Paşinyanın arvadını irəli vermək “taktikası”

0
17

Emənistanın baş naziri Nikol Paşinyanın zövçəsi Anna Hakopyan Rusiyadan olan ictimai xadimlərlə, daha doğrusu, rəfiqələri ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib və təmas xəttindəki erməni hərbi birləşmələrinə baş çəkib. Onlar təmas xəttində müharibəyə qarşı bəyanatlar da səsləndiriblər. Hətta “Bu müharibəni bitirmək lazımdır” deyiblər.

Bəli, həqiqətən də müharibəni bitirmək lazımdır. Özü də bu, o qədər müşkül məsələ deyil. Amma özünü “sülh göyərçini” kimi təqdim edən Anna Hakopyanın məqsədi əslində bu deyil. Belə ki, Anna Hakopyanın “sülhsevərliyini” analiz edənlər belə qərara gəliblər ki, onun çıxışları əslində əri Nikol Paşinyanın populist çıxışlarından əsla fərqlənmir. Yəni o, bu addımı ilə ərinin Ermənistanı məhvə sürükləyən siyasətini dəstəkləməkdədir.

Belə ki, əgər Anna Hakopyan həqiqətən sülh tərəfdarı olsaydı, ilk növbədə ərinin yaxasından yapışıb deməli idi ki,  bizim ordumuzun özgə torpaqlarında nə işi var? Axı, işğal etdiyimiz Dağlıq Qarabağ və digər ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. Mən hələ hazırda məskunlaşdığımız İrəvanı demirəm. Gec-tez Azərbaycan öz torpaqlarını alacaq. Axı niyə mənim balam bizə heç bir aidiyyatı olmayan ərazidə hərbi xidmətdə olmalıdır? Olmaya sən baş nazir kimi anaları gözü yaşlı qoyacağın barədə hansısa öhdəlik götürmüsən? Axı, əsgərlərimiz Ermənistan hökumətinin apardığı işğalçılıq siyasətinin qurbanı olurlar. Odur ki, gənclərimiz ölkədən baş götürüb qaçır, iqtisadiyyatımız tamamilə çökür. Azərbaycanın sayəsində beynəlxalq aləmdən demək olar ki, təcrid olunmuşuq, Avropaya bir babat çıxışımız da yoxdur. Beynəlxalq aləmdə daha bizim yalanlarımıza inanan da qalmayıb. İşğalçılıqla üzləşən Azərbaycan daim münaqişənin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edir. Hətta indiyədək münaqişənin həlli olunması ilə bağlı kifayət qədər konstruktiv addımlar da atıb.  Sən isə gic-gic bəyanatlarınla vəziyyəti daha da kəskinləşdirirsən. Vallah, bu dəfə Azərbaycan Ordusu üstümüzə gəlsə, gizlənməyə belə yer tapmayacağıq. Bir sözlə, nə qədər ki, Ermənistan işğalçılıq siyasəti həyata keçirəcək, o vaxta qədər də erməni analarının gözü yaşlı qalacaq.

Amma Anna Akopyan bunları dilinə belə gətirmir. Çünki Ermənistanın baş nazirinin xanımının məqsədi anaların göz yaşlarını qurutmaq deyil, öz ərinin düşünülməmiş siyasətini erməni anaları qarşısında ört-basdır etməkdir. Bəzi politoloqların fikrincə,  bu “təşəbbüs” seçkilər öncəsi Ermənistanın daxili auditoriyasına hesablanıb. Anna Hakopyanın digər məqsədi isə qondarma rejim tərəfindən Nikol Paşinyana qarşı yarana biləcək hərbi çevriliş cəhdlərinin qarşısını almaq və qondarma “Dağlıq Qarabağ respublikası” rejimi ilə Paşinyan arasındakı münasibətləri tənzimləməkdir. Anna Hakopyan bu addımı ilə həm də Rusiyanı Ermənistandan incik salmış Nikol Paşinyanın günahlarını yumaq niyyətindədir. Yəni onun amalı əslində rəsmi Kremlə yarınmaqdır. Amma görünən budur ki, Rusiya buna əsla əhəmiyyət vermir. Elə  həmin ölkənin mediasının Anna Hakopyanın “təşəbbüsünə” reaksiya verməməsi buna sübutdur. Bunu Moskvanın Bakıya dəstəyinin açıq nümunəsi kimi dəyərləndirmək olar. Onu da qeyd edək ki, erməni şərhçi Romella Mnasakanyan yazıb ki, Anna Hakopyanın özü ilə Qarabağa gətirdiyi qadınlar Rusiyada Putinə qarşı çıxanlardır.

Bütün bunları bir daha analiz edəndə belə qənaətə gəlmək olar ki, Ermənistanın baş naziri Nikol Paşinyanın zövçəsi Anna Hakopyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri müharibəyə təşviqdir. Başqa sözlə desək, qəsdən vəziyyətin gərginləşdirilməsinə hesablanmış addımdır. Belə ki, Anna Hakopyanı “sülh göyərçini”nə çevirmək ideyası da elə əri Nikol Paşinyana məxsusdur. Doğrudur, əri kimi siyasi savadı olmayan Anna Hakopyan bu kampaniyanı dövlətin adından deyil, qadınların və anaların adından apardığını bildirib. Şübhəsiz, bu, xalis erməni riyakarlığının növbəti örnəyidir. Unutmayaq ki, tarix boyu Nikol Paşinyanlar arvadları irəli vermək “taktikası”ndan kifayət qədər yararlanıblar.

Qvami Məhəbbətoğlu, “İki sahil”