Mingəçevir Turizm Kollecinin  bir qrup tələbəsi  Zaqatala-Balakən bölgəsində olub

0
49

     Mingəçevir Turizm Kollecinin “Ekskursiya və Səyahətlər” şöbəsi  ötən illərdə  olduğu kimi 2018-2019-cu tədris ilində  də tələbələrin iştirakı ilə silsilə ekskursiyaların təşkilinə  start verib. Bu qəbildən  ilk  ekskursiya bu günlərdə ölkəmizin şimal-qərb bölgəsində keçirilib. Ekskursiyada “Turizm və onun təşkili”, “Turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi”, “Bələdçilik işi”, eləcə də “Muzey işi və abidələrin mühafizəsi” ixtisasları üzrə təhsil alan  tələbələri və kollecin müəllimləri iştirak ediblər.

Ekskursiya zamanı  tələbələr ilk öncə Qax rayonu ərazisində yerləşən tarixi memarlıq abidələri ilə tanış olublar. Daha sonra Zaqatala rayonunda yerləşən XIX əsrə aid məscidə baxış keçirilib. Tarixi abidə ilə tanışlıq tələbələrin qəlbində xoş təəssürat oyadıb. Tələbə gənclər Zaqatala rayonu ərazisində yerləşən otel, mehmanxana kompleksləri ilə də tanış olmaq fürsəti əldə ediblər.

Səyahətin növbəti ünvanı Balakən rayonu olub. Burada gəzintiyə çıxan gənclər Balakən rayon mərkəzinin gəzməli-görməli yerləri ilə tanış olub, Bayraq meydanını ziyarət ediblər. Onlar rayon mərkəzində yerləşən 4 ulduzlu “Quben” otelinə də baş çəkiblər. Daha sonra tələbələr rayon ərazisində turizm məqsədilə yaradılmış kanatla ərazini dolaşaraq müasir turizm obyektlərini və oradakı xidmət səviyyəsini yaxından izləyiblər. Ekskursiya ərzində maraqlı anlar yaşanıb, tələbə gənclərə rayonun turizm potensialı və digər özəllikləri barədə ətraflı məlumatlar verilib. Eyni zamanda əraziyə daxil olan əlamətdar ünvanlarda çoxsaylı xatirə şəkilləri çəkdirilib.

Esmira Hidayətova, Mingəçevir