Belə tədbirlər ordumuzun yeni silahlarla təchizatına mühüm təsir göstərir

0
21

“Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə  keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq Müdafiə sərgisi uğurla başa çatıb. Beynəlxalq nümayəndə heyətlərinin və xarici şirkətlərin bu sərgiyə böyük maraq göstərməsi Azərbaycanın həm mühüm strateji tərəfdaş, həm də regionda etibarlı əlaqələrin rəmzi kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq edib”. Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov söylədi.

Ü.Cəfərov bildirdi ki, “ADEX-2018” bir neçə nüansı ilə onun diqqətini cəlb edib: “Bəri başdan deyim ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi iki ildən bir keçirilən “ADEX” sərgilərində nümayiş etdirdiyi silah, sursat və digər müdafiə təyinatlı məhsulların çeşidini hər dəfə artırır. Hərbi texnika ekspozisiyalarından ibarət bu sərgidə nazirlik 270-dən artıq məmulatı nümayiş etdirdi. Ölkəmizin nümayiş etdirdiyi yeni hərbi məmulatlardan biri snayper silahı idi. Bu silahın ənənəvi snayper tüfənglərindən fərqi odur ki, patron deyil, mərmi atır. Silahın atdığı mərmi 6 kilometr uzağa gedir, 2 kilometri isə dəqiq vura bilir. Yaxın vaxtlarda bu silahın Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə veriləcəyi gözlənilir. Bu mənada ölkəmizin təqdim etdiyi yeni silah növləri məndə daha xoş ovqat oyatdı. Elə bu faktın özü hərbi qüdrətimizin ildən-ilə güclənməsinin, həmin sahədə yeni axtarışların davam etdirilməsinin bariz nümunəsidir.

İkincisi, sərgidə dünyanın 29 ölkəsi iştirak edirdi ki, onlardan da on biri – Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Belarus, Çin, Pakistan, İsrail, İran, Ukrayna və Serbiya milli pavilyonları ilə təmsil olunurdular. Bu amili onların sərgiyə nə qədər dəyər vermələrinin göstəricisi kimi xarakterizə etmək olar. Fikrimcə, həmin ölkələrin belə fəal iştirakı Azərbaycan dövlətinə olan maraqdan, strateji tərəfdaşlıqdan irəli gəlirdi. Digər tərəfdən, bu sərgi yeni əməkdaşlıqların qurulmasına vəsilə oldu ki, bunun da nəticələrini yaxın zamanlarda görəcəyik”.

O, həmçinin vurğuladı ki, “ADEX” sərgisi ölkənin müdafiə təyinatlı məhsul ixracının artmasına da müsbət təsir göstərəcək: “Sevindirici haldır ki, istehsal olunan məmulatlarımızdan döyüş sursatları, müasir atıcı  və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar və digər müdafiə təyinatlı məhsullar “Made in Azerbaijan” brendi ilə 10-dan çox ölkəyə ixrac olunur”.

“ADEX-2018”dən söz açan ehtiyatda olan polkovnik Şair Ramaldanov isə bildirdi ki, belə tədbirlər Azərbaycan Ordusunun yeni silahlarla təchizatına mühüm təsir göstərir: “Möhtərəm Prezidentimiz dəfələrlə bəyan edib ki, respublikamızın ərazi bütövlüyü təmin olunana qədər silahlanma prosesi davam edəcək. Bəli, bu gün Prezident, Ali Baş Komandan cənab İlham Əliyev ordu quruculuğunu, hərbi sahəni diqqət mərkəzində saxlayır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Ordusu Ermənistanın istənilən hərbi və strateji hədəflərini dəqiqliklə məhv etməyə qadirdir. Bu yerdə Aprel döyüşlərini xatırlamaq yerinə düşərdi. 2016-cı il aprelin əvvəllərində ordumuz Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini, Goranboy rayonunun, Tərtər rayonunun Madagiz kəndi istiqamətlərində bəzi mövqeləri düşməndən azad etməklə tarix yazmadımı? Möhtərəm Prezidentimizin bildirdiyi kimi, Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Mən hələ bu ilin uğurlu Günnüt əməliyyatını demirəm…”

Qvami Məhəbbətoğlu