Flora və faunanın bütün növlərinin dörddə bir hissəsini məhv olmaq təhlükəsi gözləyir

0
21

Ümumdünya Heyvanlar Günü (World Animal Day) və ya Ümumdünya Heyvanların Müdafiəsi Günü hər il oktyabrın 4-də bütün dünyada qeyd edilir.

Bəşəriyyətin diqqətini planetin qalan sakinlərinin problemlərinə yönəltmək məqsədi güdən Ümumdünya Heyvanların Müdafiəsi Günü təbiətin qorunması hərəkatının tərəfdarlarının 1931-ci ildə Florensiyada (İtaliya) keçirilmiş Beynəlxalq konqresində təsis edilib.

4 oktyabr tarixinin seçilməsi onunla bağlıdır ki, həmin gün heyvanların himayəçisi hesab edilən katolik keşiş Fransıske Assizskinin (1181/1182 — 1226) xatirə günü kimi məşhurdur. Hər il oktyabrın 4-də və ya bu tarixə yaxın günlərin birində əksər ölkələrin kilsələrində Ümumdünya Heyvanlar Gününə həsr edilmiş ibadət mərasimləri keçirilir. Dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən heyvanları müdafiə cəmiyyətləri hər il Ümumdünya Heyvanlar Gününə həsr edilmiş müxtəlif kütləvi tədbirlər və aksiyalar təşkil edirlər.

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) məlumatına görə, hər saat Yer kürəsində heyvanların üç növü, hər gün planetin bitki aləminin və faunasının 70 növü yox olur, bitki aləminin və faunanın bütün növlərinin dörddə bir hissəsini yaxın vaxtlarda məhv olmaq təhlükəsi gözləyir. Son iyirmi beş ildə Yer kürəsinin bioloji müxtəlifliyi üçdə bir hissə qədər azalıb.

Ümumdünya Heyvanlar Gününün təsis edilməsinin məqsədi budur ki, beynəlxalq ictimaiyyət ətraf mühitin qorunmasına ehtiyac olmasını dərk etsin, heyvanların müdafiəsi sahəsində fəallıq artsın. Son illərdə dünyanın 60-dan çox ölkəsində Ümumdünya Heyvanlar Gününə həsr edilmiş tədbirlər keçirilir. Bütün dünyada könüllülər və ekoloji təşkilatlar insanların diqqətini heyvanlara amansız münasibət problemlərinə cəlb etməyə çalışırlar. Heyvanların müdafiəsi hərəkatının fəalları heyvan kəsilən müəssisələrdə müzakirələr aparır, fləşmoblar keçirirlər. Ekoloqlar bizi dördayaqlı dostlarımıza humanist münasibət bəsləməyə çağırırlar. Maarifçilik tədbirləri həyata keçirilir: heyvanlar haqqında, kinoloqların və baytarların işi haqqında filmlər nümayiş etdirilir.

Qərbi Avropa ölkələrinin çoxunda belə hesab edilir ki, ev heyvanları — ailənin bir hissəsidir və ailənin başqa üzvləri kimi, onların da hüquqları var. Bricit Bardo, Leonardo Di Kaprio kimi dünyaca məşhur “ulduz”ların çoxu heyvanların haqlarının müdafiəsi işində fəal iştirak edir, onlara münasibət bəsləməyə çağırırlar.