Qadın sahibkarların sayı 30 faizə artıb.

0
19

Əvvəllər Azərbaycanda qadın sahibkarlar ümumilikdə 4 faiz təşkil edirdisə, son illər ərzində onların sayı 30 faizə qədər artıb.

alpaninfo.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Azərbaycan cəmiyyətində qadınların rolundan bəhs edən H.Hüseynova qeyd edib ki, Komitə bu rəqəmlərin artırılmasında maraqlıdır və ölkəmizdə qadın biznesinin inkişafı üçün böyük işlər görülür:

“Gələcəyimizin necə olması qadının savadından, sosial statusundan asılıdır. Bu gün qadınlar istəyir ki, ailəsi ilə, uşaqları ilə daha çox vaxt keçirsin. Halbuki biz hamımız qadınlarımızın bütün sahələrdə inkişafında, o cümlədən də təhsilli olmasında maraqlıyıq. Evdar qadındır, yaxud hansısa bizneslə məşğuldur, ya haradasa işləyir, fərqi yoxdur, qadın təhsilli olmalıdır. Qadın sahibkarların sayının artımı bu sahəyə maraqdan xəbər verir. Bu, öz-özünə olmur, buna dövlət dəstəyi göstərilir.

Cənab Prezidentin tapşırığına əsasən Azərbaycanda sahibkarlığın inkişafı üçün işlər həyata keçirilir. Bunun tərkib hissəsi olaraq, biz çalışırıq ki, qadın sahibkarların sayı da çoxalsın”.

H.Hüseynova deyib ki, bunun üçün resurs mərkəzləri yaranır:

“Onlara xüsusi treninqlər keçirilir. Qadınlar bilməlidir ki, sahibkarlıq fəaliyyətilə məşğul olan zaman hansı risklərlə, hansı problemlərlə rastlaşa bilərlər. Biz çox zaman görürük ki, qadınlarımızın çoxu qorxur, çəkinir. Amma biz onlara dəstək veririk, imkanlar yaradırıq. Hətta ilk addımlarında vəsaitlər də ayrılır ki, orta müəssisə aça bilsin. Bir problem var ki, biz istəyirik ki, bu işlər məişət formasında – gözəllik salonu, şirniyyat sexi səviyyəsində olmasın.

Biz istəyirik ki, qadınlarımız daha çox inkişaf etsinlər, informasiya texnologiyaları, inovasiyalar sahəsində özlərini təsdiq etsinlər. Bizim elə istedadlı balalarımız, qızlarımız var ki, beynəlxalq səviyyədə özlərinə imic qazanıblar. Ona görə də biz onların hamısına dəstək verərkən onlar inkişaf edirlər. Bu isə bizi çox sevindirir”.