasında müxtəlif fotoqraflar tərəfindən çəkilmiş film istehsalı proseslərini əks etdirən fotoşəkillər diqqəti cəlb edir. Bu fotoşəkilləri nəzərdən keçirəndə sanki Azərbaycan kinosunun səhifələrini vərəqləyirsən.

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, Əməkdar mədəniyyət işçisi Pərviz Quliyev çıxış edərək mili kinonun keçdiyi inkişaf yoluna nəzər salıb, sərginin əhəmiyyətindən danışıblar.

Sonra qonaqlar sovet dönəmində istehsal olunmuş klassik Azərbaycan filmlərinin çəkiliş proseslərini əhatə edən 50-dək fotonun nümayiş edildiyi sərgiyə baxıblar.