Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması vacibdir

0
88

Mingəçevirdə “Milli-mənəvi dəyərlərimiz dünən,bu gün,sabah”mövzusunda seminar-treniq keçirilib. Tədbiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev açaraq mövzu ətrafında qısa çıxış edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun fəaliyyəti haqqında qısa məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə yaradılmış Fond mənəvi dəyərlərin qorunması və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına dəstək göstərir. Hər bir xalqın varlığını qoruyan əsas amillərdən biri də milli-mənəvi və dini dəyərlərdir və Azərbaycan xalqı da zəngin mənəvi, dini dəyərlərə sahibdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analtik şöbəsinin müdiri Rəşad İlyasov çıxışında  mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyinə toxunub, dini dəyərlərimizin mənəvi dəyərlərimiz içərisində özünəməxsus yerinin olduğunu qeyd edib.

Mingəçevir Dövlət Universitetinin  müəllimi Zenfira Əzizova öz çıxışına  Ümummilli Liderimizin milli mənəvi dəyərlərlə bağlı fikri ilə başlayıb: “Ulu öndər Heydər Əliyev deyib: “Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz… Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”.  Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır”.

Mingəçevir Bələdiyyə üzvü Zahid Qasımlı milli-mənəvi dəyərlərlə bağlı çıxışında  bildirib ki, öz soykökünə, tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər müəyyən zaman kəsiyində “əriyib” yox olmuş və tarix səhnəsindən birdəfəlik silinmişlər. Hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir”.

Tədbirdə MDU, Turizm və Tibb kolleclərinin tələbələri, orta məktəb müəllimləri, gənclər, ictimayyətin digər nümayəndələri də iştirak ediblər.Tədbir mövzuya aid sual-cavablarla yekunlaşıb.

Esmira Hidayətova, Mingəçevir