Müstəqilliyimizin və dövlətçiliyimizin xilası günü

0
21

1993-cü ildə xalqın təkidli tələbi ilə dövlətimizin idarəçilik sükanı arxasına keçən ulu öndər Heydər Əliyev mövcudluğu real təhlükə qarşısında olan Azərbaycanı bir sıra xarici dövlətlərin, həmçinin bəzi yerli qüvvələrin maliyyə dəstəyi, diktəsi ilə hazırlanmış qəsdlərdən qorumuşdur. Məhz Ulu Öndərin sayəsində ölkəmiz dövlət müstəqilliyini qoruyub saxlaya bilmişdir.

Belə qəsdlərdən biri də 1994-cü ilin oktyabrda baş vermişdir. Həmin günlərdə ölkəmizdə silahlı dövlət çevrilişinə cəhd göstərilmişdi. Belə ki, oktyabrın 4-də Gəncədə Surət Hüseynovun tərəfdarlarından ibarət 300-ə yaxın silahlı  şəhər İcra Hakimiyyətinin binasını və başqa strateji obyektləri ələ keçirmişdi. Eyni zamanda, Bakıda iki hərbi hissənin əsgərləri silahlarını Prezident Sarayı, Ali Sovet və Müdafiə Nazirliyi binalarına tuşlayıb əmrə hazır vəziyyətdə dayanmışdılar.

Ulu Öndər həmişə olduğu kimi, bu hadisələrdə də xalqın köməyinə arxalandı. “Birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram” deyən Ümummilli Lider müstəqil dövlətimizi müdafiə etmək məqsədillə radio və televiziya ilə xalqa birbaşa müraciət etdi. Xalq həmin an onun səsinə səs verdi və oktyabrın 4-dən 5-nə keçən gecə yüz minlərlə paytaxt, eləcə də digər şəhərlərin, rayonların sakinləri Prezident Sarayı qarşısına toplaşdı. Xalqın Ulu Öndərin ətrafında mütəşəkkil bir formada toplaşdığını, daha doğrusu, “Xalq-Heydər Əliyev, Heydər Əliyev-Xalq” birliyinin parlaq təcəssümünü görən dövlət çevrilişi cəhdinin təşkilatçıları öz çirkin niyyətlərindən əl çəkdilər.

Oktyabrın 5-də Azadlıq meydanında bir milyona qədər insanın iştirakı ilə keçirilən izdihamlı ümumrespublika mitinqi isə  xalqla Ulu Öndərin həmrəyliyinin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bunu həm də Azərbaycan Prezidentinə xalqın nə qədər hörmət, ehtiram, sədaqət göstərdiyinin nümayişi kimi də xarakterizə etmək olar. Beləliklə, xalqa söykənən Ulu Öndər bircə güllə belə atılmadan qiyam və dövlət cevrilişi yolu ilə hakimiyyətə gəlmək istəyənlərin cəhdlərinin qarşısını öz müdrik siyasəti ilə almağa nail oldu. Ümummilli Liderin dövlətçiliyi müdafiə etmək məqsədilə atdığı addımlar, onun bu istiqamətdəki qətiyyəti dünyanın bir sıra ölkələrində də təqdir edildi.

10 iyun 1999-cu ildə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında Ulu Öndər o günlərdən söz açarkən demişdir: “Bəli, 1994-cü ilin oktyabrında burada hakimiyyəti silah gücü ilə, qanunsuz olaraq devirməyə çalışmışdılar. O vaxt da xalq bizi müdafiə etdi. Xalqın gücü qarşısında heç kəs dura bilməzdi. Bəziləri həmin o gecələr çox narahat idi, amma mən arxayın idim. Mən heç vaxt narahat deyildim. Arxayın idim ki, son məqamda mənim ən böyük silahım vardır. O silah da xalqın mənə, Azərbaycan Prezidentinə olan münasibətidir. Bunu da sübut etməyə ehtiyac yoxdur, artıq göründü”. Həmçinin bildirmişdir ki, məhz buna görə də biz 1994-cü ilin oktyabr hadisələrindən xilas ola bildik.

Sonrakı araşdırmalar göstərmişdir ki, 1994-cü ilin oktyabr hadisələri təkcə oktyabrın 4-də başlanmamışdı. Belə ki, 1994-cü ilin oktyabr hadisələri 1994-cü il sentyabrın 20-də dünyanın hegemon dövlətlərinin iştirakı ilə müasir Azərbaycanın tarixində və taleyində mühüm rol oynayan ilk böyük neft müqaviləsini – “Əsrin müqaviləsi”ni imzalayandan sonra, yəni sentyabrın 21-də başlanmışdı. Belə ki, sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin həbsxanasından 4 qatı cinayətkarı satqınlıq nəticəsində qaçıra bilmişdilər. Sentyabrın 29-da iki terror aktı olmuşdu: Milli Məclisin sədrinin müavini Afiyəddin Cəlilov və Xüsusi İdarənin rəisi, polkovnik Şəmsi Rəhimov qətlə yetirilmişdilər. Oktyabrın 2-də Azərbaycan Prokurorluğu bir qrup cinayətkar tərəfindən işğal edilmişdi. Bunun davamı olaraq oktyabrın 4-də Surət Hüseynovun rəhbərliyi ilə silahlı çevriliş cəhdi göstərilmişdi. Yəni bütün bunlar bir daha sübut etmişdir ki, 1994-cü ilin oktyabrındakı hadisələr çox-çox əvvəl hazırlanmışdı və bu, ilk növbədə, Azərbaycanın müstəqilliyinə, o cümlədən ümummilli lider Heydər Əliyevə qarşı yönəlmişdi. Çünki istər xaricdə, istər də daxildə olan bəzi  qüvvələr Ulu Öndərin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi uğurlu islahatları həzm edə bilmirdilər. Odur ki, onlar ölkəmizdə aranı qarışdırmaq üçün fürsət gözləyirdilər. Amma Ulu Öndərin nüfuzu, cəsarəti, siyasəti imkan vermədi ki, kimlərsə hakimiyyəti qanunsuz yollarla zəbt etsin. Odur ki, onların sonrakı niyyətləri də puça çıxmışdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”