Sumqayıt Teatrı “Zülmətdə nur”la Bakıya gəlir

0
30

Bu yaxınlarda 50-ci teatr mövsümünə start verib, özünün yarım əsrlik yubileyini qeyd etməyə hazırlaşan Sumqayıt Dövlət Dram Teatrı bayram ərəfəsində – oktyabr ayının 8-də paytaxt tamaşaçıları ilə görüşə gələcək. Kollektiv Nizami Muradoğlunun “Zülmətdə nur” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində nümayiş etdirəcəkdir.

Azərbaycan Cümhuriyyətinin 100, H.Cavidin 135 və Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinə həsr olunmuş tamaşa görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavid ailəsinin faciəvi taleyindən bəhs edir. Səhnə əsərində habelə, məşhur Azərbaycan ziyalıları-dövrünün tanınmış şairləri Əhməd Cavad, Mikayıl Müşfiq və onların həyat yoldaşlarının repressiya illərində çəkdiyi əzablarla bağlı səhnələr də yer almışdır. Zamanın ağır durumuna, məhbus həyatının fiziki və mənəvi işgəncələrinə məruz qalan bu insanlar son ana qədər öz işıqlı ideyalarına sadiq qalırlar.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Firudin Məhərrəmov, musiqi tərtibatçısı Telman Qəniyev, məsləhətçisi Tağı Sadiqdir. Rolları Əməkdar artistlər İlahə Səfərova, İzaməddin Bağırov, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Habil Xanlarov, Oktay Mehdiyev, Sədaqət Nuriyeva, Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan Süleymanlı, Akif Mirzəyev, Dağlar Rüstəmov və b. ifa edirlər.