Şimal bölgəsində dulusçuluq sənətinin “sonuncu mogikan”ı

0
20

Quba rayonun Yenikənd kəndində yaşayan Nəcəf Qədirov şimal bölgəsində dulusçuluqla məşğul olan yeganə sənətkardır. Otuz ildən çoxdur dulusçuluqla məşğul olan sənətkar bu işi hərbi xidmətdən qayıtdıqdan sonra həmkəndlilərindən öyrənib. Ötən əsrin səksəninci illərində Yenikənddə dulusçuluqla məşğul olan 6-7 tanınmış sənətkar olub. İndi isə qədim sənətkarlıq ənənəsini yalnız 53 yaşlı Nəcəf Qədirov yaşadır.

“Mən bu sənəti kəndimizdə yaşayan Yusif və Səfər adlı dulusçulardan öyrənmişəm. Onların hər ikisi dünyasını dəyişib. 22 yaşımdan bu işin “qulpundan yapışmışam”. Bizim üçün xammal gilli torpaqdır. Həmin torpağı yük maşınları ilə gətirib həyətdəki xəndəyə boşaldırıq. Üstünə də müəyyən qədər su tökürük. Bir həftədən sonra həmin gilli torpaqdan hissə-hissə götürüb işləyirəm. Gilli torpaq ilkin mərhələdə əzilir, yumşaq hala salınır və yoğurularaq kündəyə çevrilir. Daha sonra ayaqla hərəkətə gətirilən çarxın üzərində gildən qablar hazırlayıram”, – deyə sənətkar bildirib.

Nəcəf Qədirov deyib ki, son illər dulusçuluq məmulatlarına tələbat xeyli artsa da bu işlə məşğul olan sənətkarların sayı azalıb. Müştərilər daha çox nehrə, küp, bardaq, kuzə, kasa, piti qabları və başqa gil məmulatlar sifariş edirlər.

Dulusçuluqla məşğul olan sənətkarların sayı az olduğundan usta sifarişlərin hamısını qəbul edə bilmir. O deyir: “Gün ərzində təxminən 8 saat çalışıram. Mən bu sənətsiz yaşaya bilmirəm. Bir gün işləməsəm özümdə olmuram. Dəzgahın arxasında vaxt necə keçir bilmirəm, amma işləməyəndə bir gün mənə bir il kimi gəlir. Təəssüf ki, indiki gənclər dulusçuluqla məşğul olmağa həvəsli deyil. Kim istəsə məmnuniyyətlə öyrədərəm. Mən ustadlarıma rəhmət oxuyuram. İstəyirəm mən dünyadan köçəndən sonra bu sənəti öyrətdiyim insanlar da məni yad etsinlər. Dulusçuluq gəlirli sahədir. Sadəcə bacarıq və həvəs lazımdır”.

Qubalı dulusçu daha çox nehrə hazırlanmasına üstünlük verir. Nehrə üçün iki ayrı-ayrı hissə hazırlanaraq birləşdirilir. Əllə hazırlanmasına baxmayaraq, qabların simmetrik formaya salınması ustalardan bacarıq tələb edir. Gilin nehrə formasına salınması üçün təxminən bir saat vaxt sərf olunur. Bir gün sonra qulpları qoyulan nehrələrin tam quruması üçün bir aya yaxın gözləmək lazımdır. Daha sonra quruyan nehrələr kərpicdən hörülmüş kürələrdə 1200-1300 dərəcədə bişirilir.

Hazırladığı nehrələri Nəcəf Qədirovdan 15 manatdan alırlar. Digər dulusçuluq məmulatlarının qiyməti isə 80 qəpikdən 15 manatadək dəyişir.

“Dulusçuluq məmulatları təbii olduğundan içərisində saxlanılan məhsullar heç bir mənfi təsir göstərmir. Adi suyu saxsı bardaqda saxlasan sərin və təmiz qalır. Plastik qabda isə su bir müddət sonra iylənir. Pendir, yağ, doşab və s. ərzaqlar da küplərdə, ağartı məhsulları isə saxsı qablarda saxlanılarsa daha keyfiyyətli qalar. Nə qədər yeni, müasir formalı qablar ortaya çıxsa da, qədim məişət nümunələrimiz heç də onlardan geri qalmır”, – deyə dulusçu Nəcəf Qədirov söyləyib.

Sənətkar bildirib ki, indi məişətdə işlətdiyimiz müxtəlif formalı qablarla yanaşı, müasir tələbata uyğun məmulat nümunələri də hazırlayır. Son illər istirahət mərkəzləri, restoranlar ona həm də dekorativ görüntü üçün istifadə olunan gil qablar sifariş verirlər.

Üç övlad atası olan Nəcəf Qədirovun qızları ailə qurub, oğlu isə Sumqayıt Dövlət Universitetində təhsil alır. azertac