“Quba rayonunda almaya “cənnət” meyvəsi deyərlər”

0
19

Qubanın alma bağları üçün Fransadan gətirilmiş tinglər özünü doğruldub. Bu sortlar məhsuldarlığı ilə seçilir.

Rayonun Dəlləkli kəndində yerləşən “D-Fruits” MMC-nin nümayəndəsi Şahin Məmmədov bildirib ki, bu sortların ən üstün cəhəti tez bar verməsidir.

Şahin Məmmədov 10 ilə yaxındır ki, “D-Fruits” MMC-də işləyir. Təsərrüfatda alma bağları üçün tinglər Fransadan gətirilib. Çox məhsuldar sortlardır, artıq ikinci ildən bar verir. Təsərrüfatdakı bağlar avtomatik suvarma sistemi ilə təchiz edilib, suvarmada damcı sistemindən istifadə olunur.

Qubalı bağban bağlarda məhsul yığımı zamanı müasir texnologiyalardan istifadə edildiyini deyir: “Meyvə yığımı ən müasir texnologiya – kombayn vasitəsilə həyata keçirilir. Kombayn ilə yığıma bir qrup işçi cəlb olunur və ən müasir texnika vasitəsilə meyvələr tez, itkisiz və heç bir fiziki zədə almadan çeşidlənərək səbətlərə yığılır. Yığım avqust ayının 15-dən başlayaraq noyabrın 20-dək davam edir. Şirkətimizdə 1 hektar alma bağına 2 min 500-2 min 700 alma tingi əkilir, ancaq yerli sortlar əkildiyi təqdirdə 500 tingdən istifadə olunur. Xarici sortlardan bir ağacdan 20-30 kiloqram, bir hektardan isə 60-70 ton meyvə yığılır”.

Şahin Məmmədov fermerlərə bağlarda aqrotexniki qulluq qaydalarına dəqiq riayət etməyi məsləhət görür: “Fermerlərə məsləhət görərdim ki, alma bağlarında ən əsas budaqların bağlanmasına, budanmasına, bundan əlavə, suvarma və gübrənin verilməsinə daha çox diqqət yetirsinlər. Bu aqrotexniki şərtləri yerinə yetirməklə fermerlərimiz yüksək məhsul əldə edə bilərlər. Alma çox faydalı meyvədir, bizim Quba rayonunda almaya “cənnət” meyvəsi deyərlər”. azərtac