Mingəçevirdə “Sağlam bədən, sağlam təhsil” devizi altında tədbir keçirilib.

0
218

  Azərbaycan Respublikası Təhsil Nazirliyi təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən  layihə çərçivəsində Mingəçevirdəki 12 saylı məktəbdə “Sağlam bədən, sağlam təhsil” devizi altında tədbir keçirilib. Bayrağımız tədbirə gətirildikdən sonra himnimiz ifa olunub. Layihənin qalibi 12 saylı məktəbin idman  müəllimi Namiq İbrahimli giriş sözü ilə tədbiri açaraq bildirib ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. O daha sonra  məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən, məktəbdənkənar asudə vaxtın səmərəli təşkilindən danışıb. Onun sözlərinə görə, bu kimi məsələlərdə fiziki idman dərsləri böyük əhəmiyyət kəsb edir. O bildirib ki, məktəblilər və məktəblərarası şahmat, futbol, voleybol, qaçış və basketbol üzrə yarışlar təşkil etmək şagirdlərin  sağlam ruhda təhsil almalarına şərait yaradır.

 

Tədbirdə məktəbin direktoru Həqiqət Şahmuradova, Gənclər evinin nümayəndəsi Rəşad Qurbanov çıxış edərək bildiriblər ki, gələcəkdə təhsillə bağlı keçirilən bu kimi layihələrin sayı çox olsun və məktəblilər də bu layihələrdə iştirak etsinlər. Çıxış edənlər keçiriləcək məktəblər arasındakı idman yarışlarına uğurlar arzulayıblar.

Tədbirdə Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzinin “Sevinc”rəqs qrupunun ifasında şən rəqs nömrələri nümayiş olunub. Daha sonra məktəblər arasında minifitbol üzrə yarışlara start verilib.

 

Qeyd edək ki, birinci yerə Mingəçevir şəhər liseyi, 2 ci yerə 20 saylı məktəb, 3 cü yerə isə 6 saylı məktəb çıxıb. Qaliblərə kubok, qalan iştirakçılara isə sertifikatlar təqdim olunub.

 

Esmira Hidayətova, Mingəçevir