Deputat Azərbaycanın turizm potensialından danışıb

0
14

“Bu gün turizm böyük gəlir, yeni iş yerləri, müasir infrastruktur, tarixi və mədəni abidələrin qorunması, milyonlarla insanın bir ölkə ilə, onun təcrübələri, nailiyyətləri ilə tanış olması, biliklərin artırılması və özünü inkişaf etdirmək anlamını daşıyır. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dünya iqtisadiyyatı ilə birbaşa əlaqə qurmağa başladı. Ölkəmizin iqtisadi və sosial sahədə həyata keçirtdiyi uğurlu və davamlı siyasət sayəsində Azərbaycanda yerli və xarici ölkə vətəndaşlarının sərfəli kapital qoyuluşu prosesində iştirakına lazımi şərait yaradıldı”. Bu fikirləri  Milli Məclisin Mədəniyyət komitəsinin sədr muavini, ölkəmizin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasındakı (QDİƏTPA) nümayəndə heyətinin üzvü Jalə Əliyeva bu qurumun Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 51-ci iclasında “Azərbaycanda turizmin inkişafı və gələcək perspektivləri” mövzusunda çıxış edərkən səsləndirib.

Azərbaycan Prezidentinin təsdiq etdiyi strateji yol xəritələrində ölkəmizdə postneft dövrü iqtisadiyyatın inkişafı üçün strateji istiqamətlərin müəyyən edildiyini, turizmin ölkənin prioritet sahələrindən birinə çevrildiyini, bu sahənin inkişafı üçün mühüm siyasi və iqtisadi qərarlar verildiyini vurğulayan Milli Məclisin deputatı həmçinin qeyd edib ki, turizmi təbliğ və təşviq etmək məqsədi ilə 2016-cı ildə Turizm Təşviq Milli Bürosu yaradılmışdır: “Cari ilin əvvəlində isə turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsinə cavabdeh olan Dövlət Turizm Agentliyi təşkil olunmuşdur. Son illərin göstəriciləri bunu deməyə əsas verir ki, bu sahə ölkəmizdə davamlı inkişaf edir, respublikamıza xarici turist axını gündən-günə artmaqdadır və turizm infrastrukturu güclənir. Hazırda turizm ölkə  iqtisadiyyatının qeyri-neft sektorunda  telekommunikasiya və kənd təsərrüfatı ilə eyni sırada gəlməkdədir”.

J.Əliyeva daha sonra bildirib ki, turizm sənayesini qanunlar çərçivəsində qorumaq, inkişaf etdirmək, yarana biləcək maneə və problemlərin qanuni yollarla həllinə nail olmaq məqsədi ilə 1999-cu ildə Azərbaycan Milli Məclisində “Turizm haqqında” Qanun qəbul edilmişdir: “Bu qanun son illərdə günümüzün tələblərinə və reallıqlarına uyğun olaraq çox mükəmməl şəkildə yenidən hazırlanmış və Azərbaycan parlamenti tərəfindən 2017-ci ildə qəbul edilmişdir. Həmin yeni qanun, turizm sektoru ilə bağlı bütün məsələləri əhatə etməklə yanaşı, bu sahənin balanslı şəkildə inkişaf etdirilməsinə və mövcud olan boşluqların aradan qaldırılmasına imkan yaradacaq”.

Jalə Əliyeva turizmin inkişafı baxımından beynəlxalq əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini də çıxışında xüsusi vurğulayıb: “Beynəlxalq turizm bazarına daxil olmaq, turizm sahəsində uğur qazanan ölkələrlə əlaqələr qurmaq və bu əlaqələri inkişaf etdirmək, beynəlxalq tendensiyaları nəzərdən keçirmək və təcrübə mübadiləsi aparmaq turizmin inkişafı üçün vacib amillərdir. Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatı və digər müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığın prioritetlərini artıq müəyyənləşdirmişdir  və bu istiqamətdə fəaliyyət davam etdirilir. Bu çərçivədə turizm sahəsində uğurlu olan 30-dan çox ölkə, o cümlədən QDİƏT-ə  üzv ölkələrdən 8-i ilə Azərbaycan Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişlər imzalanmışdır. Azərbaycan QDİƏT çərçivəsində əməkdaşlığa xüsusi önəm verir”.

Milli Məclisin deputatı bundan bir neçə gün əvvəl Bakıda keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Forumu haqqında da tədbir iştirakçılarına məlumat verib: “Rusiya Prezidentinin də qatıldığı Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev turizm mövzusuna diqqət yetirərək, bu yöndə müxtəlif ölkələrlə həyata keçirdiyimiz işbirliyini Rusiyanın timsalında belə izah etdi: “Turizm sahəsində Rusiya vətəndaşlarının Azərbaycana səfərlərinin əhəmiyyətli dərəcədə artdığını görürük. Son 9 ayda Azərbaycana təxminən 700 min rus gəlmişdir. Əminəm ki, bu rəqəm artacaq”. Bundan başqa, Forumda azərbaycanlı iş adamları tərəfindən Yessentuki şəhərində  sanatoriya-kurort şəhərciyinin, Jeleznovodskda mehmanxanalar kompleksinin tikildiyi vurğulandı, Xəzər dənizində ortaq dəniz səfərlərinin  inkişafı ilə bağlı perspektiv planlara da toxunuldu”.

Milli Məclisin deputatı çıxışını bu sözlərlə tamamlayıb: “Bir daha qeyd etmək istəyirəm ki, bir ölkədə turizmin inkişafı – həmin ölkənin mədəniyyətinin, tarixinin, coğrafiyasının, mənəviyyatının tanıdılması, büdcəsinin, iqtisadiyyatının möhkəmləndirilməsi, xalqların və millətlərin bir-birlərinə daha tez inteqrasiyası, qısacası bir ölkənin öz varlığını və mövcudluğunu dünyaya daha təsirli bir şəkildə isbat etməsi deməkdir. Atalar boş yerə deməmişlər: Çox oxuyan çox bilməz, çox gəzən çox bilər.”

Qvami Məhəbbətoğlu, “İki sahil