Zatulin kimilər Rusiya siyasətinin sözçüsü ola bilməzlər

0
13

Zatulin hər kəsin yaxşı tanıdığı ermənipərəst bir şəxsdir. Onun məqsədi isə Azərbaycana qarayaxmaqdır”.

Bu sözləri Publika.az-a politoloq Fikrət Sadıqov Konstantin Zatulinin Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi haqqında qərəzli bəyanatına münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycanın maraqlarına zidd fikirlər səsləndirmək üçün sifariş alan ermənipərəstlərin sayı az deyil:

“Bu ermənipərəst şəxs Azərbaycanın maraqlarına zidd fikirlər səsləndirib. Ümumiyyətlə, özünün qərəzli və subyektiv düşüncələri ilə Azərbaycanın ünvanına əsassız fikirlər demək, prosesləri öz prizmasından təsvir etmək onun əsas vəzifəsidir. Çünki o, uzun illərdir ki Ermənistana işləyir. Müxtəlif dairələrdə, eləcə də diasporanın maliyyə dairələrində çalışan biri olaraq onun söylədiklərinə təəccüblənmirəm. İndi ki, elədir, qoy, Zatulin siyasətimizə şübhə edirsə, yanlış olduğunu iddia etdiyi sənədləri götürsün və incələsin. Müqayisə eləsin və baxsın görsün, Dağlıq Qarabağda müharibə başlayarsa, Ermənistan məhv olar, yoxsa Azərbaycan? Qoy, Ermənistanın da hərbi vəziyyətinə baxsın, sonra da Azərbaycanın da bu gün sahib olduğu hərbi gücə, yüksək potensiallı orduya nəzər yetirsin. Bu gün Azərbaycan Ordusu ən son müasir hərbi texnika ilə təmin olunub. Bütün bunları müqayisə etsin, ondan sonra yenidən fikirlərini səsləndirər, əgər buna cəsarəti çatsa. Ermənistan hazırda ikili oyunlar oynayır. Qərbə doğru addımlar atır, qərbyönümlü bəyanatlar verir. Bu, isə Rusiyanı kifayət qədər qıcıqlandırır. Rusiya bu vəziyyətdən o qədər də razı deyil. Zatulin elə bilməsin ki, Rusiyanın sərt reaksiya göstərməməsi baş verənlərdən razı qalması anlamına gəlir. Ona görə də mən əminəm ki, Zatulin kimi bu fikirdə olan şəxslərin sayı olduqca azdır. Onların bu cür subyektiv fikirləri isə heç vaxt Rusiyanın rəsmi dairələrinin mövqeyini əks etdirə bilməz. Onlar Rusiya siyasətinin sözçüsü ola bilməzlər”.

Qeyd edək ki, Zatulin və onun kimiləri erməni lobbisinin sifarişi və təlimatı əsasında Rusiya ilə Azərbaycan arasında formalaşmış strateji tərəfdaşlıq münadibətlərini pozmağa cəhd göstərirlər.