Avropa Parlamenti kimin dəyirmanına su tökür?

0
23

Avropa Parlamentinin üzvü Eleni Teoxarus Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Özü də bu  onun “Dağlıq Qarabağ Respublikası” adı altında yaradılmış qondarma separatçı rejimin “at oynatdığı” Azərbaycanın bu bölgəsinə ilk səfəri deyil. Qanunsuz səfərləri ilə bağlı adının Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən qara siyahıya salınmasına, Azərbaycan Baş Prokurorluğu tərəfindən barəsində cinayət işi açılmasına baxmayaraq, Eleni Teoxarus növbəti səfəri ilə ermənilərə sadiqliyini bir daha nümayış etdirib. Ermənilər də onun bu “qəhrəmanlığını” cavabsız qoymayıblar. Belə ki, Ermənistan mətbuatının yazdığına görə, bu dəfə Xankəndinin “meri” Suren Qriqoryan ona  şəhərin “fəxri vətəndaşı” statusunu verib.

Siyasətçilər Eleni Teoxarusun bu səfərlərini Avropa Parlamenti üzvlüyündən sui-istifadə kimi dəyərləndirirlər. Çünki ermənilərin Dağlıq Qarabağ və ətraf rayonları işğal etməklə “öz müqəddəratlarını” təyin etdiklərini dilə gətirən və onlara “haqq qazandıran”,  2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan tərəfini imzalanmış atəşkəsə əməl etməməkdə günahlandıran, amma o zamandan indiyədək təmas xəttindəki erməni hərbi birləşmələrinin dəfələrlə atəşkəsi pozaraq mülki azərbaycanlıları öldürmələrindən bir kəlmə belə danışmayan, qondarma rejimi bundan sonra da Avropa Parlamentində dəstəkləyəcəyini deyən Eleni Teoxarus belə fikirləri ilə həm separatizmi təbliğ edir, həm də işğalçıya dəstək verir. Bununla da o,  Avropada erməni işğalını legitimləşdirməkdə canfəşanlıq göstərir. Özü də Avropa Parlamenti kimi ali bir qurumun adından istifadə etməklə…

Sual olunur: necə olur ki, Avropa Parlamentini təmsil edən, dar düşüncəyə malik  deputat heç bir səviyyədə tanınmayan separatçı rejimin “at oynatdığı” əraziyə  dəfələrlə səfər edir? Üstəlik,  Avropa Parlamentinin, həmçinin beynəlxalq hüququn prinsiplərinə zidd açıqlamalar verir? Məgər Eleni Teoxarus bilmirmi ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib? Məgər o, qondarma “Dağlıq Qarabağ Respublikası”na dəstək nümayiş etdirilməsinin ölkəmizin hüquqlarının pozulması demək olduğunu başa düşmürmü? Şübhəsiz, başa düşür. Amma bunu yadına salmaq belə istəmir. Bu isə o deməkdir ki, Eleni Teoxarus  mandatını gəzdirdiyi qurumun qəbul etdiyi qərarlara, qətnamələrə belə məhəl qoymur.

Amma nədənsə mənsub olduğu qurum onun bu səfərlərinə, separatizmi dəstəkləyən fikirlərinə heç bir reaksiya vermir. Bununla da sanki Eleni Teoxarusun fikirləri ilə bilvasitə razılaşdığını bildirmiş olur. Halbuki bütün bunlar Avropa dəyərlərindən, qanunun aliliyindən və insan hüquqlarından danışan Avropa Parlamentinin imicinə xələl gətirir. Nəticədə insanların Avropa dəyərlərinə inamı sarsılır. Görünür, Eleni Teoxarus qarşısına Avropa Parlamentini sarsıtmaq kimi bir məqsəd də qoyub.

Avropa Parlamentinin separatçılığı və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarusun səsləndirdiyi fikirlərini bir daha analiz edəndə onun erməni lobbisi qarşısında öhdəlik götürdüyü, onların əsirinə çevrildiyi də aydın görünür. Bu mənada erməni lobbisinin maliyyələşdirdiyi Eleni Teoxarus onların əlində bir siyasi alətə çevrilib. Şübhəsiz, alətə çevrilməsinin, daha doğrusu, ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağının müqabilində o da öz payını alır. Görünür, ixtisasca həkim olan bu qadın belə siyasi “cərrahiyyə əməliyyatları” ilə daha çox qazanır. Məhz alınan böyük miqdarda pullar və mütəmadi təlimatlar nəticəsində bütün Avropa dəyərləri onun yaddaşından silinir. Yəni götürdüyü qazanc ona ədalət, həqiqət, bir sözlə, insanlıq hissini, üstəlik deputatlıq məsuliyyətini unutdurur. Bu fakt həm də Avropa Parlamentində formalaşmış erməni lobbi qrupunun fəaliyyət göstərdiyindən də xəbər verir.

…Bu cür tiplər və onların havadarları Azərbaycanın haqq yoluna, haqq uğrunda aparılan mübarizəsinə mane ola bilməyəcəklər. Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğalı altında olan Dağlıq Qarabağın üzərində Azərbaycanın suverenliyi gec-tez tam şəkildə təmin olunacaq. Buna Eleni Teoxaruslar və onların havadarlarının əsla heç bir şübhəsi olmasın!

Qvami Məhəbbətoğlu, “İki sahil”