“Zirə” və “Səbail” qalib gəldi

0
26

Oktyabrın 5-də Topaz Premyer Liqasının 7-ci turuna start verilib. Turun ilk oyunu “Dalğa Arena”da keçirilib. Ötən mövsümün gümüş mükafatçısı “Qəbələ” klubu “Zirə”nin qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə hesab açılmayıb.

Fasilədən sonra oyunun favoriti sayılan “Qəbələ” klubu rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, bunu qola çevirə bilməyib. Oyunun taleyini matçın 85-ci dəqiqəsində “Zirə” klubunun futbolçusu Miloş Rodivojeviç vurduğu qol həll edib. Beləliklə, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar indiyədək çempionatda 12 dəfə qarşılaşıblar. Oyunlardan üçündə “Zirə”, dördündə isə “Qəbələ” qalib gəlib, beş oyun isə heç-heçə yekunlaşıb.

Qeyd edək ki, “Qəbələ” klubu Topaz Premyer Liqasında beş oyundur qalib gələ bilmir.

Turun digər görüşü “Bayıl Arena”da keçirilib. “Səbail” klubu “Sumqayıt” komandasını qəbul edib. Görüş 2:0 hesabı ilə paytaxt təmsilçisinin xeyrinə başa çatıb. Meydan sahiblərinin heyətində Kamal Qurbanov və Fəhmin Muradbəyli fərqləniblər.

Günün son oyununda “Neftçi” və “Sabah” komandaları qarşılaşırlar. Hazırda “Neftçi” 1:0 hesabı ilə irəlidədir.

Bu turda keçirilməli olan “Keşlə” – “Qarabağ” matçı Ağdam komandasının UEFA Avropa Liqasında oyunu ilə əlaqədar oktyabrın 31-nə təxirə salınıb.