Aydın Mirzəzadə:”İnsanlar qaldırdıqları məsələlərin istiqamətini dəyişirlər”

0
84

Milli Məclisin deputatı Aydın Mirzəzadə Mingəçevirdə  növbəti dəfə seçiciləri ilə görüşüb. Qəbula  40-ə yaxın seçici gəlmişdi. Deputat əvvəlcə onlarla elə görüş otağının qarşısında görüşdü. İnsanlar qəbula böyük ümidlə gəldiklərini bildirdilər.

Hər kəsi qəbul edən millət vəkili bizə də qəbulla bağlı açıqlama verdi. Bildirdi ki, hələ ki 15 nəfərə yaxın adamı qəbul etmişəm,  müəyyən qədər də seçici gözləyir: ”Bildirim ki, bu dəfə müraciətlərin mövzusunda müəyyən qədər dəyişiklər var. Əvvəllər insanlar müalicəyə, pensiyaya və yaxud da işlə bağlı müraciət edirdilər. İndi belələrinin  sayı həddindən artıq azalıb. Sadəcə indi insanlar şəxsi xarakterli məsələlərlə müraciət edirlər. Qəbul etdiyim hər bir insana müvafiq izahat verildi, bir neçəsinin məsələsi ilə bağlı  istiqamət göstərildi, bir neçəsi ilə bağlı idarələrə zənglər olundu. Yəni ildən-ilə insanlar qaldırdıqları məsələlərin istiqamətini dəyişirlər. Bu da ondan irəli gəlir ki, son dövrlərdə iş yerlərinin sayı artıb, insanlar öz hüquqlarını daha yaxşı bilməyə başlayıblar. Onu da deyim ki, indi idarələrdə onlara qarşı bürokratik əngəllər də xeyli azalıb. Çox sevindirici haldır ki, insanlar bu və ya digər məsələ qaldıranda onunla bağlı məlumatlı olduqlarını və yaxud da hansısa bir məsələdə çətinlik çəkdiklərini də söyləyirlər”.

 

Milli Məclisin deputatı daha sonra bildirdi ki, o yalnız qəbul günlərində öz seçiciləri ilə görüşmür: “Seçicim mənə demək olar ki, günün  istənilən vaxtında zəng edir. Mən də onları məmuniyyətlə dinləyir və bəzi problemlərini  elə həmin gün həll etməyə çalışıram”.

Qeyd edək ki, millət vəkili iki gün Mingəçevirdə olacaq. Bu müddətdə o, İcra Hakimiyyəti rəhbərliyi, şəhərin müxtəlif idarə rəhbərləri ilə görüşəcək və Mingəçevirlə bağlı onlarla fikir mübadiləsi aparacaq.

Esmira Hidayətova, Mingəçevir