“Manqa başçısı Rəxşəndənin”nin taleyi

0
32

Görkəmli fırça ustası Mikayıl Abdullayevin yaradıcılığının davamlı tədqiqatçısı sənətşünas Nurəddin Həbibovun 1966-cı ildə işıq üzü görmüş “Azərbaycan sovet rəssamlığı” kitabında onun kənd həyatına bədii münasibətini şərh edərkən yazır: ”Əmək mövzusunu təsvir edərkən rəssamın diqqət mərkəzində bu və ya digər istehsalat prosesi deyil, onun mənəvi aləmi, düşüncələri durur. Sənətdə adi təsvirçiliyi inkar edən Abdullayev öz əsərlərində əmək mövzusunu bədii-obrazlı səpkidə ümumiləşdirməyə çalışır. “Masallı seriyası”na daxil olan tablolar buna gözəl misal ola bilər. Həmin tablolarda fədakar əməyinə görə şöhrət qazanan rəxşəndələrin, yaşıl tarlada fasilə zamanı söhbət edən rəfiqələrin, göyçək məktəbli qızların, çobanların canlı və məlahətli surətlərini görürük”.
Kitabda sənətşünasın ümumiləşdirilmiş halda dilə gətirdiyi “rəxşəndələr” ifadəsinin kimlərə ünvanlandığı açıqlanmasa da, bütövlükdə söhbətin rəssamın Masallıya səfəri zamanı rastlaşdığı əmək qabaqcıllarından getdiyi başa düşülür. N.Həbibovun bir-neçə il sonra çap olunan və rəssama həsr olunan “Mikayıl Abdullayev” (rus dilində) monoqrafiyasında isə yuxarıda adı çəkilən əmək qabaqcılının – Rəxşəndənin portreti haqqında söz açılır: “Rəssam Masallı rayonunun kolxozlarında, onların sahələrində olan Azərbaycanlı qadının rəngkarlıq obrazının yaradılması istiqamətində yeni çalarlar axtarır. Bu mənada onun yaratdığı manqa başçısı Rəxşəndənin portreti çöhrəsinin məlahətli-cazibəli təsvirinə, fərdi xarakterin real təqdimatına görə diqqət çəkir. Başını yüngülcə arxaya aparan əməkçinin xəyala daldığı hiss olunur. Onun çiyninə düşmüş saçaqlı ağ baş örtüyü ilə əhatələnmiş qalın qara saçları rəssam tərəfindən ustalıqla bədii görkəm almışdır. Portret azdetallı olsa da, xarakter daşıyıcılığına görə əhəmiyyətli görünür. Rəxşəndənin bu xəyalpərvər obrazında təkcə onun şəxsi yaşantıları ifadə olunmayıb. Belə ki, onun bədiiləşdirilmiş bu görüntüsü həm də bütün əməksevər kənd qadınlarının səciyyəvi hisslərini özündə əks etdirən portretdir”. Mikayıl Abdullayevin kifayət qədər zəngin olan yaradıcılığından ən müxtəlif peşə adamları keçsə də, manqa başçısı Rəxşəndənin 1955-ci ildə yaradılmış portretini 62 il sonra yada salmağımızın öz tarixçəsi var…
Belə ki, bu ilin yayında əslən Masallıdan olan rəssam Rakif İsmayılovla Azərbaycan təsviri sənət ustalarımızın Masallıya yaradıcılıq səfərləri, onların bu torpaqdan aldıqları təəssüratların ifadəsi olan əsərlər barəsində danışırdıq. Söhbət zamanı o, Xalq rəssamı Mikayıl Abdullayevin vaxtilə onun doğulduğu Şərəfə kəndində olduğunu dilə gətirdi. Əlavə etdi ki, rəssam özünün “Masallı seriyası”nın əksəriyyətinin süjetlərini onların kəndlərində müşahidə edib və sonra da yaddaqalan kompozisiyalara çevirib. Onun bu əsərlərin qəhrəmanlarının bəzilərinin hələ də həyatda olduqlarını söyləməsi istər-istəməz bu mövzuya marağımı artırdı. Mənim “Manqa başçısı Rəxşəndə də sağdır?” sualıma Rakifin müsbət cavab verməsi isə məni onunla görüşə tələsməyə məcbur etdi…
Bu ilin isti avqust günlərində Masallıya yola düşəndə jurnalist dostum Natiq Muxtarlı da mənimlə idi. Jurnalist marağı əslən Masallının Həsənli kəndindən olan jurnalisti də işindən-gücündən ayrılmağa, baş tutacaq bu maraqlı görüşə şahidlik etməyə həvəsləndirmişdi. Birlikdə Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Lətifə xanım Mövsümovanın yanına getdik. Gəlişimizin məqsədini ona bildirəndə çox sevindi. Rayon mərkəzindəki toplantıda iştirak edən Şərəfə kənd folklor evinin əməkdaşlarına bizə bələdçilik etməyi tapşırdı. Abad kənd yollarını arxada qoyub yaşıllıqlar içində “çimən” bir evə yaxınlaşdıq. Folklor evinin əməkdaşı Əsəd Seyfullayev evin həyət darvazasına tərəf baxan açıq pəncərəsindən küçəni seyr edən qadını göstərib dedi: “O pəncərənin qarşısında oturan Rəxşəndə xaladır!”. Evin qarşısından keçib taxta pillələrlə yuxarı qalxdıq… Mikayıl Abdullayevin qəhrəmanı eyvanda – açıq pəncərənin qaşısında qoyulmuş divanda oturmuşdu. Vaxtilə Şərəfənin ucsuz-bucaqsız meyvə-tərəvəz sahələrinin qəhrəmanı olan manqa başçısı Rəxşəndə Məmmədova indi təqaüdçü olaraq bizi qarşılayırdı. Zamanında bir yerdə qərar tuta bilməyən, coşğunluğu ilə kənddə ad çıxaran əmək qəhrəmanı ayağa qalxmağa çətinlik çəksə də, çöhrəsinü bürüyən işığı duymaq çətin deyildi. Ayağının xəstəliyi üzündən bizi elə kresloda salamladı. Hiss olunurdu ki, yanına gələnlər arasında tanımadığı adamların olması onun marağına səbəb olub. Yerbəyer olub, hal-əhval tutandan sonra mən “Manqa başçısı Rəxşəndənin portreti”nin telefonumun yaddaşına köçürdüyüm görüntüsünü ona göstərdim. O, isə dərhal “Bu mənəm! Mikayıl Abdullayev çəkib!” – dedi və kifayət qədər duyğulandı. Özü bunu hiss etdirməməyə çalışsa da, onun haldan-hala düşdüyü, təzadlı hisslərlə bələndiyi açıq görünürdü. Doğrudan da o, bizim gəlişimizdən və portret söhbətindən çox duyğulanmışdı. Çünki, telefonun kiçik ekranından baxan “manqa başçısı” onu altmış iki il sonraya – gəncliyinə qaytarmışdı.
Rəxşəndə xalanı başa düşmək çətin deyildi. Bir vaxtlar gündəlik işi ilə ətrafındakıları təəccübləndirməyə adət etmiş əmək qəhrəmanı üçün bu gün “təqaüdçü taxtı”ndan geriyə baxmaq, olub-keçənləri xatırlamaq çox ağrılı idi. Amma nə qədər çətin olsa da, zamanında əldə olunan uğurların qarşılığında qürurverici idi…

Telefondakı “gəncliyinə” baxa-baxa onun “Mikayıl müəllim yaxşı insan idi. Sağdırmı?” – deyə verdiyi suala mənim “Yox! On beş il qabaq dünyasını dəyişib” cavabım təbii ki, ürəyincə olmadı. Ondan bu portretin çap olunduğu kitabın onda olub-olmamasını soruşanda isə o, sakitcə “Yox” cavabını verdi. Mən də ona bu yaxınlarda “Xalqbank” tərəfindən Mikayıl Abdulayev haqqında yeni kitabın nəşr olunduğunu, “Manqa başçısı Rəxşəndənin portreti” əsərinin reproduksiyasının da orada yer aldığını bildirdim. Sonra da əlavə etdim ki, Bakıya qayıdandan sonra həmin kitabdan sizə göndərərəm.
Mənim üçün bu əsərin yaranma tarixinin incəliklərini bilmək çox maraqlı olduğundan, Rəxşəndə xaladan xəyalən həmin uzaq keçmişə qayıtmasını xahiş etdim. O dedi: ”Mikayıl Abdullayev o vaxt Şərəfəyə – Sabir adına tərəvəzçilik-südçülük sovxozuna tək gəlməmişdi. Dörd nəfər idilər. Rəssam Oqtay Sadıqzadə və Ağa Mehdiyev tikintisi başa çatmış müasir tipli kənd mədəniyyət evinin divar rəsmlərini çəkirdilər(Növbəti yazılarımızın birində bu tərtibat barəsində oxuculara məlumat verəcəyik). Azər adlı bir nəfər isə interyerin naxışlarla bəzədilməsi ilə məşğuldu. Onlarla gələn Mikayıl Abdullayevin əsas məqsədi kənd əməkçilərinin həyatından bəhs edən əsərlər çəkmək idi. Odur ki, o, kəndi dolaşır, onu maraqlandıran motivləri çəkirdi. Belə günlərin birində kolxoz sədri Qurbanqulu Ağababayev rəssamla birlikdə mənim çalışdığım tərəvəz sahəsinə gəldi. Qonağın əlində rəsm çəkmək üçün müxtəlif ləvazımatlar vardı. Sədr məni yanına çağırıb “Mikayıl müəllim Bakıdan gəlib. Azərbaycanın ən tanınmış rəssamlarındandır. O, qabaqcıl bir əməkçinin portretini çəkmək istəyir. Biz səni məsləhət bilmişik. Get bir az güzgülən, sonra gəl şəklini çəksin!” – dedi. Sədrin bu sözündən sonra etiraz etməyib “Onda gedim hazırlaşım!” cavabını verdim. Sədrin və mənim sözlərimi eşidən rəssam həyəcanla”Heç bir hazırlıq-zad lazım deyil! Mən onu elə beləcə, güzgüsüz-filansız çəkmək istəyirəm. Güzgülənmiş qadınlar Bakıda onsuz da çoxdur! – deyə etirazını bildirdi. Nə sədr, nə də mən onun sözünün qarşısında heç nə deyə bilmədik…
Az sonra rəssamın seçdiyi məkanda portretin çəkilişinə başlandı. Mikayıl müəllim məni yan tərəfdən çəkməyə qərar vermişdi. Odur ki, iş prosesində onun hərəkətlərini bütün incəliklərinə kimi izləyə bilmirdim. Amma hiss olunurdu ki, rəssam havanın isti olmasına baxmayaraq həvəslə işləyir. O, əsərin yaradılmasını maraqla seyr edən çoxsaylı tamaşaçılara da əhəmiyyət vermirdi. O, məni yandan çəksə də, hərdən qarşı tərəfə keçir, gözününün birini qıyaraq üz cizgilərimi çox diqqətlə nəzərdən keçirirdi. Belə baxışlarının birində mənə elə gəldi ki, o, mənə … göz “vurur” . Kənddə həm də “qırmızı adam” kimi tanındığımdan rəssamın bu cür baxışını dərhal tənqid atəşinə tutdum: “Mikayıl müəllim, mənə göz vurursunuz?”. Kənd qızından bunu gözləməyən rəssam dərhal and-aman eləyib “Siz nə danışırsınız? Göz-zad vurmuram! Sadəcə gözümün biri çox zəif gördüyü üçün onu iş prosesində tez-tez qıyıram” deyir. Onların bu qəfil yaranmış dialoquna ətrafdakıların hamısı gülüşür. Tamaşaçılardan birinin “Qızda üzə bax ey! sözlərinə isə rəssam da, elə Rəxşəndənin özü də doyunca gülür…
Az sonra əsər tamamlananda onun seyrçiləri qarşılarında gözəl bir portretin durduğunu gördülər. Doğrudan da əsər hər cür tərifə layiq idi. Bozumtul-mavi yerlikdə-fonda görüntüyə gətirilən manqa başçısının portretində lirizmə bələnmiş romantika bədii tutumuna görə gözoxşayandı. Bədii ümumiləşdirmələrin qabarıq duyulduğu portretin üz cizgilərində, tünd geyimində, xəyalpərvərlik duyulan duruşunda səmimilik hiss olunurdu. Fon-yerliyin, başın və geyimin daşıdığı təzadlı rəng tutumunun harmoniyasına nail olan rəssam, bütünlükdə şərəfli əməyi qürurdoğuruculuğa çevirməyi bacaran gənc qızın, bütünlükdə isə qurub-yaratmaq əzmli əmək adamının cəlbedici obrazını yaratmağa nail olmuşdu. Əlavə edək ki, “Manqa başçısı Rəxşəndənin portreti” rəssamın “Masallı seriyası”na daxil olan “Rəfiqələr”, “Uşağın ardınca”, “Masallı qızları”, “Sevinc” və “Masallı bazarı” tabloları XX əsr təsviri sənətimizi zənginləşdirən gözəl nümunələr kimi Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır…
Rəxşəndə xaladan əsərin yaranması ilə bağlı eşitdiyimiz əhvalat 62 il sonra bizi də güldürdü. Üstəlik Rəxşəndə xala öz növbəsində onu hələ də unuda bilmədiyi ötən günlərə qaytardığımıza görə bizə təşəkkürünü də bildirdi. Biz də qarşılıqlı olaraq bu maraqlı əhvalatla təsviri sənət tariximizin əbədiyyət qazanmış “Mikayıl Abdullayv səhifəsi”ni zənginləşdirdiyinə görə 81 yaşlı müsahibimizə minnətdarlığımızı ifadə etdik…
Baş tutan görüşün xoş təəssüratı altında Rəxşəndə xalanın evini tərk etdik. Gəldiyimiz yolla geri qayıdanda həyətin ortasında bir də dönüb indicə tərk etdiyimiz evə baxdım. Rəxşəndə xala həsrət dolu baxışlarla açıq pəncərədən bizim gedişimizi izləyirdi. Kol-kosdan quraşdırılmış qonşu hasarlarından keçmiş əmək qəhrəmanını ziyarətə gələn qonaqların kimliyi ilə maraqlananlar da az deyildi. Onların birinin əli ilə Rəxşəndə xaladan gələnlərin kimliyini soruşanda biz artıq darvazaya çatmışdıq. Amma zamanında Şərəfə kəndinə şərəf gətirən, onu şöhrətləndirən manqa başçısı Rəxşəndə Məmmədovanın hündürdən qonşusuna dediyi sözlər indi də qulaqlarımda səslənir: “Bakıdan gəliblər, Mikayıl Abdullayev göndərib!”. Qənaətimcə, o, yanılmamışdı. Belə ki, böyük sənətkar fiziki baxımdan aramızda olmasa da, yaratdığı sənət incilərində hifz olunan ruhu bizimlə idi. Odur ki, sənətkar onun qəhrəmanı Rəxşəndə xala üçün də sağ idi. Bizi də Masallıya – bu vaxta qədər üzünü görmədiyimiz Şərəfə kəndinə Mikayıl Abdullayev sənətinin gücü istiqamətləndirmişdi. Elə nəsillər arasında mənəvi körpünün möhkəmləndirlməsinə xidmət edən bu görüşün özü də Mikayıl Abdullayev sənətinin zamansızlığa qovuşmasının göstəricisi sayıla bilər…

Ziyadxan Əliyev
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru