Saman çöpündən yapışmaq cəhdi Ermənistanı xilas edəcəkmi?

0
19

58 dövlətin təmisl olunduğu Beynəlxalq Frankofoniya Təşkilatı adlı bir qurum var ki, onun da əsas məqsədi həm fransız dilini, həm də insan hüquq və azadlıqlarını, sülhü, əmin-amanlığı təşviq etməkdir. Amma belə bir təşkilatın 17-ci zirvə görüşünün 11-12 oktyabr tarixlərində İrəvanda keçiriləcəyi əsla başadüşülən deyil. Bununla bağlı açıqlamalar verən siyasətçilər də bu məqamı  xüsusi vurğulayırlar. Onlar qeyd edirlər ki, görəsən Ermənistan əhalisi nə vaxtdan frankofon, yəni fransız dilini bilən olub? Axı həmin ölkədə heç əhalinin 0,01 faizi bu dili bilmir. Hətta hazırda orada fransız dilinin səviyyəsi sovetlər birliyi dönəmindəkindən də aşağıdır. Bu mənada Ermənistanın fransız dilinə maraq göstərməsindən söhbət gedə bilməz.

Digər tərəfdən, hazırda hərc-mərcliyin hökm sürdüyü bu işğalçı ölkə iqtisadi, siyasi, mədəni baxımdan özünün ən ağır günlərini yaşayır. Bu gün də burada hakimiyyət uğrunda amansız mübarizə gedir. Bu mənada Ermənistan olduqca təhlükəli bir ölkədir. Elə bu günlərdə İrəvanın mərkəzi restoranlarının birində “Çiçəklənən Ermənistan” partiyasının üzvü, sabiq deputat Karo Karapetyan öz həmkarı tərəfindən güllələnmədimi?

Öz ölkəsində etnik təmizləmə siyasəti həyata keçirən, Azərbaycanın ərazilərinin 20 faizini işğal edən, bir milyondan çox azərbaycanlını evindən, yurdundan didərgin salan, XX əsrin ən böyük faciələrindən birini – Xocalı soyqırımını törədən, bu gün də qonşu ölkələrin ərazilərində gözü olan, faşizmi təbliğ edən Ermənistan insan hüquq və azadlıqlarından, əmin-amanlıqdan, sülhdən nə danışa bilər? Elə bu kimi səbəblərdən təşkilatda təmsil olunan bəzi dövlətlərin aşağı səviyyəli nümayəndə heyətləri ilə həmin tədbirdə təmsil olunacaqları gözlənilir.

Qeyd edək ki, bu zirvə görüsündə iştirak edənlər arasında Azərbaycanla dost münasibətdə olan ölkələr də var. Görünür, Azərbaycanın sayəsində beynəlxalq layihələrdən kənarda qalmış və dünya miqyasında nüfuzunu itirmiş rəsmi İrəvanın məqsədi həmin ölkələrin respublikamızla münasibətlərinə zərbə vurmaqdır. Yəni Ermənistan bu tədbir vasitəsilə özünün işğalçı simasını gizlətməyə, sülh və əmin-amanlığa “sadiqliyini” nümayiş etdirməyə çalışacaq. Amma onların bu iyrənc niyyətləri baş tutmayacaq. Belə ki, son illər aparılan təbliğat nəticəsində artıq  həmin ölkələr də belə demək mümkündürsə, kimin kim olduğunun fərqindədirlər. Belə ki, bu təşkilatın üzvlərinin bir qismi Avropa Şurasında, digər bir qismi isə İslam Əməkdaşlıq Təşkilatında Dağlıq Qarabağın işğal faktını təsdiqləyiblər. Meksika, Bosniya və Herseqovina, Sloveniya Xocalıda baş vermiş qətliamı rəsmi şəkildə soyqırımı kimi tanıyıblar.

Bəzi ekspertlər isə belə qənaətə gəliblər ki, əli hər yerdən üzülmüş Nikol Paşinyan bu tədbirdən yararlanaraq Frankofoniya ölkələrindən olan biznesmenlərlə əlaqə yaratmağa çalışacaq ki, çətin iqtisadi duruma düşmüş ölkəsinə maliyyə dəstəyi ala bilsin. Amma bu da baş tutan deyil. Çünki beynəlxalq layihələrdən uzaqlaşdırılan, artıq vətəndaş müharibəsi ərəfəsində olan bu ölkəyə sərmayə qoymağı kimsə ağlına belə gətirməz.

Amma bir qədər fikirləşəndə belə bir fikir irəli sürmək olar ki, səfalət məngənəsində boğulan rəsmi İrəvan bu tədbirlə göstərmək istəyir ki, o, bu gün bir sıra beynəlxalq səviyyəli möhtəşəm tədbirlərə çox uğurla ev sahibliyi edən, dünyanın aparıcı ölkələri ilə normal siyasi, iqtisadi, mədəni münasibətlər quran və buna görə də dünyanın diqqət mərkəzində olan, inkişafının yüksək mərhələsinə çatan Azərbaycanla rəqabət apara, bununla  dünyanı özünə cəlb edə bilər. Bu da xam xəyaldan başqa bir şey deyil. Bu istiqamətdə heç bir təcrübəsi olmayan Ermənistan unudur ki, Azərbaycan bu imicə özünün sülhsevərliyi, tolerantlığı, multikulturalizmi və düşünülmüş siyasəti ilə nail olub. Odur ki, bu gün müstəqil siyasət aparan Azərbaycana bütün dövlətlər hörmətlə yanaşır, hətta bir sıra məsələlərdə onunla hesablaşırlar. Şübhəsiz, bütün bunları qəsbkar ölkə həzm edə bilmir. Odur ki, belə tədbirlərdən yararlanmaqla öz mövcudluğunu göstərməyə çalışır. Bu isə Ermənistanın saman çöpündən yapışmasından başqa bir şey deyil. Saman çöpündən yapışanların isə aqibətləri hər kəsə bəllidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”