Maşınqayırma sənayesinin inkişafında yeni mərhələ

0
15

Son illlər ölkəmizdə avtomobil və traktor istehsalına da önəm verilməkdədir. Belə ki, 2004-cü ildə Minsk Avtomobil Zavodu ilə əməkdaşlıq çərçivəsində fəaliyyətə başlayan, traktor və digər kənd təsərrüfatı maşınları istehsal edən Gəncə Avtomobil Zavodunda bu il 10 mininci traktor istifadəyə verilib.

Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu traktorlara ölkə daxilində böyük maraq göstərildiyini və fermerlər tərəfindən yüksək qiymətləndirildiyini vurğulayaraq demişdir: “Əgər vaxtilə bu zavod yaradılmasaydı, bu traktorları istehsal etməsəydi, həmin texnikanın hamısını biz xaricdən alası olacaqdıq və nə qədər pul xərcləyəcəkdik. İndi isə biz həm ixrac edirik, həm də üçüncü ölkələrdə “Gəncə-Belarus” traktorlarının istehsalına başlayırıq”.

2015-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq, hazırda Gəncə Avtomobil Zavodunda “KamAZ” və “Ural” markalı yük maşınları da yığılır. Sentyabrın 12-də Bakıda keçirilmiş Azərbaycan-Çexiya biznes forumunda məlumat verilmişdir ki, Gəncə Avtomobil Zavodu və Çexiyanın “Tatra” şirkəti arasında Azərbaycanda yük maşınlarının yığılması barədə əməkdaşlığa dair memorandum imzalanıb və hazırda bu sahədə hazırlıq işləri davam etdirilir.  İqtisadiyyat naziri Şahin Mustafayev Gəncə Avtomobil Zavodunun bazasında “Tatra” markalı yük avtomobillərinin yığılmasının başa çatdırılmasınin növbəti 2 il ərzində mümkün olacağını söyləyib.

2010-cu ildən fəaliyyət göstərən Naxçıvan Avtomobil Zavodunda isə bu günədək 5 mindən çox avtomobil istehsal olunub. Hazırda zavodda dizayn və parametrlərinə görə müasir biznes sedan olan “NAZ-LİFAN 820” və “NAZ-LİFAN 330” modelləri, satış sayına, keyfiyyətinə və dözümlülüyünə görə zavodun flaqmanı olan “NAZ-LİFAN 620” modelinin yeni dizayn və yeni ekonomik mühərriklə təchiz edilmiş “NAZ-LİFAN 650” (“NAZ-LİFAN 620-II”) modeli və krossover sevənlər üçün xarici və daxili görünüşü yenilənmiş, yanacaq sərfiyyatı daha az olan mühərriklə təchiz edilən “NAZ-LİFAN X60” modeli istehsal olunur. Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayevin verdiyi məlumata görə, Naxçıvanda elektriklə işləyən avtomobillər istehsal ediləcək. Bununla bağlı Naxçıvan Avtomobil Zavodunda hazırlıqlara başlanılıb. Layihənin qısa zamanda həyata keçirilməsi planlaşdırılır.

Bir il əvvəl isə Neftçala Sənaye Məhəlləsində açılmış “Xəzər” Avtomobil Zavodunda ildə 10 min avtomobil istehsal edən zavod fəaliyyətə başlayıb. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulan bu Azərbaycan-İran birgə müəssisəsində “Peugeot”, “Renault” avtobillərinin bir sıra modellərinin istehsalı da nəzərdə tutulub.

Artıq           Azərbaycan istehsalı olan “Xəzər” avtomobilləri cari ilin avqust ayında Moskvada keçirilən beynəlxalq avtomobil sərgisində təqdim olunub və “Xəzər LD”, “Xəzər SD” maraqla qarşılanıb.

Neftçala Sənaye Məhəlləsinin fəaliyyətini yüksək qiymətləndirən  Prezident İlham Əliyev demişdir ki, bu nəticələr deməyə əsas verir ki, yaranmaqda olan Hacıqabul, Masallı və Sabirabad sənaye zonalarının fəaliyyəti də uğurlu olacaq. Artıq dövlət başçısı uzaqgörənliklə dediyi bu sözlər həqiqətə çevrilməkdədir. Belə ki, yeni yaradılan Hacıqabul Sənaye Məhəlləsində aztonnajlı yük maşınlarının istehsalı ilə bağlı danışıqlar yekun mərhələdədir. Bu barədə Prezident İlham Əliyev IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində məlumat vermişdir. Dövlətimizin başçısı demişdir ki, maşınqayırma Azərbaycan-Rusiya əməkdaşlığında nisbətən yeni sahədir: “Azərbaycanda artıq “KamAZ”, “Ural” avtomobilləri buraxılır. Artıq yüzlərlə belə avtomobil konveyerlərdən düşürülüb. Eləcə də, bizim ölkəmizdə “QAZ” avtomobillərinin istehsalı haqqında razılıq əldə olunub”. Artıq “Azərmaş” ASC və Qorki avtomobil zavodu arasında “QAZ” kommersiya avtomobillərinin Azərbaycanda yığılmasının inkişaf etdirilməsi sahəsində əməkdaşlıq haqqında Memorandum” da imzalanıb. Bu sənədə görə, 2019-cu ilin sonunadək Hacıqabulda QAZ markalı avtomobillərin yığılması təmin olunacaq.

Qorki Avtomobil Zavodunun marketinq və satış departamentinin direktoru  Mixail Baxtarin bildirmişdir ki, ildə minədək avtomobil istehsal etmək gücünə malik zavodda  “QAZel Next” və “QAZel Biznes” kiçiktonnajlı kommersiya, habelə “QAZon Next” ortatonnajlı yük avtomobillərinin yığılması planlaşdırılır. Baza modelləri əsasında xüsusi texnikanın müxtəlif variantlarının, o cümlədən bələdiyyə xidmətləri üçün avtomobillər, təcili tibbi yardım avtomobilləri, məktəb üçün mikroavtobusların istehsalının təşkili də gündəmdədir. Avtomobillərin istehsalında Azərbaycanda istehsal edilmiş komponentlərdən də istifadə olunacaq. Rusiyalı mütəxəssislərin fikrincə, Azərbaycanın logistika imkanları da genişdir. Bu isə “QAZ” maşınlarının Mərkəzi Asiya ölkələrinin bazarına çıxmasına da şərait yarada bilər. Rusiya Prezidenti Vladimir Putin bununla bağlı bu sözləri söyləmişdir: “Biz maşınqayırma sahəsində kooperasiyanın dərinləşdirilməsi üçün yaxşı imkanlar görürük”.

Qeyd edək ki, Azərbaycanda ağır sənaye və maşınqayırma sahəsində strateji hədəflər iki il əvvəl müəyyən edilib. Belə ki, bu hədəflər Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb. Şübhəsiz, bu istiqamətdə atılan hər bir addım Azərbaycan iqtisadiyyatına öz töhfəsini verir. Nəzərə almaq lazımdır ki, avtomobil istehsalı bir sıra tələbatların ödənilməsi baxımından önəmlidir. Belə ki, belə müəssisələrin istehsalı avtomobil idxalının azalmasını təmin edir. Məlumdur ki,  avtomobil idxalı ölkədən valyuta aparan inhisar növlərindən biridir. Digər tərəfdən, istehsal edilən avtomobillərin fərqi və qiymətlərinin aşağı olması azatəminatlı ailələrin avtomobil ehtiyacının ödənilməsi üçün də əhəmiyyətlidir. Ən əsası bu sahənin belə irəliləməsi həm də qeyri-neft sektorunun inkişafına birbaşa müsbət təsirini göstərir.

Qvami Məhəbbətoğlu, “İki sahil”